Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı
aktyorsan” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Tam səmimi deyirəm ki, çəkiliş meydançasında heç bir kapriz görmədim. Məni də
çox yaxşı qarşıladılar, təbii ki, bunun səbəbi Ozan Akbaba idi”.
Bu sözləri Teleqraf.com-a müsahibəsində aktyor Elşən Orucov deyib.
Müsahibəni təqdim edirik:
– Türkiyədə TRT kanalında yayımlanacaq “Çıraq” serialına çəkilirsiniz.
Çəkilişlər haqqında məlumat verməyinizi istərdik.
– Çəkilişlərin təxminən yarısı bitib. Yenidən Türkiyəyə gedirəm. Çəkiliş 66
gün olmalıdır, hazırda 30-cu gündür. Serial on bölümdən ibarətdir, mən dördündə
çəkilirəm. Yəqin ki, ekran işi sentyabrda yayımlanacaq. Beləliklə, üç bölümün
çəkilişləri bitib, biri qalıb.
– Serialda necə bir obraz canlandırırsınız?
– Serialda azərbaycanlı iş adamını canlandırıram. Ssenari Ozan Akbabanındır. O
məsləhət gördü ki, obrazın adı da Elşən olsun. Obrazım ciddidir, dövlət
işçisidir. Yalnız bu qədər məlumat verə bilərəm.
– Baş rolunu məşhur aktyor Oqtay Kaynarcanın canlandırdığı “Ben bu cihana
sığmazam” serialının bir bölümünə çəkildiniz. Obrazınız Türkiyədə necə
qarşılandı?
– O, Türkiyədə çox izlənən serialdır. Orada çəkiləndən sonra ətrafımdan, hətta
tanımadığım insanlar tərəfindən çox müsbət reaksiyalar gördüm. Təbii ki,
azərbaycanlının seriala çəkilməsi, orada Azərbaycan dilində danışması və sair
gözəl haldır. Türkiyədə bizim dilimizi çox sevirlər.
Onu da deyim ki, serial yayımlanan gün xəstələnmişdim, onu elə xəstə-xəstə
izlədim. Ən böyük arzum serialın bir bölümünün Qarabağda çəkilməsi idi.
Serialda Qarabağa həsr edilən mövzuları görmüşdüm.
Ozan Akbaba yaxın dostumdur. Oqtay Kaynarca ilə də yaxşı münasibətimiz
formalaşdı. Bir qarabağlı və azərbaycanlı kimi, onlara istəyimi bildirdim.
Oqtay Kaynarca istəyimi çox gözəl qarşıladı. Mən Mədəniyyət Nazirliyinə
müraciət etdim, təklif müsbət qarşılandı və razılıq verildi.
Onu da deyim ki, Ozan Akbaba “Çıraq” serialına çəkilmək üçün öncədən müqavilə
bağlamışdı və buna görə “Ben bu cihana sığmazam” serialından ayrılmalı idi.
Eləcə də mən. Beləliklə, Ozan Akbaba və mənim serialdan ayrılmağım məsələni bir
az uzatdı. Amma inşallah, qismət olar, serialın bir bölümünü Qarabağda çəkərik.
Fikirləşirəm ki, çox yaxşı bir hal olacaq. Hələlik danışıqlar gedir. İnşallah,
yaxşı nəticə olacaq.
– Oqtay Kaynarca, Ozan Akbaba və bir çox tanınmışlarla çəkildiniz. Çəkiliş
zamanı çətinlik yaşadınızmı? Məşhurların hər hansı kaprizləri olurdumu?
– Tam səmimi deyirəm ki, çəkiliş meydançasında heç bir kapriz görmədim. Məni
də çox yaxşı qarşıladılar, təbii ki, bunun səbəbi Ozan Akbaba idi. Artıq
çəkiliş meydançasında hər kəs məni tanıyırdı. Ozan Akbaba ilə çəkdiyimiz “Nə
oldu, Paşinyan?” videosu çox məşhur idi.
Serialın rejissoru Mustafa Şevki Doğan çox yaxşı insandır. Çəkiliş
meydançasında heç bir yad münasibət hiss etmədim. Üç gün serial çəkilişində
iştirak etdim və çəkilişlərimiz çox rahat keçdi. Oqtay Kaynarca serialda baş
rolu canlandırmaqla yanaşı, serialın prodüseridir. Çəkiliş meydançasında o
qədər sadə, səmimi ortam yaradıb ki, kiminsə özünü yad bilməsi mümkün deyil.
