7a1bc7d0-833a-4fac-a1ec-ec2da74f8909..jpg

Elmar Məmmədyarovun atası II Fəxri Xiyabanda dəfn edilib – YENİLƏNİB/FOTO + VİDEO

Baxış sayı: 2. 795 dəfə baxılıb.

Elmar Məmmədyarovun atası II Fəxri Xiyabanda dəfn edilib – YENİLƏNİB/FOTO +
VİDEO

Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və
“Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və
texnologiyaları laboratoriyasının rəhbəri, akademik Məhərrəm Məmmədyarov II
Fəxri xiyabanda dəfn edilib.

Vida mərasimində AMEA Rəyasət Heyətinin üzvləri, çalışdığı Neft-Kimya
Prosesləri İnstitutunun kollektivi, Akademiyanın bir sıra elmi müəssisə və
təşkilatlarının rəhbərləri, elmi ictimaiyyətin nümayəndələri, eləcə də mərhum
alimin ailə üzvləri iştirak ediblər.

Alimin məzarı önünə Xarici İşlər Nazirliyinin rəhbərliyi və AMEA Rəyasət
Heyəti və Neft-Kimya Prosesləri İnstitutu adından əklillər düzülüb.

16:17

Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və
“Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və
texnologiyaları laboratoriyasının rəhbəri, akademik Məhərrəm Məmmədyarov 98
yaşında vəfat edib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.

Məhərrəm Məmmədyarov eyni zamanda sabiq xarici işlər naziri Elmar
Məmmədyarovun atasıdır.

Məmmədyarov Məhərrəm Əli oğlu 1924-cü il oktyabrın 17-də Culfa rayonunun Yaycı
kəndində anadan olmuşdur. 1932-ci ildə Yaycı kəndinin 7 illik məktəbinə daxil
olmuş və oranı 1939-cu ildə bitirmişdir. 1939-1941-ci illərdə Naxçıvan Pedaqoji
Texnikumunun tələbəsi olmuş, 1941-1942-ci illərdə Culfa rayonunda ibtidai sinif
müəllimi vəzifəsində çalışmışdır. 1943-1944-ci illərdə İkinci Dünya müharibəsi
cəbhələrində vuruşmuş, bir sıra orden və medallarla təltif olunmuşdur. O,
1944-cü ildə ağır yaralanmış, hospitalda müalicədən sonra ordu sıralarından
tərxis olunmuşdur.

M.Məmmədyarov 1949-cu ildə ali məktəbi bitirdikdən sonra Leninqrad
Kimya-Texnologiya İnstitutunun aspiranturasına qəbul olunmuş və 1953-cü ildə
“Formaldehidin, dəri kollageninin amin turşuları ilə qarşılıqlı əlaqəsi”
mövzusunda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Azərbaycan EA-nın
Kimya İnstitutunda elmi katib və baş elmi işçi vəzifələrində çalışmışdır.
1955-ci ildə o, Moskvaya, SSRİ EA-nın N.Zelinski adına Üzvi Kimya İnstitutuna
elmi ezamiyyətə göndərilmiş, orada SSRİ EA-nın müxbir üzvü M.F.Şostakovskinin
rəhbərliyi altında vinil efirlərinin sintezi və çevrilməsi sahəsində elmi
tədqiqatlar aparmışdır.

1959-cu ildə Yusif Məmmədəliyevin dəvəti ilə M.Məmmədyarov Bakıya qayıtmış və
Azərbaycan EA-nın Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) baş elmi işçi
vəzifəsində çalışmışdır.

