858dedec-0911-418a-a4b1-c0ebd92a521d..jpg

Elin Süleymanov COP29-un keçirilməsi barədə: “Bakının böyük təcrübəsi var”

Baxış sayı: 804 dəfə baxılıb.

Elin Süleymanov COP29-un keçirilməsi barədə: “Bakının böyük təcrübəsi var”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Avroviziya mahnı müsabiqəsi, eləcə də idman tədbirlərinə ev sahibliyi
etmək təcrübəsi var və o, COP-un artan tələblərinə cavab verə biləcək.

“Report” xəbər verir ki, bunu “Bloomberg”ə Azərbaycanın Böyük Britaniyadakı
səfiri Elin Süleymanov deyib.

Qeyd edək ki, “Climatechangenews” saytı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) Bakının ev sahibliyi
edəcəyini bildirib.

Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və
Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında bildirilib
ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına
(COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan
Respublikasının namizədliyini dəstəkləyir.

Elin Süleymanov bildirib ki, ölkəsinin ev sahibi kimi təklif olunması qonşu
Ermənistanla sülh danışıqlarında irəliləyişə nail olunmasından sonra mümkün
olub.

“Azərbaycan 20-ci əsrin ilk neft bumu zamanı birinci yerdə olub. Bu, enerji
inqilabının başlanğıcı idi və düşünürəm ki, Azərbaycan enerji keçidinə töhfə
verən böyük tədbirlərə ev sahibliyi edə bilər”, – o deyib.

E.Süleymanov həmçinin qeyd edib ki, ötən il Azərbaycan Qara dənizin dibi ilə
keçəcək və Rumıniya, Bolqarıstan və Macarıstan kimi ölkələri külək enerjisi ilə
təmin edəcək elektrik kabelinin çəkilməsi ilə bağlı saziş imzalayıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər
Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas
məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri
qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans
çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə
tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva
edən Kyoto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən
sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd
hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu
günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.

Source link