Elxan Məmmədov: Bakıdakı finala ingilislərin gəlməsi bizə sərf edir

Baxış sayı: 2. 545 dəfə baxılıb.

Elxan Məmmədov: Bakıdakı finala ingilislərin gəlməsi bizə sərf edir

Şəxsən mən Avropa Liqasının finalında ingilis-alman qarşılaşmasını xəyal edirəm. 

Bunu AFFA-nın baş katibi Elxan Məmmədov “Formula-1”lə bağlı Bakıda işgüzar səfərdə olan Rusiyanın məşhur “Sovetski Sport” nəşrinə müsahibəsində bildirib.

Almaniya futbolunun azarkeşi kimi tanınan Elxan Məmmədov mayın 29-da keçiriləcək finalda Frankfurtun “Ayntraxt” komandası ilə İngiltərənin “Arsenal” və ya “Çelsi” klublarından birinin olmasını arzuladığını söyləyib:

“Xalqımızın 1966-cı ildəki dünya çempionatının finalına bağlı olduğunu gözəl bilirsiniz. Həmin vaxt laynsman azərbaycanlı hakim Tofiq Bəhramov idi. Finalın hekayəsindən də bildiyimiz kimi, ingilislər yeganə dünya çempionluqlarını həmin vaxt qazanıblar. Məncə, ingilis azarkeşlər bunu xatırlayırlar. Hətta azarkeşlər üçün xüsusi bir yer təşkil edər və onları şəhərdəki Bəhramov abidəsinə apararıq.

İqtisadi baxımdan, əlbəttə ki, ingilislərin Bakıya gəlməsi bizə sərf edir. O zaman təkcə pivədə bütün xərclər ödənəcək”.

Daha sonra o, bura gələcək azarkeşlərin sayı barədə danışıb:

“UEFA martda onlayn satışı elan etdiyi zaman dərhal 21 min bilet alındı. Bu hələ mart ayında olmuşdu və həmin vaxt heç yarımfinalçılar bilinmirdi. İnsanlar onlayn şəkildə bilet alıblar, çünki onlar Bakıya gəlmək istəyirlər.

UEFA ilə razılığa görə, 15 min bilet yerli auditoriyaya satılacaq. 10 min bilet finala çıxacaq komandaların azarkeşləri üçün nəzərdə tutulub. Əminəm ki, stadion tam dolacaq və turistlər əsl futbol bayramını hiss edəcək.

Təxminən bir ay əvvəl fan-zonanı artırmaq üçün əsaslı bir qərar verdik. Bütün infrastruktur hazırdır. Stadion 2015-ci ildə Avropa Oyunları üçün tikilmişdi. Yeni, rahat və müasirdir. Hər şeyə hazırıq, bizə yalnız mayın 9-nu (həmin gün finalçılar bilinəcək – S.M.) gözləmək qalır”.

Səbuhi Musayev