60-cı illərdə texnikanın intensiv inkişafı, ilk növbədə hərbi sahədə olan
təlabat sürtkü materiallarına olan tələbləri daha da gücləndirmişdir. Qeyd
etmək lazımdır ki, o zamanlar neft yağları, bir çox hallarda, bu tələblərə
cavab vermədiyindən, kimyəvi sintez yolu ilə yeni sürtgü yağları növlərinin
yaradılması zərurəti ortaya çıxmışdı. Bununla əlaqədar olaraq, dünyanın bir çox
ölkələrində, o cümlədən keçmiş SSRİ-də yüksək keyfıyyətli sintetik yağların
alınması sahəsində intensiv tədqiqatlar aparılırdı və bunları nəzərə alaraq
Azərbaycan EA Y.H.Məmmədəliyev adına NKPİ-də 1969-cu ildə Sintetik yağların
kimyası və texnologiyası laboratoriyası təşkil olunmuş və üzvi kimya sahəsində
tanınan alim M.Məmmədyarov qeyd edilən laboratoriyaya rəhbər seçilmişdir. Həmin
ildən vəfatına kimi Neft-Kimya Prosesləri İnstitutunda Sintetik yağların sintez
və texnologiyaları laboratoriyasının rəhbəri işləmişdir.

1970-ci ildə “C2-C4 olefinlərinin yüksək temperaturda “qaynar təbəqə”li
xlorlaşdırılması reaksiyasının və alınmış xlorolefinlərin bəzi çevrilmələrinin
tədqiqi” mövzusunda dissertasiya işini müdafiə etmiş və “Neft-kimyası” ixtisası
üzrə kimya elmləri doktoru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi
adını almışdır. 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü
seçilmişdir.

Uzun illər ərzində aparılmış fundamental tədqiqatlar nəticəsində M.Məmmədyarov
tərəfindən istiqamətləndirilmiş sintez yolu ilə molekulun kimyəvi quruluşu,
fəza konformasiyası ilə onun reoloji xassələri arasındakı asılılıq nəzərə
alınmaqla 3 növ sintetik yağların əsası işlənib hazırlanmışdır. Bunlar
norbornen sırası efirləri, tsiklik neopoliolların efirləri və vitsinal dikarbon
turşularının efırlərindən ibarətdir ki, onlar da unikal aşağı temperatur –
reoloji xassələrə malikdirlər ki, bu da müasir və perspektiv xüsusi texnika
üçün çox vacibdir. Yeni sintetik yağlar bir sıra istismar parametrlərinə görə
xaricdə və keçmiş SSRİ-də istehsal olunan nümunəvi analoqlarından geri
qalmadığından, təklif olunan yağlar keçmiş SSRİ-nin bir sıra ixtisaslaşmış
mərkəzlərində (əsasən Moskva və Leninqrad) laboratoriya və stend sınaqlarından
müvəffəqiyyətlə keçmiş və yüksək temperatura davamlı plastik yağlayıcı kütlənin
dispers mühiti kimi və eləcə də vahid mühərrik – transmissiya yağlarına
kompozisiya kimi, yüksək təzyiq altında polietilen istehsalında işlənən xarici
“Ondina” yağını əvəz edən yağ kimi, zaman göstəricisi olan cihazlar üçün
effektiv yağlar kimi tövsiyə olunmuşdur.

Alim 1973-1979-cu illərdə Naxçıvan Elmi Mərkəzinin təşkilatçısı və rəhbəri
olmuşdur. Bu illər ərzində Muxtar Respublikanın təbii sərvətlərindən istifadə
yollarını müəyyən etmək sahəsində ciddi axtarışlar aparılmışdır.

Akademik M.Məmmədyarov tərəfindən elmi işçilərin, həmçinin aspirantların Bakı,
Moskva və Leninqrad şəhərlərinin aparıcı elmi müəssisələrinə ezam edilməsi
praktikası geniş tətbiq edilmiş, onlardan bir çoxu sonralar namizədlik və
doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişlər. Bütün bunlar ona
gətirib çıxarmışdır ki, 80-ci illərin sonlarında Naxçıvan Elmi Mərkəzi regional
əhəmiyyətli problemlərin fundamental və praktiki aspektləri ilə bağlı olan
məsələləri həll etməyə qabil olan yaradıcı bir kollektivə çevrilmişdir. Ən
mühüm nəticələr sırasına Darıdağ termal su mənbəyinin təbii karbon dioksid
qazından sənaye miqyasında istifadə texnologiyasının işlənib hazırlanmasını aid
etmək olar. Bu işə görə bir qrup müəlliflər, o cümlədən M.Məmmədyarov 1980-cı
ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.

