dcdd0728-09ce-4c1b-9593-2098ae55ba9c..jpg

Əliyevlə İraq prezidentinin danışıqları: Gizli nöqtələr, britaniyalı nazirin regiona gəlişi – TƏHLİL + FOTO

Baxış sayı: 659 dəfə baxılıb.

Əliyevlə İraq prezidentinin danışıqları: Gizli nöqtələr, britaniyalı nazirin
regiona gəlişi – TƏHLİL + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraq Prezidenti Əbdüllətif Camalın Azərbaycana səfər edərək Azərbaycan
Prezidentiİlham Əliyevlə görüşü ikitərəfli əlaqələri inkişaf etdirməyin
düsturlarını tapmaq və onu dəyişən regional konfiqurasiyanın arasında
mövqeləndirmək baxımından diqqətəlayiq idi.

Hər iki prezident mətbuata birgə bəyanat zamanı Azərbaycan-İraq
münasibətlərinin səmərəli dərinləşməsini özündə ehtiva edən formulu qarşılıqlı
iqtisadi əməkdaşlıq modeli qurmaq çağırışları ilə səsləndirdi.

Amma Əliyevlə Camalın görüşünün daha geniş regional gündəliyi əhatə edən
fazası da mövcuddur.

Niyə Fransa?

Əliyevin mətbuata birgə bəyanat zamanı Azərbaycan-Ermənistan münasibətlərindən
bəhs etməsi, Fransanın regionda gizli və ambisiyalı gündəlik qurmaq planlarını
qabartması Cənubi Qafqazla Yaxın Şərqin əlaqəli ola biləcək konteksti fonunda
əhəmiyyətlidir.

Bunun batinində duran motivləri təhlil etmək üçün Fransanın Cənubi Qafqaz və
Yaxın Şərqin İraq cinahındakı mövqelərini bir-birilə calaq etmək tendensiyasına
diqqət etmək lazımdır.

Yəqin ki, İlham Əliyev fikri Azərbaycanın İraqdakı iqtisadi iştirakında
Fransanın maneəyaradıcı səylərinə yönəldir. Yoxsa çox asanlıqla və ilkin
qənaətlə sual etmək olardı ki, Azərbaycan Prezidenti niyə məhz iraqlı
həmkarının yanında Fransa ilə əlaqədar bəyanat səsləndirir?

Mövzu üzrə daha da dərin qatlara enmək üçün Fransa ilə İraqın münasibətlər
sisteminə konseptual baxışla nəzər yetirmək ehtiyacı yaranır.

Öncəliklə bunu diqqətdən qaçırmayaq ki, Fransanın Yaxın Şərq regionu boyunca
maraqları Böyük Britaniya və ABŞ ikilisinin enerji tədarükündəki üstünlük
təşkil etdiyi məsələlərə ehtiyatla baxaraq şişir.

Fransa 1920-ci illərdən bəri İraqın neft hasilatında 25 faizlik paya malik
idi. Nəticədə, 1970-ci illərin sonunda İraq Fransanın özünün əsas ticarət,
hərbi və nüvə texnologiyası tərəfdaşına çevrildiyini yeganə istisna kimi təqdim
edib.

Fransa da bunun qarşılığı olaraq İran-İraq müharibəsi zamanı Bağdadı yüksək
texnoloji avadanlıqlarla silahlandırıb və onu Tehrana qarşı dəstəkləyib.

Amma Fransa 1990-cı ildə İraqın Küveyti işğal etməsinə qarşı ABŞ və Böyük
Britaniya koalisiyasına qoşuldu, bununla da Parislə Bağdad körpüsü dağılmağa
başladı. Bundan 13 il sonra -2003-cü ildə ABŞ, Böyük Britaniya və Fransa üçlü
ittifaqı İraqdakı müharibə nəticəsində dağıldı, çünki Parisin London və
Vaşinqtonla prinsiplərinin toqquşması yenidən baş qaldırmışdı.

Vəziyyət o yerə çatmışdı ki, o dövrdə Fransanın prezidenti olmuş Jak Şirakın
administrasiyası İraqın ABŞ tərəfindən işğalına etiraz etmişdi və Vaşinqtonun
birtərəfli gündəlik formalaşdırmaq cəhdinə qarşı müxalif mövqedə idi. Amma
bunun özü belə, Fransa ilə İraqın yenidən yaxınlaşmasını təmin etmədi.

Yaxın Şərqdə İŞİD terrorizmi səhnəyə çıxdıqda isə Fransa Yaxın Şərqdəki
mövcudluğunu daimi əsasa çevirmək üçün siyasi, hərbi və humanitar vasitələrlə
dəstək paketini xərclədi və bunun fonunda İraqla əməkdaşlığı canlandırdı.
Sonradan, 2020-ci ildə İraq Fransanın yardımından faydalanan dövlətlər arasında
ön sıralarda oldu.

