8586bb0b-2530-48ae-b85d-d08a0b76c6ea..jpg

Əliyevlə Putinin müzakirə edəcəkləri məsələlərin əhatə dairəsi – TƏHLİL

Baxış sayı: 675 dəfə baxılıb.

Əliyevlə Putinin müzakirə edəcəkləri məsələlərin əhatə dairəsi – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri Azərbaycanın qazandığı iki
böyük nəticənin ardınca baş tutdu.

Birincisi, Azərbaycan öz ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya
sülhməramlı kontingentinin vaxtından əvvəl regionu tərk etməsinə nail oldu.

İkincisi, Azərbaycan Qazaxın Ermənistanın nəzarətində olan yeddi kəndindən
dördünün geri qaytarılmasını təmin etdi.

İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə bu hadisələrdən sonrakı
danışıqları regional reallıqlarda:

– Konseptual mənada Bakı ilə Moskvanın bir-birlərinin maraqlarını diqqətlə
nəzərə alaraq əlaqələrini daha da genişləndirməyi ehtiva edir;

– Detallı olaraq iki ölkənin təhlükəsizlik sferasındakı əməkdaşlığını,
iqtisadi-ticari həcmləri dərinləşdirməyi hədəf qoyur;

– Daha qlobal prizmadan yanaşdıqda, Şimal-Cənub Beynəlxalq Nəqliyyat
Dəhlizindəki yarımçıq qalan işlərin sürətləndirilməsinə baxışı özündə
cəmləşdirir.

Qeyd edilən üç istiqamət Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması
prosesi fonunda qiymətləndirilir.

Azərbaycan istəyir ki:

– Regional eskalasiya riski yaranmasın, Moskva ilə Qərb rəqabətini Bakı-İrəvan
gündəliyinə sirayət etdirməsin,

– Regionda Rusiya ilə gələcək əməkdaşlığın motivlərində Moskvanın hərbi
təmsilçilik istəkləri yaranmasın.

Kremlə gəlincə, o, maksimal şəkildə çalışır ki:

– Ukraynadakı müharibə səbəbi ilə qlobal təchizat marşrutlarında üzləşdiyi
problemləri Azərbaycanın iştirakı ilə həll etsin,

– Azərbaycanla İran arasında hərbi-siyasi gərginlik olmasın və tərəflər
diqqəti Şimal-Cənub Nəqliyyat Dəhlizinə kökləsinlər,

– Azərbaycan-Ermənistan sülh gündəliyində moderatorluğu yenidən qazanıb Qərbə
meydan oxumaq tərzini yeniləsin.

Ehtimal vermək olar ki, Moskva Azərbaycan və Ermənistan liderlərinin görüşünü
təşkil etməyə can atsın və Putin bunun üçün Əliyevə arqumentlər təqdim etsin.

Ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın belə bir təklif olarsa belə,
buna reaksiyası mənfi ola bilər. Azərbaycan üçün isə görüş yerinin elə də
əhəmiyyəti yoxdur, Bakı, sadəcə, tələb edir ki, onun strateji maraqları ilə
ziddiyyət təşkil edən məsələlər müzakirəyə çıxarılmasın.

Buna görə də Əliyev Putinlə danışıqlar zamanı Azərbaycanın regional geosiyasi
vəziyyətdə güclənən mövqelərini bir daha diqqətə çatdıra bilər. Bununla yanaşı,
Əliyev Azərbaycanla Ermənistan arasında ikitərəfli formatdakı danışıqların daha
məhsuldar nəticələnməsinin aktual olduğunu qeyd edə bilər.

Aqşin Kərimov

Source link