Elmira Axundova: Əlillərə qulluq edənlərə əmək pensiyası verilsin

Elmira Axundova: Əlillərə qulluq edənlərə əmək pensiyası verilsin

Baxış sayı: 4. 547 dəfə baxılıb.

Elmira Axundova: Əlillərə qulluq edənlərə əmək pensiyası verilsin

Sosial sahə ən çətin və məsuliyyətli sahələrdəndir. Ona görə də bu sahədə yaranan problemlər, məncə, insan durduqca olacaq. Əsas odur ki, bu problemləri görəsən, düzgün qiymətləndirəsən və onların ədalətli həllinə səy göstərəsən.

Bu mənada, mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini, xüsusən cəmiyyətdə geniş rezonans doğuran yeni iş prinsiplərini, “DOST” kimi dəyərli layihələrin həyata keçirilməsini dəstəkləyir, Sahil Babayev və onun komandasına yeni uğurlar arzulayıram.

ÇıxışYolu.Com xəbər verir ki, bunu parlamentdə DSMF-nin büdcəsinin müzakirələrində millət vəkili Elmira Axundova deyib.

“Yenə də o fikrə qayıdıram ki, əhali ilə işləyən, pensiya, müavinətlər və sair ödənişlərə nəzarət edən insanların vəzifə maaşları daha yüksək olmalıdır, çünki hazırda adıçəkilən nazirliyin xüsusən də rayonlarda işləyən əməkdaşlarının məvacibləri 250-300 manat civarındadır: Bu da istər-istəməz neqativ hallara, yəni rüşvətxorluq, korrupsiyaya gətirə bilən bir amildir. Ona görə bu çətin sahələrdə işləyən insanların vəzifə maaşlarının əhəmiyyətli dərəcədə yüksəldilməsini istərdim ki, həmin sahəyə bilikli, kreativ, sağlam cavanların axını güclənsin. 

Şəhid pullarına da qayıtmaq istəyirəm. Hesab edirəm ki, ədalət prinsipini saxlayaraq, bütün şəhid ailələrinə prezidentin bu yardımı edilməlidir. Lakin bəzi vərəsələrin əvvəlki illərdə müəyyən məbləğdə sığorta pulları aldıqları halda, bu pullar hesablanmalı və inflyasiya nəzərə alınaraq 11 min manat məbləğindən çıxılmalıdır.

Məsələn, kimsə 10 il qabaq 100 dollar, ya da 50 min manat (denominasiyadan əvvəl) pul alıbsa, hazırda bu məbləğ təkrar hesablansın və ümumi məbləğdən çıxarılsın. Qalan vəsait vərəsəyə verilməlidir. Qoy, bu proses uzadılsın, kimsə bu pulları nisbətən gec alsın, lakin sosial ədalət prinsipi saxlanılaraq, ictimai narazılıq aradan qaldırılacaq.

Uşağın anadan olmasına görə birdəfəlik müavinət məsələsinə də yenidən qayıtmaq istərdim. Gördüyümüz kimi, bu müavinət 2018-ci ilin səviyyəsindədir, bu, bizi qətiyyən razı sala bilməz, çünki real tələbat o müavinətdən ən azı 10 dəfə çoxdur.

Təklif edərdim ki, ikinci, üçüncü və sonrakı doğuşa görə müavinətlər proqressiv şəkildə ödənilsin, yəni, birinci uşağa görə müavinət 100 manatdırsa, ikinci uşağa görə 200, üçüncü uşağa görə 300 olsun. Çünki statistikaya görə, respublikada doğum əvvəlki illərə nisbətən aşağı səviyyəyə düşüb və gənc ailələri stimullaşdırmaq lazımdır.

Son olaraq bir təklif də səsləndirmək istərdim. Söhbət ondan gedir ki, I qrup əlilə ailə üzvlərindən biləvasitə qulluq edən insanlara həm əmək stajı hesablansın, həm də onlar müəyyən məbləğdə, heç olmasa, yaşayış minimumu həddində məvacib ala bilsinlər. Çünki məlumdur ki, belə insanlar yalnız xəstənin qeydinə qalmalı olduğundan başqa işlə məşğul ola bilmirlər.

Əlil dünyasını dəyişəndə isə ona uzun illər fədakarcasına qulluq edən yoldaşı, bacısı ya anası maddi dəstəkdən tamamilə məhrum olurlar, yeni iş axtarmaq, işə çıxmaq çoxu üçün artıq gec olur”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com