Aparılan elmi işlərin səviyyəsi və region üçün praktiki əhəmiyyəti 1980-ci
ildə Muxtar Respublikada Elmlər Akademiyasının filialının yaranmasına əsas
vermişdir.

80-cı illərdə biotexnologiya elminin intensiv inkişafını və onun üzvi kimya
ilə bilavasitə əlaqəsini nəzərə alaraq Azərbaycan MEA Rəyasət Heyətinin qərarı
ilə 1981-ci ildə M.Məmmədyarov MEA-nın Mikrobiologiya bölməsinə (indiki
Mikrobiologiya İnstitutu) rəhbər təyin edilmiş, bu illər ərzində onun
rəhbərliyi altında neft mikrobiologiyası və biotexnologiyası, mikrob mənşəli
səthi-aktiv maddələrin alınması sahəsində bir çox mühüm nəticələr əldə
edilmişdir.

Alimin təşəbbüsü ilə sektorun tədqiqat istiqaməti, o vaxtlar respublikada
mikrobioloji sintez məhsulları istehsalının tamamilə olmadığı şəraitdə regional
əhəmiyyətli mikrobioloji məsələlərin həllinə yönəldilmişdir.

Neft mikrobiologiyası sahəsində M.Məmmədyarovun rəhbərliyi ilə ilk dəfə neft
laylarında mikrobioloji proseslərin modelləşdirilməsi həyata keçirilir ki, bu
da müəyyən qrup mikroorqanizmlərin metabolik prosesləri nəticəsində laylardan
neftin sıxışdırılmaqla, laylarda neftin hasilatını artırmaq üçün yeni yolların
axtarılıb tapılmasına gətirib çıxarır. Alınmış nəticə mədən şəraitində sınaqdan
keçirilmiş və “Azneft” İB tərəfindən tətbiq üçün qəbul edilmişdir. Bununla
yanaşı, Abşeronun neftlə çirklənmiş torpaqlarından ayrılmış aktiv ştammların
içərisində kultural məhlulların səthi gərilməsini 3 dəfə aşağı salan ştammlar
müəyyən edilmişdir ki, bu da həmin məhlullardan ağır neft qalıqlarını yumaq
üçün detergent kimi istifadə olunmasını təmin etmişdir.

Abşeronun neftlə çirklənmiş torpaqlarının biologiyasının tədqiqi akademik
M.Məmmədyarova torpaqların öz-özünü təmizləməsi prosesini intensivləşdirmək
məqsədilə mikroorqanizmlərin biogeokimyəvi fəaliyyətinin tənzimlənməsinin elmi
əsaslarının işlənib hazırlamasına imkan verdi. Onun tərəfindən neftlə
çirklənmiş torpaqların bərpası üçün təklif olunmuş üsul keçmiş SSRİ-nin Xalq
Təsərrüfatının Nailiyyətləri Sərgisinin gümüş və bürünc medalına layiq
görülmüşdür.

M.Məmmədyarov 1986-ci ildə Çexoslovakiyada keçirilən beynəlxalq sərgidə
müxtəlif fizioloji aktiv maddələrlə zəngin olan yem əlavələrinin alınmasının
tullantısız biotexnologiyasının yaradılmasına görə birinci dərəcəli diploma və
qızıl medala layiq görülmüşdür.

Aparılan elmi işlərin ölkəmiz üçün praktiki əhəmiyyətini nəzərə alaraq,
Azərbaycan Respublikası Nazirlər Kabineti 1994-cü ildə Mikrobiologiya bölməsinə
institut statusunun verilməsi haqda sərəncam verdi. Həmin ildə alternativ
müsabiqə əsasında aparılan seçkilərdə M.Ə.Məmmədyarov institutun ilk direktoru
vəzifəsinə seçilmişdir.

