061de4a3-94c0-4c1b-a04a-673546b9de6a..jpg

Elnur Abdullayev: “Laçında bahalıqdır”, “qalma xərcləri artırılıb” sözləri cəfəngiyyatdır” – FOTO

Baxış sayı: 647 dəfə baxılıb.

Elnur Abdullayev: “Laçında bahalıqdır”, “qalma xərcləri artırılıb” sözləri
cəfəngiyyatdır” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Laçında bahalıqdır”, “qalma xərcləri artırılıb”, “sadə çay verilmir” kimi
iddialar cəfəngiyyatdır”.

“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Parlament
Jurnalistləri Birliyinin (PJB) bir qrup üzvü ilə söhbətində “Laçın Abadlıq”
ASC-nin direktor müavini Elnur Abdullayev bildirib.

Onun sözlərinə görə, Laçında quruculuq-abadlıq işləri keçən ilin sentyabrında
başlayıb:

“İlk ayda Bakı Abadlıq Xidməti tərəfindən mobilizasiya, yerdəyişmə aparıldı.
Ümumi işlərə 2022-ci ilin oktyabr ayından başlanılıb. Səkkiz ay müddətində
şəhəri təhvil vermişik. Qışda sərt soyuğa baxmayaraq, çox operativ işlər gedib.
Azərbaycan Prezidentiİlham Əliyev mayın 28-də Laçına səfər etdi və 20 ailəyə
evlərinin açarını təqdim etdi. Növbəti aylarda da bu proses davam edəcək. Demək
olar ki, hər həftə köçümüz var. Hazırda Laçın şəhərində 346 ailə (1 326 nəfər)
köçüb. Zabux kəndinə bu gün növbəti köç baş verib və 121 ailə (475 nəfər)
gəlib. Toplam 467 ailə (1 801 nəfər) Laçına qayıdıb”.

Laçında 333 min metrə qədər kommunikasiya işləri aparılıb

O qeyd edib ki, işğaldan öncə Laçın şəhərində inzibati binalar istisna olmaqla
2 020 fərdi, 29 ümumi yaşayış evi olub:

“İşğal zamanı 2 020 evdən 1 500-ü dağıntılara məruz qalıb. Laçın şəhəri təhvil
verildikdən sonra dövlətin müəyyən qurumları tərəfindən inventarlaşma işləri
aparıldı. Bu zaman təxminən 500-ə yaxın fərdi yaşayış evi və inzibati bina
sağlam idi. Biz işə ilkin olaraq bunlardan başladıq. Sözügedən evlərin kimə aid
olması ilə bağlı araşdırma aparıb, siyahı hazırladıq. Minadan təmizləmə işləri
tam başa çatmadığına görə qismən yararlı evlərlə bağlı da işlərə başladıq.
Laçın şəhərində ümumilikdə 333 min metrə qədər kommunikasiya işləri aparılıb.

Biz relyeflə əlaqədar olaraq, ciddi çətinliklər yaşadıq. Magistral yolların
daha geniş olmasını nəzərdə tutmuşduq. Lakin qayalıq, sərt relyef, həm də bəzi
yerlərdə evlərə toxunmamaq üçün yolların genişləndirilməsi prosesini apara
bilmədik. Şəhərin ara küçələrindəki bütün yolları bərpa etməyə başladıq ki,
gələcəkdə sıxlıq yaşanmasın. Laçın kiçik ərazi olmasına baxmayaraq, artıq 60
kilometrə yaxın şəhərdaxili yollar çəkilib. Yeraltı magistral xətlərin hamısı
çəkilib. Elektrik, təbii qaz, su ilə bağlı heç bir problem yoxdur. Şəhər içməli
su ilə təmin olunub. Şəhər ərazisində doqquz su anbarı, üç yağış sularının
toplanma deposu, bir ədəd çirkab sularının təmizləmə qurğusu fəaliyyət
göstərir. Laçın şəhərinə Xırmanlar ərazisindən, dəniz səviyyəsindən 1 800 metr
hündürlükdən alternativ su kəməri istifadəyə verilib. Kəmər suyu təbii, bulaq
sularından çəkilib. Uzunluğu 8 900 metr olan kəmərin çəkilişində 20 min
kubmetrdən çox torpaq işləri görülüb. Kəmərin çəkilişini qısa müddətdə başa
çatdırdıq. Açılış mərasimi ulu öndərin 100 illiyinə – may ayının 10-na təsadüf
etdi.

