2c4e0ab7-a841-4d34-b443-1c81bcfca9d8..jpg

Elza Seyidcahan: “Allahın əl işini bəyənməyən məni necə bəyənsin?” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 763 dəfə baxılıb.

Elza Seyidcahan: “Allahın əl işini bəyənməyən məni necə bəyənsin?” – MÜSAHİBƏ
+ FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oğlum deyir mama, mənim xətrimə şeir yazma”.

Bunu bəstəkar-müğənni, Əməkdar artist Elza Seyidcahanı Lent.az-a müsahibəsində
deyib.

Həmin müsahibəni təqdim edirik:

Görüş üçün evinə dəvət etdi. Qapıda məni nəvələrinin hay-küyü qarşıladı. O
ekstravaqant libaslarını yığdığı böyük otağın açıq qapısı önündən keçib muzeyi
xatırladan qonaq otağına daxil oluram. Çox təəccüblənirəm, çünki Elza xanım
namaz qılırdı. Dualarını bitirib, “xoşgəldin” edir. Söhbətimiz başlayır.

– Çoxdan namaz qılırsınız?

– Bir il olar. Allaha nə qədər şükür etsəm azdır, həmişə istədiyimdən artığını
verib. Bir zamanlar 1 otaqlı evim var idi. Tanınmış ifaçılar o evimə
gəlirdilər. Otaq o qədər darısqal idi ki, uşaqlarım evdə qonaq olanda girib
royalın altında yuxulayırdılar. Yerdən yataq salmaq lazım gəlirdi, qonaqlar
gedənə qədər buna imkan olmurdu. Yenə evdə basırıqdır söz yox. Qızım ailəsi ilə
burada yaşayır. Çox arzu edirəm ki, mənə də ev verilsin.

– Ev paylananda Yazıçılar Birliyindən nə əcəb ev istəmədiniz?

– Ora yeni üzv olmuşam. Əslində bu günə qədər kimsə mənə nəsə verəcək deyib
gözləməmişəm, qarışqa kimi işləmişəm. Evə qazanc gətirən mənəm. Bir gün
şou-proqrama getməsəm, gərək bu ailə dolana bilməyə.

– Kürəkəniniz işləmir?

– Kürəkənim mənə kömək edir. Erkən yaşlarda ailəsini itirib, ona görə təhsili
də yarımçıq qalıb. İki uşaqları var, dəstək olmalıyam.

– Bəs oğlunuz nəçidir?

– Skripkaçıdır.

– Bir ara bacınızla olan qalmaqallarınızla gündəmə gəldiniz. Bu doğrudan
küsülülük idi, yoxsa şou?

– Əsasən şou idi. Bacımla küsülü deyildik, gileyi var idi. Jurnalistlər
məsələni şişirdilər. O vaxt bir söz işlətdi, dedi biz səni önə çəkdik, özümüz
geridə qaldıq. Çox istəyirəm ki, bacılarım irəli getsinlər, özləri öz ayaqları
üstə qalsınlar. Seyidcahan adı artıq brenddir, mən yaratdım qoy istifadə
etsinlər. Böyük bacımdı, ərköyünlük edir, nə edim?

– Siz də Azərbaycanın Ledi Qaqasısınız. Necə düşünürsünüz, belə qeyri-adi
şəkildə təqdim olunmasaydınız, üzə çıxa bilərdiniz?

– Bu günə qədər heç kimə həsəd aparmamışam, çünki gedib bir ucu paxıllığa
çıxır. Amma Ledi Qaqaya həsəd hissi ilə baxıram. Çünki yaradıcılığını öz
istədiyi kimi təqdim edə bilir. Mən əvvəllər də tanınırdım, mahnılarım var idi,
bəstəkar kimi bir çox tanınmış sənətkarlarla işləyirdim. Könül Kərimova, Alim
Qasımov, Ağaxan Abdullayev, Sevinc Sarıyeva. Sadəcə dolanışıq üçün məcbursan
ki, bir neçə yerə bölünəsən. Günün birinci yarısı başqa Elzayam, ikinci yarısı
bambaşqa biriyəm. Günün ilk yarısında bəstəkar olaraq ciddi fəaliyyətdəyəm,
axşamlar şou proqramlar toylar, restoranlar… Amma belə tədbirlərdə
düşmənlərimlə qarşılaşıram.

– Kimdi o düşmən?

– Xalqın beyninə yeridilən zəhərli musiqilər. Narkotikə düşmən deyirik, bəs
parazit mahnılara niyə düşmən demirik? Pis mahnıya görə də cərimə yazılmalıdır,
insanların zövqünü şikəst edirlər. Hər ağız bir söz danışır. Bilən də, bilməyən
də incəsənətin göbəyini kəsir.

– Dediniz gün içində bir neçə Elza olursunuz. Əsl Elza kimdir?