Orada peşəkar çəkiliş heyəti gördüm. Təbii ki, bu da mənə təcrübə oldu. Eləcə
də “Çırağ”ın çəkiliş heyətində eyni halı yaşayıram. Türkiyədə kino və serial
sahəsi çox inkişaf edib.
– Çəkiliş zamanı aktyorların hər hansı bir tələbi olurmu?
– Xeyr, hər hansı tələb olmur. Tapşırılan rolla bağlı fikir bildirirlər.
Azərbaycandan fərqli olaraq, nə qədər yaxın münasibət olsa da, iş birliyindən
öncə müqavilə bağlanır. Müqavilənin şərtlərinə əməl etməlisən. Mən də müqavilə
bağlamışam.
– Serial çəkilişindən nə qədər qonorar əldə etmisiniz?
– “Ben bu cihana sığmazam” serialının bir bölümündə çəkildim. Ümumiyyətlə,
qonorar haqda düşünmədim. Eləcə də ortada dostum Ozan Akbabanın olması və Oqtay
Kaynarca ilə yaxşı münasibətimə görə qonorar haqda düşünmədim. Başda Ozan
Akbaba, Oqtay Kaynarca olmaqla bütün çəkiliş heyəti məni diqqətsiz qoymadılar.
Oqtay Kaynarca məşhur markaların birindən hədiyyə göndərmişdi, çox sağ olsun.
Düşünürəm ki, serialda çəkilmək qonorardan böyük avantaj verdi. “Çıraq”
serialında qonorar nəzərdə tutulub. Yenə deyirəm ki, o layihələrdə rol almaq
mənə qonorardan daha vacibdir.
– Hər aktyor məşhur seriallarda rol ala bilmir…
– Doğrudur. Türkiyədə kino və serial bazarı çox böyükdür. Türkiyənin film
sahəsinə düşmək üçün nə qədər müraciət edən tanınmışlar var. Təbii ki, mənim
avantajım Ozan Akbaba ilə dostluğumdur. Ona görə fikirləşirəm ki, bu barədə
şanslıyam.
Onu da deyim ki, Müşfiq Quluzadə adlı azərbaycanlı dostumuz var. O, “Anka”
filminin prodüseridir və Ozan Akbaba ilə Bakıya gəlmişdi. Böyük bir şirkətin
sahibidir, film istehsal edirlər. Onlar yeni film çəkəcəklər, mən də təklifi
almışam. Film komediya və tarixi janrda olacaq. Hələlik ssenari yazılır.
Filmdə, ola bilsin ki, azərbaycanlı bir obrazı canlandıracağam, amma dəqiq
deyil. Obrazım dəqiqləşdikdən sonra məlumat verəcəyəm.
– “Çıraq” serialının çəkilişi zamanı hansısa çətinlik yaşadınızmı?
– Tam səmimi deyim ki, heç bir çətinlik yaşamıram. İşlərini o qədər peşəkar
görürlər ki, heç bir çətinlik olmur. Biz Azərbaycanda çəkiliş zamanı tanış adam
varsa, məkanlara ödəniş etmirik. Amma Türkiyədə məkanlarda çəkiliş zamanı pul
ödəyirlər. Təbii ki, orada filmlərin büdcəsi böyükdür. Bu, serial bazarının
böyük olması ilə bağlıdır. Türkiyədə çəkiliş heyətləri çox peşəkardır və
inanıram ki, bizim oradan öyrənəcəyimiz çox şey var. Tam səmimi deyirəm ki,
dostlarımın, istedadlı aktyorlarımızın Türkiyədə serial və filmə çəkilməsini
çox istəyirəm.
Deyim ki, yayda tarixi bir film çəkiləcək. Bu layihə də Ozan Akbabaya aiddir.
Film Qafqaz xalqlarından bəhs edir. Ozan Akbaba ilə də danışmışam, mümkün olsa,
azərbaycanlı aktyorlar da çəkiləcəklər. Ssenariyə uyğun aktyorlar seçiləcək.
Təbii ki, bu mənim dostum ola da, olmaya da bilər. Əsas odur ki, peşəkar olsun.