Başqa bir məqsəd bu dağda olan ərazinin daim yaşıl saxlanmasıdır. Bütün
kommunikasiyalar tamamilə bitib. Noyabrın 7-də Laçın şəhəri və Zabux kəndinə
mavi qazın verilməsi təmin edilib. Qazın layihə konseptində Füzuli tərəfdən
Zəngilan istiqamətində qaz çəkilişi gözlənilirdi. İlkin olaraq 150 evdə qaz
birləşmələri işləri aparılıb. Evlərin birləşməsi prosesi artıq 300-ü keçib. Bu
da mərhələli şəkildə köçlə bağlıdır.

Laçında 712 obyekt üzərində tikinti-quruculuq işləri davam etdirilir. Onlardan
75-i qeyri-yaşayış, 628-i fərdi yaşayış, doqquzu ümumi yaşayış yeridir. Doqquz
ümumi yaşayış massivi 144 mənzildən ibarətdir. Laçının soyuq iqlimini nəzərə
alaraq, bütün evlərdə kombi istilik sistemi qurulub. Günəş şüalarının çox
olduğu yerlərdə dam örtüklərində elektrik panelləri quraşdırılıb. Bu da
alternativ enerji üçün istifadə olunur.

Digər yandan, Laçın şəhərinin özünü klassik xalq memarlıq üslubu var. Tikinti
işləri qaya daşları ilə aparılıb. Biz “Laçın olduğu kimi bərpa olunsun” deyə
göstəriş almışıq. Buna görə də maksimal olaraq xalq memarlıq üslubunu
qoruyub-saxlamağa çalışdıq. Buna da nail olduq. Laçın amfiteatr kimi olduğundan
biz klassik xalq memarlıq üslubu ilə yanaşı, Şərq-Qərb memarlıq üslubunu da
təyin etdik. Bu, təkrarçılığın olmaması, fərqlilik üçün vacib idi. Tikinti
işlərində standartlara uyğun materiallardan istifadə olundu. Müəyyən tarixi
gözəllikləri olan obyektləri biz qoruyub-saxlamağa xüsusi diqqət göstərdik.
Laçın şəhəri salınanda tikilən ilk obyektlərin hətta balaca bir hasarı
qalmışdısa, onu dolğu ilə bərkitdik. Bayraq meydanına getdikdə, bunun şahidi
olacaqsınız”.

Laçının mərkəzi küçəsi Bakının Nizami küçəsi kimi olacaq

E.Abdullayev vurğulayıb ki, Laçındakı Bayraq meydanı tamamilə fərqli düşünülüb:

“Bayraq meydanından baxdığımız ərazidə təxminən 22 evin olduğu yerdə açıq
havada İşğal muzeyi tikilir. Burada məqsəd erməni vandalizmini təsvir etməkdir.
Mərkəzi küçəni turistik ərazi kimi nəzərdə tutmuşuq. Burada nəqliyyat
vasitələrinin hərəkəti qadağan olunur. Belə demək mümkündürsə, bura Bakının
Nizami küçəsi kimi olacaq. Bu küçənin sağ və sol hissəsində tarixi tikililər
mövcuddur. Küçənin sonunda əvvəllər Laçın Mədəniyyət Mərkəzi yerləşirdi. İşğal
dövründə ermənilər onu dağıdıblar. Biz onun yerində yeni konsert mərkəzi
tikdik. Eləcə də teatr və gənclər mərkəzləri də inşa olunub. Bayraq meydanının
yerləşdiyi küçə ümummilli lider Heydər Əliyevin adını daşıyacaq”.