Alimin elmi tədqiqatlarının nəticələri 5 monoqrafıyada, 500-ə qədər elmi
məqalədə və 60-dan artıq ixtirada öz əksini tapmışdır. M.Məmmədyarov 6 elmlər
doktoru və 21 elmlər namizədi yetişdirmişdir.

Akademik M.Məmmədyarovun yaradıcılığında elmi-təşkilatçılıq fəaliyyəti
əhəmiyyətli yer tutur. O, 1975-1980-ci illərdə zərif üzvi sintez üzrə SSRİ
EA-nın Elmi Şurasının üzvü, 1975-1980-ci illərdə Naxçıvan MR üzrə “Bilik”
cəmiyyətinin sədri, ümumittifaq “Bilik” cəmiyyətinin təftiş komissiyasının
üzvü, respublika “Bilik” cəmiyyətinin kimya və biologiya elmlərinin təbliği
şöbəsinin sədr müavini, 1992-1993-cü illərdə “Neft kimyası” ixtisası üzrə
namizədlik və doktorluq elmi dərəcələrinin verilməsi üzrə Y.H.Məmmədəliyev
adına NKPİ-də İxtisaslaşmış Şuranın sədri (hazırda İxtisaslaşmış Şuranın
üzvüdür) vəzifələrində çalışmışdır.

M.Məmmədyarov dəfələrlə elmi məruzələrlə beynəlxalq, ümumittifaq və respublika
səviyyəli konfranslarda çıxış edərək, elmin müxtəlif sahələrinə – ümumi və
tətbiqi kimya, neft kimyası, kataliz, polimerlər, epoksid birləşmələri, ümumi
biotexnologiya, kimya və neftkimya biotexnologiyasına aid maraqlı məlumatlar
vermiş, ölkəmizi müxtəlif yığıncaqlarda, simpoziumlarda, qurultaylarda, Moskva,
Leninqrad, Kiyev, Minsk, Riqa, Tbilisi, Alma-Ata, Düşənbə, Daşkənd və s.
şəhərlərdə layiqincə təmsil etmişdir.

M.Məmmədyarov elmi-tədqiqat işləri ilə tanışlıq və təcrübə mübadiləsi məqsədi
ilə bir sıra xarici ölkələrdə (Rusiya, Misir, Çexoslovakiya, Rumıniya, Meksika,
Türkiyə, Fransa) elmi ezamiyyətdə olmuşdur.

Alim Azərbaycan SSR Dövlət Mükafatı Laureatı (1980), SSRİ Ali Soveti Rəyasət
Heyətinin qərarı ilə faşist-alman işğalçıları ilə mübarizədə göstərdikləri
cəsarət, möhkəmlik, şücaətə görə və 1941-1945-ci illərdə Böyük Vətən
müharibəsində sovet xalqının qələbəsinin 40 illiyi şərəfinə “I dərəcəli Vətən
Müharibəsi” ordeni (1985), ətraf mühitin qorunması və təbiətdən istifadə
problemləri sahəsində keçirilmiş baxış-müsabiqənin ən yaxşı işinin qalibi kimi
respublika elmi-iqtisadi cəmiyyətinin İdarə Heyətinin Fəxri fərmanı (1987),
“SSRİ-nın Silahlı Qüvvələrinin 70 ili” medalı (1988), Y.H.Məmmədəliyev adına
medal (1995), Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2005), İslam Ölkələri
İqtisadi Əməkdaşlıq Təşkilatının “Elm və texnologiya” mükafatı (2006),
Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adı (2009),
Y.H.Məmmədəliyev adına mükafat (2014), “Şərəf” ordeni (2014), “Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu” (2019) və digər mükafatlara layiq
görülmüşdür.

Azərbaycanda elmin inkişafında əvəzsiz xidmətləri olan görkəmli alimin
xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.


Source link