Elşad Musayev İlham Əliyevi təbrik edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Böyük Azərbaycan Partiyası prezident seçkisi ilə bağlı bəyanat yayıb.
Cixisyolu.com xəbər verir ki, bəyanatda deyilir:
“Prezident seçkisinə ölkə üçün taleyüklü məsələ, partiyanın güclənməsi və
təcrübə qazanması üçün yeni sınaq kimi yanaşan Böyük Azərbaycan Partiyası bu
seçkidə təkcə müşahidəçi qalmaq istəmədi və öz namizədi ilə birbaşa iştirak
qərarı verdi. Partiyanın vahid namizədi, Partiyanın sədri Elşad Musayevin
namizədliyi təsdiq ediləndən dərhal sonra ölkənin 60-dan çox seçki dairəsində
üzvlərimizin və tərəfdarlarımızın köməyilə ilə namizəd üçün imza toplanmasına
başlanıldı və uğurla, maneəsiz başa çatdırıldı.
Aktiv seçki kampaniyasının başlanmasından sonra ölkənin bir çox şəhər və
rayonunda Prezidentliyə namizəd Elşad Musayevin iştirakı ilə seçicilərlə
görüşlər keçirildi. Bütün görüşlərdə E.Musayevin seçki platforması seçicilərə
çatdırıldı, onları narahat edən məsələlər yerindəcə öyrənildi. Bütün bu
görüşlərdə qeydə alınan vətəndaş müraciətləri namizədin televiziya, radio,
qəzet və saytlar, sosial şəbəkələr vasitəsilə çıxışlarında ictimailəşdirildi.
Hətta vətəndaş narahatlıqlarının bir çoxu elə seçki kampaniyası zamanı öz
həllini tapdı. Aparılan təbliğat işinin nəticəsində həm yeni tərəfdarlar
qazanıldı, həm də partiyaya üzvlük üçün müraciət edən vətəndaşlarımızın sayı
artdı.
Seçki günü ölkənin bütün seçki məntəqələrində və dairələrində
müşahidəçilərimiz əvvəldən sona qədər seçkini müşahidə etdilər və Seçki
qərargahını müşahidə edilən səsəvermə prosesi ilə bağlı məlumatlandırdılar.
Prezidentliyə namizəd Elşad Musayevin birbaşa görüşlər keçirdiyi şəhər və
rayonlarda seçicilərimizin aktivliyi nəzərəçarpaq qədər böyük olmuşdur.
Müşahidəçilərin verdiyi məlumatlara əsasən bildirik ki, seçki prosesi heç bir
kənar müdaxilə olmadan keçirildi və seçki məntəqələrinin ətrafında heç bir
polis əməkdaşına və ya hər hansı bir kampaniyaya rast gəlinmədi. Seçki
məntəqələrində quraşdırılan veb-kameralar vasitəsilə aparılan müşahidələr də
səsvermə prosesinin rəvan və təhlükəsiz şəraitdə baş tutduğunu göstərdi.
Səsvermə günü seçki məntəqəsi daxilində və yaxınlığında seçicilər tərəfindən
törədilən və ya başqa bir hadisə müşahidə edilmədi, seçici fəallığının
əhəmiyyətli dərəcədə olması xüsusi diqqət çəkdi və səsvermə, səslərin
hesablanması prosedurlarının şəffaflığı, səsvermənin nəticələrinin Azərbaycan
xalqının iradəsini ifadə etdiyinin təsdiqi oldu.
Böyük tarixi sınaqdan, qalibiyyətlə başa vurduğumuz Vətən müharibəsindən sonra
keçirilən bu seçkidə xalq yenidən öz qalib lideri olanİlham Əliyevə böyük
etimad göstərdi. Seçkinin ilkin nəticələrini legitim hesab edir və qələbə
münasibətilə İlham Əliyevi səmimi qəlbdən təbrik edirik, ona çətin
fəaliyyətində uğurlar arzulayırıq”, – deyə qeyd olunub.