O məlumat verib ki, Laçındakı Konsert Mərkəzi 370 yerdən ibarətdir:

“Bu yerlərin 360-sı normal, dördü fiziki qüsurlu insanlar üçün nəzərdə
tutulub. Teatr Mərkəzi açıq, qapalı, eləcə də aktyorluq mərkəzi olmaqla
fəaliyyət göstərəcək. 1974-cü ildə Laçın şəhərində kinoteatr mərkəzi var idi.
Ermənilər işğal dövründə onu dağıtmış, bir hissəsində kiçik təsərrüfat
yaratmışdılar. O binaya baxış keçirəndə onun tam yararsız olduğunu gördük.
Lakin Laçın sakinlərinin nostalji hisslər yaşaya bilməsi üçün oranı bərpa
etməyi qərara aldıq. Mən deyərdim ki, kinoteatr Laçında olan tikililərin şah
əsəridir. 230 yerdən ibarət olan kinoteatr ən son texnologiyalarla təchiz
olunub. Bayraq Günü həmin teatrın açılışı oldu. Kinoteatr, Konsert Mərkəzi,
Gənclər Mərkəzi olan küçə Mədəniyyət küçəsi olacaq. Laçında yenilik olaraq 530
metrlik məsafədə tramvay xətti çəkmişik”.

“Laçın Abadlıq” ASC-nin direktor müavini söyləyib ki, rayonda artıq bir neçə
internet provayderi fəaliyyət göstərir:

“İnternetlə, eləcə də rabitə ilə bağlı heç bir problem yoxdur”.

46 müəssisə üzrə 1 169 vakansiya var, Laçın brendi yaradılacaq

O, əhalinin məşğulluq məsələsinin prioritet olduğunu vurğulayıb:

“Əhalinin sosial durumunun artırılması üzrə dövlət proqramına uyğun olaraq,
quruculuq işi başlayarkən öncə buna diqqət göstərmişik. Yanvar ayından
başlayaraq Laçın sakinləri ilə görüşlər keçirməyə başladıq. Laçın şəhərinin
yaxınlığındakı Zeyirdi kəndi ərazisində olan 52 ha ərazidə Aqrosənaye Parkı
inşa etdik. Parkda 46 müəssisəsinin fəaliyyət göstərməsi nəzərdə tutulur. 46
müəssisə üzrə 1 169 vakansiya mövcuddur. Biz artıq 430 nəfər Laçın sakinini işə
götürmüşük. Yeddi müəssisə fəaliyyətə başlayıb. Digər müəssisələr də öz
fəaliyyətlərinə yaxın vaxtlarda başlayacaq. Toplam istehsal sahəsi 4 800
kvadratmetr olan “Aydınoğlu” mebel fabriki artıq qurulub. Mebel fabrikinin
bütün texnologiyaları Türkiyə istehsalıdır və yeni standartlara cavab verir.
Burada 54 nəfər işləyir. Onlardan ikisi Laçın şəhər sakinidir. Bununla yanaşı,
ayaqqabı istehsalı, tekstil, efir yağlarının istehsalı, seleksiya, istixanalar
var. İstixanalarda nadir bitkilər yetişdirilir. Fəaliyyət göstərən istixana
komplekslərinin sayı 12-dir. Artıq bu istixanalarda məhsuldarlıq da var. Laçın
brendi yaradacağıq. Hələ ki, istixanalarda olan məhsullar Laçın sakinləri üçün
nəzərdə tutulur.

Məhsullara daxili bazarda artıq tələbat yaranıb. Biz bu il bal və digər
məhsulların istehsalına başlamışıq və qablaşdırmaya böyük əhəmiyyət vermişik.
Belə deyim ki, məhsulun qiyməti qabından ucuzdur. Çünki biz gələcəkdə dünyaya
çıxışı təmin etmək istəyirik. Bunun üçün marketinq işləri də aparılır.
İnsanları işlə təmin edərkən onları müəyyən kurslara cəlb edirik. Elə sahələr
var ki, onlar Laçında yoxdur. Neft-qaz sahəsini buna misal gətirmək olar.
Laçına köçən şəxslər burada müəyyən sahədə çalışıb, pul qazanmalıdırlar.
Vakansiyaları müəyyən etdikdən sonra insanlarla görüşür, kim hansı sahəni
istəyirsə, ona uyğun hazırlıq kursları keçirik. Darıkaha ərazisində peşəyönümlü
kurslar açmışıq. Laçında investisiya üçün qapılar açıqdır. Laçında qapalı və
açıq tipli yarmarkalar hazırlanıb. Burada sakinlər öz məhsullarını sata
bilirlər. Buraya ətraf ərazilərdən mallarını satmaq, yaxud alış-veriş üçün
gələnlərdən ötrü gecələmə yeri də var”.

