08b33526-617d-4d4f-8205-6dd18ee7f29c..jpg

Əliyevin xalqa müraciəti: Azərbaycanın təkliflər paketi regional müstəvidə – TƏHLİL

Baxış sayı: 815 dəfə baxılıb.

Əliyevin xalqa müraciəti: Azərbaycanın təkliflər paketi regional müstəvidə –
TƏHLİL

Prezident İlham Əliyevin Qarabağdakı antiterror tədbirlərinin yekunlarına dair
xalqa müraciətindəki detalların incəlikləri regionun perspektivi ilə bağlı
təsvirlər verir. İlham Əliyevin çıxışının preambulasında səsləndirdiyi bir
fikir Azərbaycan dövlətinin məqsəd və məramından irəli gələn vəzifələri
açıqlayır. Prezident bildirdi ki, Azərbaycan antiterror tədbirlərinin
başlanması və uğurla başa çatması nəticəsində öz suverenliyini bərpa edib.

Bu bəyanat bütün çıxışın leytmotivini təşkil edir, yəni o deməkdir ki,
regionda toqquşan maraqlara, Rusiya sülhməramlılarının müvəqqəti yerləşməsinə
baxmayaraq, Azərbaycan Qarabağdakı bütün nöqtələrdə mütləq suverenlik
iddiasının təminindən əl çəkmir və çəkməyəcək.

Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazilərinə müvəqqəti statusla
yerləşdiriləndə belə fikir var idi ki, rəsmi Bakı həmin ərazilərdə antiterror
əməliyyatları aparmaz. Ancaq Azərbaycan bir neçə dəfə həmin ərazilərdə
antiterror əməliyyatları aparıb, bu ilin sentyabrın 19-da başlanan antiterror
tədbirləri isə regional əhəmiyyətinə, xarakterinə görə daha miqyaslı xarakterdə
idi.

Azərbaycan Ordusunun budəfəki hərbi tədbirlərinin hərbi parametrlərindəki
keyfiyyəti ən üstün şəraitin yetişməsi şərtləri ilə izah etmək lazımdır. Burada
dörd məqam xüsusilə qabardılmalıdır:

1. Azərbaycan Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurdu. Bu, Qarabağa
Ermənistandan qanunsuz silah daşınmasının bloklanması demək idi.

2. Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qeyri-qanuni
birləşmələrə məxsus silahların, texnikaların yerdəyişməsi, dislokasiya yerləri
hərtərəfli şəkildə öyrənildi, çünki budəfəki güc tətbiqi geniş regional nəticə
yaradacaqdı.

3. Azərbaycan hava məkanı ilə qanunsuz silah daşımalarına heç bir halda icazə
verməzdi, bu əminlik Silahlı Qüvvələrin balansında olan ən müasir hava
hücumundan müdafiə sistemləri ilə daha da artırdı.

4. Azərbaycan mülki əhalini və mülki infrastrukturu hədəfə almadı, hərbi
hədəflərə qarşı yüksəkdəqiqlikli silahların tətbiqindən istifadəyə üstünlük
verilməsi də bunun bariz nümunəsi idi.

Göründüyü kimi, əvvəlcədən planlaşdırılan hərbi-strateji məqamlar Qarabağda
antiterror tədbirlərinin gedişatında mükəmməl şəkildə özünü büruzə verdi.
Azərbaycanın hərbi tətbiqlərinin real regional nəticələri haqqında fikirlərə
gəlincə, bu, separatizmin əzilməsi, məhvi, revanşizm dalğasının yaranmaması
üçün böyük əhəmiyyət kəsb edirdi. Çünki Prezident İlham Əliyevin müraciətdə
qeyd etdiyi kimi, Qarabağdakı əməliyyatın uğurlu gedişatı Ermənistan dövlətini
və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi
təşvişə salıb. Bu, onların revanşizmi üçün bir dənə də çıxış yeri qoymamaq
deməkdir – nə beynəlxalq dəstəyin praktiki əhəmiyyəti var, nə də hərbi baxımdan
əlçatan nəsə.

