Azərbaycan Milli Elmlər Akademiyasının Sosial Xidmətlər Şöbəsinin müdiri,
Professor Elton Məmmədov
Hər bir tarixi gün, əlamətdar hadisə ölkənin taleyində özünəməxsus rolu ilə diqqətdə olur. Bu baxımdan müstəqillik tariximizə qızıl hərflərlə yazılan 15 İyun-Milli Qurtuluş Gününün çağdaş tariximizdə xüsusi yeri var. Bu tarixi gün adından da göründüyü kimi, müasir müstəqil Azərbaycan Respublikasının tarixində dövlətin, xalqın xilası, qurtuluşu, yeni dövrün başlanması kimi səciyyələndirilir. Azərbaycan 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar tariximizin faciəli səhifəsi kimi daim vərəqlənir və bu fonda Azərbaycanın bugünkü reallıqlarına, uğurlarına görə kimə borclu olduğumuz təhlillər əsasında indiki və gələcək nəsillərə çatdırılır. Böyük əminliklə və qürur hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan ən yaxşı halda bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq.
Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlara qısa nəzər salanda keçilən yolun necə çətin, keşməkeşli olduğu göz önündə canlanır. Bəli, müstəqilliyimizin bərpasından bir il ötməmiş hakimiyyəti zor gücünə ələ keçirən AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. O dövrün iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq törətdikləri əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması, bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. O dövrü bilməyən gənc nəsil nəyin bahasına müstəqilliyi qoruyub saxlaya bildiyimizi öyrənməlidir. Bilməlidir ki, biz bugünkü xoşbəxt həyatımız üçün kimə borcluyuq.
Müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider Azərbaycanın çətin günlərində xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə ölkəmizi yenidən qurdu. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını bir zərurətə çevirdi. 1992-ci ildə xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə müraciəti, Ulu Öndərin bu müraciətə cavabı YAP-ın yaranmasını şərtləndirdi. Həmin müraciətdə ölkənin yaşadıqları, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən xilas edəcək Liderə böyük ehtiyac olduğu xüsusi qeyd edilmişdi. Bir daha vurğulanmışdı ki, belə bir partiya yaranarsa, ona rəhbərlik edib, xalqı öz ətrafında sıx birləşdirəcək Lider Ulu Öndər Heydər Əliyev ola bilər. Ulu Öndər Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək onu qorumağın hər kəsin vətəndaşlıq borcu olduğunu bildirmişdi. Beləliklə, YAP yaradıldı və Ümummilli Lider onun Sədri seçildi. 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev Prezident seçildi və artıq ölkəmizin böhrandan çıxma prosesi başladı. Müstəqillik tariximiz məhz həmin vaxtdan başladı.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya qayıtdı və doğma Vətəninin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal gərginliyin episentri olan Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun tarixinin Milli Qurtuluş Günü kimi qeyd edilməsi barədə qərar qəbul etdi.
Həmin vaxtdan keçən 31 ilin Azərbaycanın müstəqillik tarixinə hansı uğur səhifələrini yazdığını qət edilən yolun təhlili fonunda aydın görürük. Ümummilli Lider zəngin idarəçilik təcrübəsinə söykənərək Azərbaycanın dövlət müstəqilliyini daimi və sarsılmaz etdi. Müstəqilliyimizin memarı kimi adını tarixə qızıl hərflərlə yazdıran Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri azərbaycançılıq ideologiyasının təbliği və inkişaf etdirilməsi idi. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri oldu. Ümummilli Liderin müəllifi olduğu milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Ölkəmizin ilk Konstitusiyasının qəbul olunması və bütün sahələri əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ümummilli Liderin qarşıya qoyduğu başlıca vəzifə oldu, ölkəmizin bütün resursları tarixi ədalətin bərpası üçün səfərbər edildi.
Azərbaycanın hər bir uğuru Heydər Əliyev yolunun təqdimatıdır. Bu yol addım-addım Azərbaycanı bugünkü qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən ölkəyə çevirdi. Azərbaycan artıq dörd ildir ki, tarixi Zəfərimizin reallıqlarını yaşayır. İşğaldan azad edilmiş ərazilərimiz cənnət məkana çevrilir, şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim edir, soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıtmalarından qürur duyurlar. Qurtuluş Azərbaycanı sözü imzası qədər əhəmiyyətli olan ölkəyə çevirdi. Ümummilli Liderin arzusu Azərbaycanın daim zirvələrdə olması, müstəqillik tariximizi uğurlu səhifələrlə zənginləşdirmək idi. Dahi rəhbər daim bu çağırışı edirdi ki, Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malik olan xalqdır. Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir.
Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı Zəfərlərə aparır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ildə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Ölkəmizin həyatında yeni dövr başladı. Ötən ilin 20 sentyabr tarixindən sonra bayramlarımızın qeyd edildiyi məkanların əhatə dairəsi genişləndi. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, bu ilin fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisi üzrə növbədənkənar prezident seçkiləri keçirildi. Bu gün digər bayramlarımız kimi, Milli Qurtuluş Günü də ilk dəfə olaraq Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə qeyd ediləcək. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda böyük qürur hissi yaradan bu uğurlarımız, Zəfərlərimiz öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider Heydər Əliyevin keçmiş məcburi köçkünlərlə görüşlərinin birində bu arzunu ifadə etməklə yanaşı, onun reallığa çevriləcəyinə də əminliyini diqqətə çatdırmışdı: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik.” Bu gün hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, artıq Ulu Öndər Heydər Əliyevin arzuları reallığa çevrilib. Yeni dövrün başlanğıcı olan 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Prezident İlham Əliyev verilən vədlərin həyata keçdiyini böyük əminliklə qeyd edərək bildirdi ki, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır, uğurla da davam edəcək.
Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsası olan Ulu Öndər Heydər Əliyevin ideyaları ölkəmizi Zirvədən-Zirvəyə, Qələbədən-Qələbəyə aparır. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil, qalib Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da daha yüksək zirvələri fəth edəcək. Heydər Əliyev irsinin təbliğində xüsusi rolu olan Heydər Əliyev Fondu Qurtuluşdan bugünədək gedilən yolun indiki və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, Heydər Əliyev nailiyyətləri, Heydər Əliyev qələbələri və zirvələri Azərbaycanın tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır. Hər bir xalq hər bir tarixi dövrdə öz qəhrəmanlarının sarsılmaz ruhunu, dəmir iradəsini, cəsarət və qətiyyətini yüksək qiymətləndirmişdir. Biz – azərbaycanlılar fəxr edirik ki, xalqımızın Heydər Əliyev kimi qəhrəmanı vardır və onun unudulmaz xatirəsi önündə bu gün bir daha baş əyirik.