– Bəstəkar Elza. Müğənni olmaq arzusunda deyildim. Arif Məlikovun sinfində
təhsil almışam. O evinə hər adamı buraxmaz, hər adama salam verməzdi. Arif
müəllimin sevimli tələbəsi idim. Janrım adi janr deyil. Bir müğənniyə o qədər
zaman ayırırdım, ödəniş də eləmirdilər. Dedim elə özüm oxuyum. İlk dəfə mənə
“Toy adamları” mahnıma görə Brilliant Dadaşova pul ödəyib. (Bu dəm piano
arxasına keçib, hələ heç yerdə ifa etmədiyi “Ürəyimi dənizə açıram” adlı
mahnısını ifa etməyə başlayır. Etiraf edim ki, bu əsər çox gözəl idi). Bir
müğənni özünü tanımaq istəyirsə, Elzanın mahnılarını oxumalıdır. Mənim
mahnılarımı oxumaq üçün peşəkar olmaq lazımdır.

– Amma nədənsə son zamanlar adınız bəstəkar kimi yox, yazdığınız şeirlərlə,
onların yaratdığı qalmaqallarla daha çox hallanır.

– Dahi Müşfiqin də şeirlərinə görə qalmaqalları olurdu. Nəsimini qəbul
edirdilər? Bu məni qorxutmur. Deyirlər bəstəkarlığın şeirlərinin kölgəsində
qalır. Mən özüm özümə rəqibəm. Bəzən şeirlərim mahnılarımın, bəzən də
mahnılarım şeirlərimin kölgəsində qalır. Hərdən oğlum deyir mama, mənim xətrimə
şeir yazma. Deyirəm sən olmadan öncə mənim şeirlərim var id.
Məni bir yazdıran var,

Yazdıranı qazdıran,

Qazdıranı basdıran var.

Basdırıb da üstünü də örtən var.

İndi oğlum da bunu qəbul edir. Mənim rəqibim yoxdur.

– Meyxanaçı Vüqarla aranız şeirlərinizə görə pozuldu. Halbuki ailəvi dost
olmusunuz.

– Kim özünü tanımaq, tanıtdırmaq istəyirsə, Elza Seyidcahan yaradıcılığına baş
vursun. Məni tanımasa da, özünü tanıyacaq. Elə tənqidçi olub 5 il məni tənqid
edib, indi anlayıb ki, səhv edib, məni düz başa düşməyib. Vüqarkimilər elə başa
düşürlər ki, hər şey onların istədiyinə uyğun, 1000 il əvvəlki kimi olmalıdır.
Çərçivələri qırmamaq şərtilə yeniliklər lazımdır.

– Axı siz çərçivələri qırırsınız…

– Yox, sizə elə gəlir, mənim şeirlərimdə ritm var, şeiriyyatım prelüdiya
formatındadır.

– Adınızdan da qəribə şeirlər yazıb, biabırçı sözlər qataraq yayırlar. Narahat
olmursunuz?

– Narahat edir və belə adamları məhkəməyə verdim. Adımdan istifadə edib
“babamın pensiyası qalxdı” deyə bir şeir yaymışdılar. Kimsə kiməsə söz atanda
mənim adımdan istifadə edir. Elzaya bu qədər nəzirə yaradırlarsa, deməli xalq
sevir, oxuyur. Müasir dövrdə hansı şairin şeirəri bu qədər populyardır? Amma
mənim olmayanı adımdan oxumaq cinayətdir. Mən yazmışam “Qazanım daşdı kəfini
yedim”, onlar deyir “Qazanı açdım kəfini yedim”

– Etiraf edim ki, bunu mən də anlamıram. Qazanı açıb kəfini niyə yeyəsən axı?

– Anlamırsınızsa, bu sizin probleminizdir. Salvador Dalini hamı anlayır?
Anlamalısınız. Camaat anlamadığı rəsm əsərlərini 5-10 milyona satın alır. Bu
qiymətə olduğuna görə, hamı onu qəbul edir. Qazanım daşdı kəfini yedim. Bu şeir
tərk edilmiş həyatdan bəhs edir.

Qazanım daşdı
Kəfini yedim
Qapağın açdım
Üzünü yedim.
Qarışdırıb içini yedim
Yedim, yedim
Dibini yedim.
Qazıb qazıb.
Deşdim dibini
Qazanın.
Kəfgirim azıb.
Dibi deşik qazandan
Çıxdı havaya,
Mən də baxdım
Kəfgirdən
Deşik-deşik dünyaya.

Varlı kəfini yeyir, kasıb isə qazanın dibinə qədər sıyırıb yeyir, qazanı
deşir. Şeiri tam oxumadan fikir yürüdəndə əlbəttə anlaşılmaz.

– Azərbaycan üçün sizin yaradıcılığınız qeyri-adidir, sizcə doğru ölkədə,
doğru zamandasınız?

