Elmira Axundova: Sürücümlə müqavilə əsasında işləyirəm

Elmira Axundova: Sürücümlə müqavilə əsasında işləyirəm

Baxış sayı: 2. 188 dəfə baxılıb.

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin mayın 30-da keçirilən iclasında “Məşğulluq haqqında” (ikinci oxunuş) qanun layihəsi müzakirəyə çıxarılıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, adıçəkilən komitənin sədri Hadi Rəcəbli bildirib ki, bu sənədin hazırlanmasında məqsəd ölkədə məşğulluq probleminin həllinə, o cümlədən, sahibkarlığın inkişafına dəstək verməkdir.

Onun sözlərinə görə, ölkədə orta sahibkarlığın inkişafına nail olunmasa, məşğulluq problemi də öz həllini tam tapmayacaq:

“Orta sahibkarlığa dəstək verilməlidir ki, həm iqtisadiyyatımız inkişaf etsin, həm məşğulluqla bağlı məsələlər həllini tapsın. Bu qanunun hazırlanmasının əsas xəttini də bu məqam təşkil edir”.

MM Aparatının əməkdaşı Adil Vəliyev isə qanun layihəsinə yeni daxil edilən və cəmi üç maddədən ibarət olan fəsilin qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı fəsil olduğunu deyib. O bildirib ki, qeyri-formal məşğulluq məsələsi ortalıqda dayanır və onun hüquqi cəhətdən tənzimlənməsi zərurəti yaranıb.

A.Vəliyev qanun layihəsindən “hava nəqliyyatı” ifadəsinin də çıxarıldığını bildirib.

H.Rəcəbli də qanun layihəsinə belə bir fəsilin daxili edilməsinin əhəmiyyətli olduğunu söyləyib:

“Çünki uçot dəqiq aparılanda, sənədlər qaydasında olanda, sahibkarlar da daha rahat olurlar, ödəmələri vaxtlı-vaxtında edirlər. Yəni, bu fəsil bu məsələdə sahibkarlara böyük dəstək olacaq”.

Millət vəkili Elmira Axundova da qeyri-formal məşğulluq deyilərkən “qara bazar”da çalışanların nəzərdə tutulub-tutulmaması ilə maraqlanıb:

“Bu da, əsasən, tikinti sektorunda baş verir. Yəni, qeyri-formal məşğulluq elə burada özünü göstərir. Mənim özüm şəxsən sürücümlə müqavilə bağlamışam. Bəzən evimə gələn insanlardan da soruşuram ki, müqavilə bağlamısınızmı, cavab verirlər ki, xeyr. Deyirlər ki, axı, biz buna görə filan qədər pul, vergi ödəməliyik, biz bunu edə bilmərik və sairə.

Mən də deyirəm ki, bu pul dövlətin cibinə yox, elə sizin özünüzün cibinə qayıdacaq gələcəkdə. Yəni, bu məsələdə ciddi maarifləndirməyə ciddi ehtiyac var. İnsanlar kimliyindən asılı olmayaraq, vergisini, sığortasını ödəməlidir”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev millət vəkilinin fikirlərinin haqlı olduğunu deyib. 

“Bizdə bəzi insanlar nədənsə pensiya hüquqlarını düşünmək istəmirlər. Deyirlər ki,  heç bilmirik pensiya yaşına çatacağıq, ya yox. Bu, düzgün yanaşma deyil. İnsanlar pensiya hüquqları haqqında ciddi düşünməli və vergilərdən, sığorta ödəmələrindən yayınmamalıdırlar. Eyni zamanda, insanlar işə götürülərkən əmək müqaviləsi bağlamalı və qeydiyyata alınmalıdır. Bundan yayınmaya görə, hətta, 25 min manatadək cərimə nəzərdə tutulur. Amma çoxları bunu hələ də qəbul etmək istəmir”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com