Elnur Məmmədli: “Bəzi çəkilərdə olimpiadaya kimin gedəcəyi dəqiq bilinmir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bəzi çəkilərdə olimpiadaya kimin gedəcəyi dəqiq bilinmir. Avropa və dünya
çempionatından sonra bu barədə yekun qərar veriləcək”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF)
vitse-prezidenti Elnur Məmmədli jurnalistlərə açıqlamasında deyib.
Federasiya rəsmisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa
çempionatına hazırlaşan cüdoçuların əhvali-ruhiyyələrinin yaxşı olduğunu
bildirib:
“10 gündən az vaxtımız qalıb. Yarışa tam heyətlə qatılacağıq. Kimdə hansısa
çatışmazlıq varsa, məşqçilər korpusu bunu aradan qaldırmağa çalışır. Əsas
hədəfimiz olimpiadadır. Cüdoçularımız Avropa və dünya çempionatlarına
gedəcəklər. Ötən illə müqayisədə bu dəfə onların yükünü azaltmayacağıq”.
Elnur Məmmədli milli üzvlərindən qitə birinciliyində uğurlu nəticələr
gözlədiklərini sözlərinə əlavə edib:
“Ötən il Avropa çempionatından iki qızıl medalla qayıtmışdıq. Həmin vaxt fəxri
kürsünün ən yüksək pilləsinə qalxan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev
(100 kq) hazırda reytinqdə müvafiq olaraq birinci və ikinci yerdədirlər.
Əlbəttə ki, digər ölkələrin cüdoçuları da bizə qarşı hazırlaşırlar. Buna
baxmayaraq, bütün idmançılarımız qitə birinciliyində öz məharətlərini
göstərəcəklər”.
Olimpiya çempionu 81 kq çəkidə çıxış edən Səid Mollayinin heyətə cəlb
olunmamasının səbəbini də açıqlayıb:
“Mollayi zədəlidir. Sağlamlığını bərpa etməsi üçün ona xüsusi proqram verilib.
Sağaldıqdan sonra yenidən heyətdə yer alacaq”.
Qeyd edək ki, aprelin 25-də startı veriləcək və üç gün davam edəcək Avropa
çempionatında Azərbaycan millisinin 9 çəki dərəsində 13 cüdoçusu mübarizə
aparacaq.