– Doğrunu Allah bilir, mən onun işinə qarışa bilmərəm. Demək burda lazım
olmuşam. Yaradıcılığımı kimsə çılpaq görürsə görsün. İçindəki nədirsə onu
düşünür. Məni çılpaq görmür ki. Mən deyirəm

Gecənin qaranlığında,
Sevişin ki, oyasız,
Oyulasız,
Oyanasız.
Bu gecənin qaranlığında,
Sevişin ki, doğulasız.
Doğdurasınız,
Doğasız.
O gecənin qaranlığında…
İnsanlar fərqli anlayır.

– Axı ağla istər-istəməz fərqli məna gəlir, Elza xanım. Sanki siz özünüz də
qəsdən maraq oyatmaq üçün buna çalışırsınız.

– Bunu dinləyəndə ağla ilk seks gəlir? Amma mən elə düşünmürəm, yaradıcı adam
pianosu ilə sevişir, tar mizrabla, skripka öz çubuğu ilə. Bu sevişmələrdən yeni
bir yaradıcılıq əsəri doğulur.

– Tənqidə münasibətiniz necədir? Efirlərdə tez-tez tənqid olunursunuz.

– Tənqid üçün ölmürəm? Ürəyim gedir. Bu barədə şeirim də var.

Yorğun olanda mənimlə məzələn,
Soy əynini, tök ruhunu təzələn.

Yaradıcılıq budur, soya-soya ruhun özəyinə çatırsan, tənqidsiz inkişaf olmur.
Bir savadsız meyxanaçıya Elza haqında sual verirlər. O, nə bilir Elza kimdir,
hansı zirvədədir? Bu adamın savadı yoxdur, fikirləri ilə nə qədər adamı
zəhərləyib. Gəncləri pozanlar arasında bəzi meyxanaçılar da var. Gedin baxın
görün nələr danışır, nələr söyürlər. Kimsə məni tənqid edirsə, bir baxın görün
onun özü nədir. Adı “Xalq artisti”dir deyə, bu ona hər ağlına gələni danışmaq
haqqı vermir. Sənətçilərin çoxunu danışdırıb görürsən dərin deyilmiş, sadəcə
elə görünür, rol oynayır. Meyxanaçıların çoxu özünü də məhv edir, başqalarını
da.

Aydın Xırdalanlı özünü məhv elədi də. Aydın Sani onun ölümü üçün yazılmış
mahnıda deyir ki, bu dünyada ədalət görmədim. Hansı ədalət? Xalq onu sevdi, o
özü qurşandı da narkotikə. Anar Nağılbaz, Vüqar Biləcərili də elə o cür məhv
oldular. Nazı ilə oynayırdılar onların. Vüqar Biləcərilinin ölümü şeiriyyatda
boşluq yaratdı. Heyf, özünü məhv etdi. Allah Rəşad Dağlının da qapısını açsın.
Adam nə edir, özü-özünə edir, sonra deyir məni azdırdılar.

Mənim yaradıcılığımı müzakirə, tənqid edib özünü yerə-göyə vuran neçə “Qızıl
qələm” mükafatçısı, neçə ziyalı var. Əsas odur haqqımda Anar müəllim, Çingiz
Abdullayev xoş sözlər deyiblər. Anar özü tapşırmışdı ki, Elzaya zəng edin,
gəlib vəsiqəsini götürsün. Çingiz müəllim, akademik Nizami Cəfərov məni
xeyir-dua ilə qarşıladı, çox böyük hörmətlə. Bəyənməsələr deyərdilər get, sən
yazar deyilsən. Mənə görə, Yazıçılar Birliyindən çıxanlar var ha, ora layiq
olmayan adamlardılar. Çıxdılar, ora təmizləndi, öz savadsızlıqlarını təqdim
etdilər. Bədəni, başı, üzü özünün olmayan süni xanımlar məni, təbi gözəl Elzanı
tənqid edir? Onlar Allahı bəyənməyiblər, yenidən özlərini yığdırıb meymuna
çeviriblər, Allahın əl işini bəyənməyən məni necə bəyənsin?

– Yaşadıqlarınızdan peşmansınız?

– Əsla. Yenə yaşasaydım belə olardım. Oğluma deyirəm ki, sən musiqiçi
dostlarının yanında alnıaçıqsan. Onlar hamısı məni yaxşı tanıyır. Hərdən
düşünürəm, “Qoğalın nağılıdı” mənim həyatım, dovşandan da qaçmışam, tülküdən də
qaçmışam, ürkək idim, xoş sözlər deyənlərdən qaçırdım. Sütül gəlincik idim.
Özümü qorumalıydım. Hərdən anam deyir, Elza, özün üçün də yaşa. Deyirəm, mənim
taleyimi yazan mən deyiləm, Allahdır, o nə deyirsə elə də olacaq.

Source link