Bəli, nəticələr nə Brüsseldə, nə də Moskvada müzakirə olunur, antiterror
tədbirlərinin yekunları Azərbaycan şəhəri Yevlaxda masaya qoyulur, özü də heç
bir vasitəçi olmadan. Düzdür, sonrakı mərhələdə Azərbaycan-Ermənistan
danışıqlarında bir istiqamət kimi Qarabağ mövzusu yenə müzakirəyə çıxarılacaq,
lakin Bakının mütləq diktəsi və təzyiqi altında. Çünki Qarabağdakı açıq qalan
məsələlərin həlli xarici siyasətin kontekstindən çıxıb Azərbaycanın daxili işi
kimi xarakterlə bərkiyir, xüsusilə sonuncu antiterror tədbirlərinin nəticələri
ilə bunu aydın görmək mümkündür.

Nə Ermənistan, nə də Bakı ilə İrəvan arasındakı danışıqlarda vasitəçilik
edənlərin artıq Qarabağ məsələsini müzakirələrin predmeti etmək kimi potensialı
yoxdur. Hərçənd ki Rusiya sülhməramlı əməliyyatları ilə proseslərdə özünü
göstərməyə çalışa bilər və Qərb yenə nəzəri mülahizələrini yürüdə bilər.

Lakin bunun perspektiv təsiri yoxdur, çünki İlham Əliyev qeyd etdi ki, bölgədə
yeni vəziyyətin yaranması labüddür. Mühüm bəyanatdır, postmünaqişə dövrünün
reallıqlarına Azərbaycanın strateji maraqları kontekstində daha birinin əlavə
olunması regional vəziyyəti xeyli dəyişdirir.

Qarabağdakı xuntanın təslim olmasından sonra Azərbaycanın girə biləcəyi bütün
nöqtələrə qapılar açılır, İlham Əliyevin bəyanatında bu daha aydın səslənir.
Nəzər yetirək, Prezident İlham Əliyev “Qarabağ və Şərqi Zəngəzuru cənnətə
çevirəcəyik” fikrini antiterror tədbirlərinin yekunları kontekstində bir daha
təkrarladı və ona belə bir əlavə etdi:

“Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq,
Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur
və bu gün dönüş nöqtəsi idi”.

Kifayət qədər ciddi praktiki şəkilləndirməni təsvir edən bəyanatdır. Geniş
mənası belədir ki, Azərbaycan Rusiya sülhməramlı kontingentinin yerləşdiyi
ərazilərdə suverenliyini bərpa edəcək və qaranlıq məsələ qalmayacaq. Azərbaycan
Qarabağdakı bütün ərazilərin və Şərqi Zəngəzurun cənnətə çevrilməsi ideyalarını
ərazilərimizdə yaşayan ermənilərə reinteqrasiya formatının bir elementi kimi
təqdim edir. Bu, sülh və təhlükəsizlik üçün təklifdir. Yox, Azərbaycan bayrağı
altında yaşamağa qərar verəcəklərsə, onda İlham Əliyev ermənilərin
reinteqrasiya prosesi üçün mühüm paketi konseptual şəkildə belə açıqlayır:

– Azərbaycan müxtəlif sosial proqramlar icra etməyə hazırdır,

– Bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan
və gələcək inkişafa hesablanan təklifdir.

Kifayət qədər ciddi siqnallardır, özündə hərtərəfli sülh yanaşmasını ehtiva
edir, indi bu şansı ermənilər əldən versələr, onda yeni güc tətbiqinin legitim
hədəfinə çevrilməyə davam edəcəklər. İndi nə itaətsizliyin dövrüdür, nə də
başqa buna bənzər hərəkətlərin. Çünki Azərbaycan belə addımlara qarşı adekvat
tədbirlərini antiterror tədbirləri ilə göstərdi. Antiterror tədbirlərinin
digər, daha genişmiqyaslı regional nəticələri üçün də imkanlar yaranır.
Prezident İlham Əliyevin Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatdakı
(Azərbaycan, Gürcüstan, Ermənistan) səmərəli əməkdaşlıq qurulması təkliflərini
səsləndirməsi regionda sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik
düsturdur.

Əgər Ermənistan üçtərəfli modeldə iştirakdan qaçmasa, regional reallıqların
müşayiətində Azərbaycan, Gürcüstan və Ermənistan arasında təmaslar başlaya
bilər.

Source link