Əliyevin Almaniya səfəri: Genişlənən imkanlar, Çin “qütbü” – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Prezident İlham Əliyevin Almaniyaya səfəri üç istiqamətdə Azərbaycanın
strateji imkanlarını yüksəldir.
Birincisi, Azərbaycan noyabrda mötəbər COP29 tədbirinə ev sahibliyi edəcək ki,
bu da beynəlxalq siyasətdə yeni trend olan yaşıl enerji üzrə Bakının qiymətini
artıracaq.
İlham Əliyevin səfər zamanı Berlində keçirilən “15-ci Petersberq İqlim
Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində iştirakı, bəyanatları Bakının həmin
istiqamətdəki mövqelərini yerbəyər edir.
İkincisi, Azərbaycan Avropa İttifaqının üzvü olan Fransanın ambisiyalarını
Almaniya kartı ilə məharətlə vurur. Böyük ehtimalla Əliyev bunun epizodik bir
səhnələri deyil, uzunmüddətli hədəfləri əhatə etməsini danışıqlar masasında
qeyd edir.
Üçüncüsü, Almaniyanın Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı geostrateji
portfelə investisiya qoyması üçün bir xeyli imkanlar açılır.
Əliyevin Füzuli aeroportundan birbaşa Almaniyaya getməsi azad olunmuş
ərazilərdə təhlükəsizlik mühitinin investisiya üçün də böyük qarantiya olduğu
mesajını verir.
Beləliklə, İlham Əliyevin səfəri bir sıra məqsədləri aydınlaşdırır və həmin
məramlara Berlinin məsuliyyət dərəcəsi yüklənir.
Belə ki, Almaniya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına
münasibətdə neytral statuslu müşahidəçi potensialını qoruyub-saxlamalıdır.
Berlin bu tempini saxlasa, o, Bakı-İrəvan danışıqlarının vasitəçisi olmaq
roluna yiyələnə bilər. Bu isə Azərbaycan-Ermənistan gündəliyinə barmaq etmək
istəyən Fransanın avtomatik olaraq qərəzli vasitəçilik səylərinin üzərindən
xətt çəkəcək.
İlham Əliyevin Almaniyaya səfərini ən geniş baxış bucağı ilə izah etmək üçün
isə Berlinin geosiyasətinə də diqqət etmək faydalı olardı.
Almaniya hər nə qədər NATO üzvü olsa da, o, Rusiya-Ukrayna müharibəsi fonunda
Qərblə Moskvanın qızğın temperamenti arasında sıxılır.
Buna görə də Almaniya Avropa İttifaqında təhlükəsizlik çağırışlarına ən həssas
ölkələrdən biri olaraq qalmaqdadır. Berlin sıxışmamaq üçün alternativ bir qütbə
meyil edir – bu, Berlinin Çinlə əlaqədar siyasətində daha aydın nəzərə çarpır.
Almaniya indi Çinlə çoxşaxəli və intensiv xarakterli pozitiv əlaqələrdə
maraqlı görünür. Beləcə, Almaniya Avropa İttifaqının Çinlə olan rəqabət
səhnəsini ən səmərəli əməkdaşlıq sistemi ilə əvəzləməkdə maraqlıdır.
Berlinlə Pekin arasındakı bu təşəbbüslər Beynəlxalq Transxəzər Nəqliyyat
Dəhlizinə (Orta Dəhliz) iki ölkənin strateji diqqətini artırır.
Çindən başlayan, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə üzərindən Avropaya
uzanacaq bu nəqliyyat yoluna Almaniyanın sərmayələrindən kənarda qalmayacağı
göz önündə canlana bilər. Buna görə də İlham Əliyevin səfəri mahiyyət etibarı
ilə belə geniş radiusa da nəzər salmağı aktual edir.
Bu baxımdan söyləmək olar ki, Azərbaycan təhlükəsizlik çağırışları naminə bir
xeyli manevrə ehtiyac duyan Almaniyanın beynəlxalq siyasətdəki trayektoriyasını
izləyir.
Bu, beynəlxalq arenalarda, o cümlədən Avropa İttifaqı daxilində Almaniyanın
Azərbaycana siyasi dəstəyini artıran məqamlara gətirib çıxaracaq.
Almaniya isə Qafqazda yaranmış reallıqların iqtisadi blokunda özünün
indekslərini yüksəltməyin mənalı bir gedişat olacağını diqqətdə saxlayacaq.
Aqşin Kərimov