Azərbaycanlının orada iştirakı mənim üçün əsasdır.
– Türkiyədə iki filmə də çəkiləcəksiniz. İş təkliflərinə görə qardaş ölkəyə
köçməyi planlaşdırırsınız?
– Ozan Akbaba ilə belə bir zarafatımız olub, deyir ki, “oğlum, artıq
get-gəlləri burax”. Türkiyədə müraciətlər və iş görüşləri çox olur. Məsələn,
mənə iş təklifi olur və görüşmək lazımdır. Türkiyədə yaşamadığıma görə serial
çəkilişi zaman görüşmək imkanı tapıram. Onda isə vaxtım az olur.
Bir aya yaxın Türkiyədə oldum, çəkiliş olmayan günlər Ozan Akbaba ilə iş
görüşlərinə gedirdik. Yeni insanlarla tanış olurduq. Yeni ideyalar formalaşır
və iş təklifləri olurdu. Ona görə də Türkiyədə yaşamağım şərtdir. Amma indi
mənim üçün çətindir.
– Türkiyədə olanda Bakı üçün darıxırsınızmı?
– Düzü, darıxmağa çox vaxt olmurdu. Orada ətrafım genişdir, böyükdür. Mən
Türkiyədə olanda Xalq artisti Röya Ayxan da orada idi. Onunla da görüşdüm.
Türkiyədə azərbaycanlı dostlarım da çoxdur. Bununla yanaşı, Ozan Akbaba
restorana dəvət edirdi, sabah başqa bir dostumuzdan dəvət gəlirdi. Belə olan
halda darıxmaq yada düşmürdü, amma yenə də ürəyim burada qalırdı. Çünki əhatəm,
ailəm, qızım üçün çox darıxırdım.
Ola bilər, vaxt keçdikcə uyğunlaşaram. Amma səbirsizliklə Bakıya qayıtmaq
haqqında fikirləşirdim. Hətta indi Bakıya qayıtmamalı idim, çəkilişimlə bağlı
bir həftə boş vaxtım var idi. Dedim ki, Bakıya getmək istəyirəm, bəzi işlərim
var.
Yenə Türkiyəyə gedəcəyəm. İnşallah, məqsəd işdirsə, ortaya yaxşı bir iş
çıxacaqsa, niyə də olmasın?!
– Sizin Türkiyədə seriala çəkilməyinizə ölkəmizdə reaksiyalar necədir?
– İnsanların reaksiyası çox yaxşıdır. Bakıya gələndən sonra Laçına getdim,
orada ilk dəfə toy mərasimində iştirak etdim. Eləcə də Şahdağda şəhid ailələri
üçün təşkil olunan bayram tədbirinə qatıldım. Məni görən hər kəsin reaksiyası
çox gözəl idi. Azərbaycanda serialın bu qədər izlənildiyini bilmirdim, hər kəs
mənə xoş söz deyir, fikrini bildirir, Oqtay Kaynarca, Ozan Akbabanı soruşurdu.
Onların həyatda necə insan olduqları ilə maraqlanırdı.
İnanıram ki, o seriala mən deyil, başqası da çəkilsəydi, hər kəs sevinərdi,
mən özüm də… Mən o sevinci ətrafımdan, insanlardan görürəm. Təbii ki, xoş
təəssüratdır.
– Maraqlıdır, Oqtay Kaynarca obrazınız haqqında hansı fikirləri bildirdi?
– “Nə oldu, Paşinyan?” videosuna baxmışdılar, eləcə də Ozan Akbabanın qonaq
olduğu “Fəlidən doğru xəbər” verilişinə… Düzdür, o, komediya janrında idi. Amma
haqqımda məlumatlı idi.
Oqtay Kaynarca çox peşəkar insandır. Çəkilişlər bir dubla hazır olurdu. Vaxt
daha çox texniki məsələlərə gedir. Çəkiliş heyəti peşəkardır. Texniki heyət
hazırlaşana qədər məşq edirdik, sonra çəkiliş meydançasına çıxırdıq.
Oqtay Kaynarca obrazımdan razı qaldığına görə serialda qalmağımı istəyirdi.
Amma bilmirəm, təəssüf edim, yoxsa “qismət” deyim… “Çıraq” serialı da çox
uğurlu layihədir. Türkiyənin TRT kanalında yayımlanacaq, çox məsuliyyətli işdir.
