4ce52ebd-44b2-4fbb-bba0-1626c2fcf783..jpg

Əli Əsədov IFC-nin regional vitse-prezidenti ilə görüşüb

Baxış sayı: 846 dəfə baxılıb.

Əli Əsədov IFC-nin regional vitse-prezidenti ilə görüşüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Baş nazir Əli Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa,
Latın Amerikası və Karib hövzəsi ölkələri üzrə regional vitse-prezidenti
Alfonso Qarsia Moranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabineti xəbər verir ki, görüşdə Azərbaycanın Dünya Bankı və Dünya
Bankı Qrupuna daxil olan qurumlarla əməkdaşlığa böyük önəm verdiyi bildirilib.
Bu baxımdan IFC ilə uzunmüddətli səmərəli tərəfdaşlığın önəmi vurğulanıb. Qeyd
edilib ki, ötən müddətdə Korporasiya Azərbaycanda müxtəlif sahələrdə
layihələrin həyata keçirilməsinə dəstək verib.

Hazırda Azərbaycan hökuməti üçün prioritet hesab edilən sahələrdə Dünya Bankı,
o cümlədən IFC ilə potensial layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər
müzakirə edilib. Diqqətə çatdırılıb ki, bu layihələr işğaldan azad edilmiş
ərazilərə Böyük Qayıdış, məşğulluğun artırılması, yaşıl şəhərlərin yaradılması,
Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi, “Bakı Gəmiqayırma Zavodu”
MMC-nin fəaliyyətinin genişləndirilməsi, külək enerjisi infrastrukturunun
tikintisi və digər istiqamətləri əhatə edə bilər.

Görüş zamanı Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi
istiqamətində görülən işlər barədə məlumat verilib. Ötən illərdə Azərbaycanın
aşağı gəlirli ölkədən yüksək gəlirli donor ölkəyə çevrildiyi bildirilib.
Vurğulanıb ki, 2021-ci ildən ölkəmiz Dünya Bankının donoru qismində iştirak
edir.

Qeyd edilib ki, ölkədə işgüzar mühitin yaxşılaşdırılması, haqsız rəqabətin
qarşısının alınması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün
məqsədyönlü tədbirlər görülür. Eyni zamanda qeyri-neft iqtisadiyyatının
inkişafının əsas prioritetlərdən biri olduğu vurğulandı. Bildirildi ki, aqrar
sektorda müxtəlif növ güzəşt və kredit mexanizmləri tətbiq edilir. Dövlət-özəl
tərəfdaşlığı mexanizmləri vasitəsilə özəl sektorun iqtisadi inkişafda rolunun
artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi diqqətə
çatdırılıb.

Bildirilib ki, rəqabətqabiliyyətli iqtisadiyyatın və kənd təsərrüfatının
inkişafı, həmçinin dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin təşviqi və
dəstəklənməsi IFC-nin Azərbaycan üzrə əsas fəaliyyət istiqamətlərini təşkil
edir və ölkəmiz müvafiq sahələrdə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

Eyni zamanda Azərbaycanın iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni
sistemli olaraq dəstəklədiyi, enerji səmərəliliyi istiqamətində ardıcıl
fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Azad edilmiş ərazilərdə həyata
keçirilən genişmiqyaslı bərpa işləri, o cümlədən yaşıl enerji zonasının,
ekoloji təmiz nəqliyyatın, ağıllı şəhər və kəndlərin yaradılması ilə bağlı
layihələr bunun bariz təzahürüdür. Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un
Azərbaycanda keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bərpa olunan
enerji mənbələrinə investisiyaların cəlb edilməsi, təmiz enerjiyə keçidin təmin
edilməsi Azərbaycanın enerji siyasətinin əsas prioritetləri sırasındadır və bu
istiqamətlərdə də səmərəli tərəfdaşlıq üçün yaxşı imkanlar mövcuddur.

Görüşdə Dünya Bankı, o cümlədən IFC ilə qarşılıqlı maraq doğuran bir sıra
sahələrdə potensial əməkdaşlıq layihələri nəzərdən keçirilib.

Source link