“1 manatlıq çay içmək, eləcə də 20-30 manatlıq set götürmək olar”

E.Abdullayev “Laçında bahalıqdır”, “qalma xərcləri artırılıb”, “sadə çay
verilmir” kimi iddiaları cəfəngiyyat hesab edir:

“İstənilən halda hər bir insan öz istəyinə uyğun hərəkət edə bilər. Məsələn,
bəzi insanlar birmanatlıq çay içə bilərlər. Lakin insan da var ki, 20-30
manatlıq çay seti götürə bilər. Bunlar fərqli yanaşmalardır. Nəzərə almaq
lazımdır ki, bura Bakının mərkəzi deyil. Daşıma xərcləri var. Bunu nəzərə almaq
lazımdır. Ona görə də biz yerli istehsala önəm veririk. Artıq Laçında modul
tipli xəstəxana, 2 nömrəli məktəb, aptek, market fəaliyyət göstərir.
Məktəblərin servis avtobusları var. Ödənişsiz uşaqları evlərindən məktəbə və
geriyə aparırlar. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə elektron
xəritə üzərində ictimai nəqliyyatın marşrutları müəyyən edilib. Zabux kəndindən
Laçın şəhərinə, Laçın şəhər mərkəzindən Aqrosənaye Parkına, Darıkaha kəndindən
şəhərdaxili üç istiqamətdə marşrutlar artıq təyin olunub”.

“Qəbirdaşlarının şəkil və ad yerlərini boş saxladıq”

O xatırladıb ki, biri Darıkahada olmaqla ümumilikdə Laçın şəhərində dörd
qəbiristanlıq var:

“Məsələn, ən qədim qəbiristanlıqlardan biri Abdallar deyilən ərazidədir. Ancaq
bu gün orada beş-altı məzar ya var, ya yox. Orada vəziyyət elədir ki, hətta
insan sümüklərini görmək mümkündür. Digər məzarlıqları yabanı bitkilər
örtmüşdü. Burada abadlıq işlərinin aparılması planımızda olmasa da, humanist
addım atdıq. İnsanların qəbirləri ziyarət etməsini nəzərə alaraq yaşıllaşdırma
qrupumuz ərazidə təmizləmə işləri apardı. ANAMA bu işdə bizə kömək etdi. Biz bu
zaman dəhşətli faktlarla, vandalizmlə üzləşdik. Mərmər qəbirdaşları sökülüb
aparılıb, digər qəbirlər dağıdılıb. İnsanların gəlib dağıdılmış qəbirləri
görməsinin yaxşı hal olmadığını nəzərə alaraq, qəbirdaşlarının yenilənməsi
istiqamətində qərar aldıq. Şəhər qəbiristanlığında 264 məzar müəyyənləşdirə
bildik. 300 standart qəbirdaşı sifariş etdik. Onların böyük qismi quraşdırılıb.
Quruculuq-abadlıq işləri getdiyi, vətəndaşların portalla gəldikləri üçün
sakinlərin iştirakı olmadı. Müəyyən qalıqları məzarların yanında saxladıq ki,
insanlar gələndə tanıya bilsinlər. Qəbirdaşlarının şəkil və ad yerlərini boş
saxladıq”.

Direktor müavininin sözlərinə görə, Azərbaycanın güclü Ordusu var və ölkənin
sərhədləri möhkəmləndirilib:

“Bizim qarşı tərəfdən heç bir gözləntimiz və qorxumuz yoxdur. Siyasi baxımdan,
heç qarşı tərəfə düşmən kimi də baxmırıq”.

Laçında çoxmərtəbəli binalar olacaq

O deyib ki, Laçında tikinti işləri zamanı şəhərin Baş Planı üzrə hərəkət
edilir:

“Bölünmüş ərazilər var. Təbii ki, şəhərdə bir sıra çoxmərtəbəli binalar
olacaq. Laçın şəhəri 3 838 ailə 13 122 nəfərdən ibarətdir. Geri dönən
insanların sayını daha yüksək götürməyə çalışırıq. Şəhər 18 min insana
hesablanıb. Bu sayda insan 2040-ci ilə qədər olacaq. Qayıdış zamanı rəqəm 14
minə çata bilər. Çünki işğaldan əvvəl Laçın qeydiyyatı olub, lakin daha sonra
başqa rayonda qeydiyyata keçən şəxslər var”.

