“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2018-ci il 3 mart tarixli sərəncamın icrasını təmin etmək məqsədilə elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb.
ÇıxışYolu.Com Nazirlər Kabinetinə istinadən xəbər verir ki, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının sxemi bu qərarın 1-19 nömrəli əlavələrinə uyğun olaraq təsdiqlənib.
Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu qərarın 1-2-ci, 5-6-cı və 8-19-cu əlavələrinə əsasən müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat, 3-4-cü və 7-ci əlavələrinə əsasən müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 40 manat məbləğində əlavələr ödəniləcək.
“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarı ləğv edilib (3-cü hissəsi istisna olmaqla).
Qeyd edək ki, qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.