Dediyim kimi, Türkiyədə aktyorla müqavilə bağlanır, müqaviləyə əsasən, başqa
serial və filmlərdə çəkilmək olmaz. Ozan Akbaba da “Ben bu cihana sığmazam”
serialına çəkildiyi ilk gündən bildirib ki, filan tarixdə ayrılacaq. Amma Oqtay
Kaynarca bizim serialda qalmağımızı çox istəyirdi, xüsusilə Ozan Akbabanın.
İnşallah, bilmək olmaz, bəlkə, serialın finalına yaxın, “Çıraq”ın çəkilişləri
bitəndən sonra öncəkinin bir bölümündə də çəkilə bilərik. Bir az öncə dediyim
kimi, onun Qarabağda çəkilməsini çox istəyirik. Bir bölüm ona həsr oluna bilər.
Şuşanı görmək istəyirlər. Çünki Ozan Akbaba Şuşadan o qədər ağızdolusu
danışırdı ki…
Oqtay Kaynarca da Azərbaycanı çox sevir və buraya gəlməyi çox istəyir.
– Gələcəkdə Türkiyənin daha hansı məşhur aktyorları ilə səhnəni bölüşmək
arzunuz var?
– Tam səmimi deyim ki, qismətdən, serialda çox tanınmış aktyorlarla çəkildim.
Elə bir arzum olmayıb ki, filan aktyorla çəkilim və sair. Ozan Akbabanı həm
insan, həm də aktyor kimi çox dəyərləndirdiyim üçün ürəyimdən onunla hansısa
səhnəni bölüşmək keçmişdi. Onunla öz verilişimdə xırda bir zarafatımız olmuşdu.
Ozan Akbaba ilə səhnəmdən sonra hansısa aktyorla oynamaq haqqımda düşüncəm
yoxdur. Ozan Akbaba və Oqtay Kaynarca ilə işləmək çox rahatdır. Sözün yaxşı
mənasında onlardan çox şey öyrənirəm. Onlar Türkiyənin ən tanınmış və peşəkar
aktyorlarıdır. Həm işdə, həm də insan kimi çox yaxşıdırlar. Belə gözəl
insanlara rast gəlməyin özü də mənim üçün şansdır.
– Ozan Akbaba ilə dostluğunuzu necə xarakterizə edərsiniz?
– Üç ildir dostluq münasibətimiz var. Türkiyədə Ozan bəy mənə o qədər diqqət
edirdi ki, narahat olurdum. Dedim ki, siz burada əsas aktyorlardan birisiniz.
Mənə belə diqqət göstərirsiniz, narahat oluram. O da mənə cavab verdi ki, bizim
səmimiyyətimiz, dostluq münasibətimiz var. Sən mənim qardaşımsan! Heç nədən
narahat olma. Bu, belə olmalıdır.
Düşünürəm ki, ən əsas məsələ – səmimiyyətdir. Ozan bəy Türkiyədə seriala
çəkilməyimi çox istəyirdi. Mən Türkiyəyə istirahətlə bağlı gedəndə də həmişə
onunla görüşürdüm. Hər dəfə mənə deyirdi ki, sən Türkiyədə serial və filmə
çəkilməlisən.
Sonuncu dəfə Türkiyəyə “Çıraq” serialı üçün getmişdim. “Ben bu cihana
sığmazam” serialının çəkiliş heyətinin axşam yeməyi təşkil olunmuşdu. Ozan
Akbaba haqqımda Oqtay Kaynarcaya məlumat vermişdi və məni də restorana dəvət
etmişdi. Onunla ikinci dəfə görüş oldu və sonra mənə zəng etdilər ki, Oqtay
Kaynarca sizin serialda çəkilməyinizi xahiş edir. Mən də böyük məmnuniyyətlə
dəvəti qəbul etdim.
– Türk dilində necə, sərbəst danışa bilirsiniz?