Onun sözlərinə görə, əsrlərlə qurulan şəhəri cəmi bir ilə bərpa etmək olmaz:

“Biz oktyabr ayında işə başlamışıq. İlk vaxtlarda burada işıq, qaz, su
olmayıb. Biz bu ofisdə metlaxın üstündə yatırdıq. Bura işğaldan yeni azad
olunduğu üçün normal ustaları tapıb gətirmək çox çətin idi. Laçınlıların öz
evləri ilə bağlı xatirələri var. Ən yüksək standartlı, müasir evləri tikib
həmin şəxslərə təqdim etsən, onlar yenə də köhnə pəncərələrini axtaracaqlar. Bu
gün evlərlə bağlı tələblər bitməz. Edilən müraciətləri də nəzərə alırıq.
“Haranı gördüm, ev tikim” söhbəti olmayıb. Fövqəladə Hallar Nazirliyinin
əməkdaşları tikintiyə, bərpaya yararlıdır rəyi verdikdən sonra işə başlamışıq.
Sosial şəbəkələrdə bəzi klaviatura qəhrəmanları var ki, gündəmdə qalmaq üçün
belə narazılıqlar olduğunu irəli sürürlər”.

Yeni Laçına 59 yeni mentalitet gələcək

E.Abdullayev məlumat verib ki, o vaxt laçınlılar işğalla əlaqədar olaraq
Azərbaycanın 59 digər rayonuna köçüblər:

“Orada müxtəlif qohumluq əlaqələri qurublar. Laçınlı ailələrin övladları yeni
bir mühitdə böyüyüblər. İstər-istəməz həmin ərazidə yaşayan toplumun
mentalitetini götürüblər. Yəni Laçına 59 yeni mentalitet gələcək. Bu, inkişaf
deməkdir. Biz laçınlılar olaraq ən böyük qayıdış mədəniyyəti nümayiş
etdirməliyik. İnsanların istəyinin bitməməsi normaldır”.

Direktor müavini bildirib ki, indiyədək köç edənlərdən tamamilə geri qayıdan
olmayıb:

“İşi ilə əlaqədar geri qayıdan insanlar var. Lakin onların ailələri Laçında
qalırlar. Bir neçə günlük işlə əlaqədar gedib, yenidən ailələrinin yanına
qayıdırlar. Dənizdə, neft-qaz sənayesində, dövlət müəssisələrində işləyənlər
var. Bütün dövlət qurumlarının hələ hamısının Laçında filialları yoxdur.
Məsələn, adam var ki, SOCAR-da işləyir və pensiyaya çıxmasına yeddi ay var. O,
yeddi aydan ötrü pensiyadan məhrum olmaq istəmir. Lakin tamamilə geri
qayıdanlar olmayıb”.

O, zəruri ərzaq məhsulları, dərmanların gətirilməsi ilə bağlı problemlərin
olmadığını qeyd edib:

“Artıq Laçında marketlər var. Kənd təsərrüfatı məhsullarının satış məntəqələri
var. Buraya hər şey gəlir”.

E.Abdullayev əlavə edib ki, şəhərə köçən ailələrin övladları dərhal dərsə
başlaya bilərlər:

“Elm və Təhsil Nazirliyi bu məsələni diqqətdə saxlayır. Məsələ elektron
səviyyədə olur. İnsanların övladlarının təhsil almasında problem yoxdur”.

“Mənim atam usta olub. Laçına ilk gələndə evlərin abadlıq işlərinə yanaşanda
atamın əl işlərini görürdüm. Bu, çox böyük psixoloji sarsıntıdır. Bir sakinimiz
vardı, ona açar təqdim ediləndən sonra oradan evinə qədər dayanmadan
ağlaya-ağlaya getdi. O evə girəndə görünüş onu maraqlandırmadı. Həyətində,
bağçasında hər hansı bir ağacı axtarıb tapmağa çalışdı. Çünki onunla xatirəsi
vardı”, – E.Abdullayev bildirib.

O, ata evinin salamat qaldığını əlavə edib:

“İlk dəfə şəhərə gələndə məktəbimizə getdim. Sadəcə, divarları qalmışdı.
Evimizə gedən yolda gözlədim. Orada məni nə gözlədiyini bildiyim üçün getmək
istədim. Səhər tezdən oraya yollandım”.

O sonda vurğulayıb ki, Laçın indi İsveç şəhərlərinə bənzəyir.

Source link