Belə ki:

– 2017-21-ci illər arasında Fransanın İraqa yardımı 60 milyon avroya çatıb,

– 2019-cu ilə qədər iki ölkə arasında ticarət mübadiləsinin həcmi 1,3 milyard
dollar olub.

Deməli, Fransanın Yaxın Şərqdəki dirçəlişində İraqla münasibətlər alternativ
pəncərələrdən biridir və indi Parisin regionda artan ambisiyaları Azərbaycanın
İraqdakı maraqlarına qarşı stimullaşa bilər.

Azərbaycana bu baxımdan Fransanın İraqdakı ambisiyalarını təhlil etmək
əhəmiyyətlidir, burada təkcə iqtisadi əməkdaşlığa qarşı Parisin qura biləcəyi
oyunlardan bəhs oluna bilməz.

Çünki Fransanın İraqa doğru addımları Parisin Türkiyə əleyhinə şəbəkəsində
birləşdirici halqadır.

Fransa regional güc mərkəzi olan Türkiyənin İraqda dominantlıq etdiyi
bölgələrdə mövcudluğunu artırmaq cəhdlərini gizlətməkdən qaçmır.

Fransanın belə fürsətçi radarlar quraşdırması Bakı-Ankara strateji
müttəfiqliyinin regiondakı birgə maraqlarına qarşı qiymətləndirilir.

Mənim düşüncəmə əsasən, İlham Əliyevin iraqlı həmkarına Azərbaycan-Ermənistan
münasibətləri fonunda Fransa ilə bağlı mövqeyini çatdırması daha böyük bir
gündəliyin ortaya çıxardığı çağırışın qiymətləndirilməsidir.

Britaniyalı nazirin gəlişi

Yuxarıda Britaniya amilini və Fransanın Londonla rəqabətini havadan
fikirlərimizin arasına yerləşdirmədik.

Bir neçə mühüm məqam var ki, bunu diqqətdən kənarda saxlaya bilmərik. Bu ilin
iyulunda Londonda İraq və Britaniya rəsmiləri arasında ikigünlük strateji
dialoq keçirilmişdi. Böyük Britaniya müxtəlif sektorlarda Bağdadı dəstəkləmək
öhdəliklərini təkrarlayıb və təhlükəsizlik məsələlərində əməkdaşlığı artırmaq
barədə razılıq əldə olunub.

Hazırda Kürdüstan bölgəsi də daxil olmaqla İraq ərazilərində 1 400-ə yaxın
britaniyalı hərbi personal xidmət edir.

İndi keçid edək məsələnin Cənubi Qafqaz və İraq regionu ilə əlaqəsinə, burada
başqa bir məlumat əhəmiyyətli ipucu kimi qabarıqlaşır.

İraq prezidentindən sonra Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri
Leo Dokertinin Cənubi Qafqaz regionuna səfərinin başlayacağına dair rəsmi
məlumat yayıldı.

L.Dokerti regiona səfəri çərçivəsində Ermənistan, Gürcüstan və Azərbaycanda
olacaq.

Bu fikirdə xəta ehtimalı olsa da, mənə görə, ümumiyyətlə səfərlərin
ardıcıllığı strateji məntiq nöqteyi-nəzərindən təsadüfi deyil.

Böyük Britaniya Azərbaycanı artıq strateji tərəfdaş kimi nəzərdən keçirir və
bunu müttəfiqlik əlaqələrinə qədər irəlilətmək planını pərdəarxası danışıqların
predmetinə gətirir.

Buna görə də Britaniya nəinki Azərbaycanın Cənubi Qafqazdakı strateji
genişlənməsində, həmçinin Bakının İraqın iqtisadi mühitindəki perspektiv
investisiya portfelinin böyüməsində maraqlıdır…

Camal nəyə işarə edir?

Camal isə mətbuata bəyanat zamanı Yaxın Şərqin İsrail-Fələstin qanlı səhnəsi
barədə çıxış etdi, onun bu fonda Azərbaycanla İraqın gələcək qarşılıqlı
investisiyalarını ümumi qiymətləndirməsi maraq doğurur.

Burada təhlükəsizlik çağırışı da olmamış deyil, çünki İsrail-HƏMAS hərbi
qarşıdurması İraqın da sabitliyini, Bağdadın Qərblə münasibətlərində
irəliləyişlərini təhdid edir.

Təhlükəsizlik tədbirlərinin əhəmiyyətli fazasını təmin etmək isə iqtisadi
əməkdaşlığın dərinləşməsindən keçir, buna görə də Əliyevlə Camalın gələcək üçün
daha genişmiqyaslı yol xəritəsini müzakirə etdiyini söyləməyə əsas var.

Yaxın Şərqdə, o cümlədən İraqda təhlükəsizliklə əlaqədar həyəcanlara
baxmayaraq, ehtimalım budur ki, Azərbaycan həm özünün formalaşan regional
gündəliyi, həm də Türkiyə ilə strateji müttəfiqlikdən doğan maraqlarından irəli
gələrək İraqdakı aktivlik dərəcəsini qaldıracaq.

Aqşin Kərimov

Source link