– Türk dilini yaxşı bilirəm. Bütün gün türkcə danışırdım ki, çəkiliş heyəti
məni başa düşsün. Bir səhnə var idi, hətta orada da türk dilində danışmağa
başladım. Sonra dedim ki, mən niyə bu dildə danışıram?.. (gülür) Türk dilini
yaxşı bildiyim üçün hər hansı problem olmurdu. Onlar bəzi Azərbaycan sözlərini
başa düşməyəndə izah edirdim. Qardaş ölkə olduğu üçün bizə reaksiyaları çox
gözəldir. Amma bu da reallıqdır ki, Türkiyənin kino və serial sahəsinə daxil
olmaq çox çətindir.
– Türkiyədə karyeranıza davam etsəniz, menecerinizin olmasını istərdinizmi?
– Artıq o barədə düşünürəm. Türkiyədə menecer olmadan fəaliyyət göstərmək
mümkün deyil. Mənə menecer də təklif edirlər. Ozan Akbabanın həyat yoldaşı
Buket Arıkan Akbaba çox gözəl insandır və yaxşı münasibətimiz var. Türkiyənin
ən məşhur menecerlərindən biridir. Buket xanım mənə dedi ki, iş təklifləri
zamanı birbaşa sizinlə yox, menecerlə danışmalıdırlar.
– Türkiyədə iki filmə də çəkiləcəksiniz. Maraqlıdır, başqa seriallardan
təkliflər də varmı?
– Ozan Akbaba mənə bildirdi ki, səni kimi azərbaycanlı aktyor Türkiyədə
yoxdur. Ona görə də seriallardan iş təklifləri olacaq. İşlə bağlı bütün
planlarımı Ozan bəylə müzakirə edir və məsləhətləşirəm.
Hazırda istəyim odur ki, Ozan bəyin layihələrində iştirak edim və öz üzərimdə
işləyim. Orada kino və serial sahəsində iştirak etmək asan məsələ deyil.
Türkiyədə qonorar məsələsi də fərqlidir.
– Türkiyədəki xərclərinizi şirkət üzərinə götürüb?
– Xeyr, Türkiyədə dostumun evində qalıram. Orada mənə avtomobil də ayrılıb.
Heç bir çətinlik hiss etmirəm, sanki Azərbaycandayam. Düzdür, hərdən darıxıram.
Hətta dostlarıma zəng edirəm ki, bir-iki günlük Türkiyəyə gəlin.
– Artıq Türkiyədə də tanınmağa başlayırsınız. Maraqlıdır, türk xanımla və
yaxud aktrisa ilə evlənərsinizmi?
– Belə bir söz var, heç vaxt “heç vaxt” demə… Heç vaxt demədiyim hadisələri
yaşadığım üçün heç bir fikir demək istəmirəm. Bəzən həyat sənin düşündüyün və
planlaşdırdığın kimi olmur. Ona görə bu haqda düşünmürəm. İndi vaxtımı işimə
ayırmışam və o barədə düşünmürəm. Hazırda ən böyük sevgim qızımadır.
– İlk baxışda sevgiyə inanırsınız?
– Artıq heç nəyə inanmıram.
– Səbəb?
– Bilmirəm… Bədbin fikir olmasın. O barədə fikirlərim qarışıqdır. Xasiyyətimlə
əlaqəli olaraq bir tərəfə – iş sahəsinə istiqamətlənmişəm. Adətən, mən bir
tərəfə istiqamətlənirəm. İş tərəfə yükləndiyimə görə şəxsi həyat haqqında
düşünmürəm. Mənim üçün belə rahatdır. Çünki eyni anda iki istiqamətə baxsam,
biri digərinə mane olacaq.
– Şəxsi həyatınızda xoşbəxt olmaq sizin də haqqınızdır.
– Düşünürəm ki, xoşbəxtlik yaşanan bir andır. Xoşbəxt olmaq üçün planlı olaraq
nəsə edəndə xoşbəxt olmursan. Xoşbəxtlik gözləmədiyin bir anda yaşanan hissdir.
– O hissi yaşamağı gözləyirsiniz?
– Hər gün xoşbəxt ola bilməzsən, onda hisslərin özü də adiləşər. Hər kəsin
yaratdığı bir dünya var. Mən orada özüm üçün bəzi hissləri həll etmişəm və
onunla daha məntiqli davranıram. Əvvəl anlamadan o hissin üzərinə gedirdimsə,
indi daha məntiqli hərəkət edirəm. İnsan həyatda əməllərinə görə
qiymətləndirilir və cəzalandırılır. Çalışıram, hər zaman pozitiv olum.