Elxan Məmmədov UEFA-nın Baş katibinə millimizə və “Qarabağ”a qarşı olan haqsızlıqdan danışdı

Baxış sayı: 1. 925 dəfə baxılıb.

Elxan Məmmədov UEFA-nın Baş katibinə millimizə və “Qarabağ”a qarşı olan haqsızlıqdan danışdı

İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında AFFA-nın Baş katibi Elxan Məmmədov Avropa futbol təşkilatındakı həmkarı Teodor Teodoridislə görüşüb. 

ÇıxışYolu.Com xəbər verir ki, görüşdə bir sıra məsələlər müzakirə olunub.

Elxan Məmmədov Avropa və dünya çempionatlarının seçmə mərhələ oyunlarında VAR sisteminin tətbiq olunmasını təklif edib. T.Teodoridis bildirib ki, noyabrın sonunda Rumıniyanın paytaxtı Buxarestdə UEFA-nın üzvü olan bütün Milli Assosiasiyaların rəhbərləri ilə keçiriləcək ənənəvi görüşdə UEFA prezidenti Aleksander Çeferinin təşəbbüsü əsasında bu məsələ ətrafında fikir mübadiləsi aparılacaq, prezentasiya təqdim olunacaq və seçmə mərhələ qarşılaşmalarında VAR-ın mümkün olub-olmaması müzakirəyə çıxarılacaq.

UEFA-nın Baş katibi ilə müzakirə olunmuş digər məsələ oyunlar zamanı stadionların üzərində idarə olunan uçuş aparatlarının – dronların istifadəsi ilə bağlı olub və bildirilib ki, təhlükəsizlik baxımından bu kimi hallara xüsusi diqqət yetirilməlidir.

Daha sonra Elxan Məmmədov Avro-2020-nin Bakıda keçiriləcək dörd oyununa hazırlıqla bağlı UEFA-nın Baş katibinə ətraflı məlumat verib.

Qeyd edək ki, “Qarabağ”ın Lüksemburqda “Düdelanj” klubu ilə oyunu zamanı erməni azarkeşlər drondan istifadə edərək meydançanın mərkəzində qondarma Dağlıq Qarabağ bayrağını dalğalandırıb. Buna görə oyun 20 dəqiqədən çox dayandırılıb.

Həmçinin, millimizin Budapeştdə Macarıstanla görüşü zamanı futbolçumuz Bəhlul Mustafazadə qaydalar çərçivəsində rəqib komandasına qol vursa da, VAR sistemi olmadığından, baş hakim səhv edib və nəticədə yığmamız bir xaldan məhrum olub.

Səbuhi Musayev