84a0559b-fc75-4c58-b0fc-da9684d3ff48..jpg

Əməkdar artist: “Bir dəstə adam tökülüşüb gəldi, mən də çarpayıda…” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 537 dəfə baxılıb.

Əməkdar artist: “Bir dəstə adam tökülüşüb gəldi, mən də çarpayıda…” –
MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mehriban xanımın gəlişindən sonra repertuarımıza yeni tamaşalar daxil oldu.
Xaricdən də tamaşa səhnələşdirmək üçün rejissorlar dəvət edildi”.

Bu sözləri Telegraf.com-a müsahibəsi zamanı Akademik Milli Dram Teatrının
sevilən aktyoru, əməkdar artist Elşən Rüstəmov deyib.

Həmin müsahibəni təqdim edirik:

– Elşən müəllim, siz teatra kinodan gəlmisiniz və bildiyim qədər, elə də
coşquyla gəlməmisiniz. Yəni ürəyinizi kinoda qoymusunuz. Nə üçün?

– Biz uşaqlıqdan filmlərlə böyümüşük. Kinolardan hansısa epizodları uşaqlarla
öz aramızda təkrar edirdik. “Yeddi oğul istərəm” bizim aramızda çox populyar
idi. O filmin rol bölgüsü də yaxşı alınırdı. Çünki oradakı qəhrəmanların
hamısının adını əzbərdən bilirdik, özümüz də onlara bənzəmək istəyirdik.

Biz filmlərdən qidalanmışıq. Yerli filmlər, hind filmləri, rus filmləri…
Bizə elə gəlirdi ki, aktyor mütləq kinoda olmalıdır, kinoya çəkilməlidir.

Ona görə 1992-ci ildə mənə “Etiraf” filmində baş rol təklif ediləndə, təbii
ki, çox sevindim. Tələbənin baş rola çəkilməsi o vaxt üçün nadir rast gəlinən
hal idi.

Sonra rəhmətlik Ceyhun Mirzəyev məni “Fəryad” filminə dəvət elədi. Ard-arda
kinoya dəvət aldığımdan özümü kinoaktyor kimi hiss edirdim. Ona görə teatra
dəvət alanda da fikirləşdim ki, bir neçə ay işləyərəm, sonra təzədən kinoya
qayıdaram.

Amma milli kino o illərdə dağılmağa doğru gedirdi. Mütəmadi filmlər çəkilmədi.

– Sevgi sevgi ilə unudulur, necə deyərlər. Siz də kino sevgisini teatr sevgisi
ilə unutdunuz…

– Bu sevginin necə doğulduğunu özüm də bilmədim. Teatr yaxşı mənada
bataqlıqdır, özüm də bilmədim bu bataqlığa necə düşdüm. Üç-dörd ay demişdim,
bir də gözümü açdım ki, 20 ildir burada işləyirəm. İndi əksinədir, artıq kinoya
çəkilməyə ərinirəm.

– Janr etibarilə kino ilə teatr arasında olan “İtkin gəlin” serialının sizin
karyeranızda necə bir rolu oldu?

– Sözün düzü, xeyli vaxtdır “İtkin gəlin”lə bağlı sualları eşitmirəm… Siz
mənim yaddaşımı təzələdiniz. Əslində mən gözləmirdim ki, bu serial insanların
yaddaşında özünə belə yer edəcək. Romanın sevə-sevə oxunulduğunu bilirdim, amma
filmin necə alınacağı barədə təsəvvürüm belə yox idi.

Serial ekranlara çıxandan sonra böyük populyarlıq qazandı. Aktyorlardan da bu
populyarlıq yan ötmədi. Onlardan biri də mən oldum.

Mənim üçün ikiqat sevinc o idi ki, orda çəkilən aktyorların çoxu tanınmış,
özünü təsdiqləmiş sənət adamları idi. Mən isə addımlarını təzə-təzə atan 3-cü
kurs tələbəsi idim. İndi də çox adam məni o serialla tanıyır.

– Xarakterinizlə bu obraz arasında nə kimi uyğunluq var və aktyor bir uyğunluq
axtarırmı obrazında?

– Təbii ki, aktyor rolu oynayanda özünü təqdim edir. Obrazın arxasında özü
dayanır. Elməddin rolu xarakterimə daha yaxın idi, sanki özümü oynayırdım.
Təbii ki, illər keçəndən sonra aktyor daha da peşəkarlaşır, püxtələşir.

İndi aktyor oyununa baxanda, fikirləşirsən ki, bunu bir az ayrı cür edərdim.
Amma bəzi nüanslardakı qeyri-peşəkarlığın, xamlığın içində böyük bir təmizlik
var. O təmizliyi indi vermək çox çətindir. O vaxtsa o təmizliyi, saflığı
canlandırmaq lazım deyildi, özü var idi… Bu baxımdan mənə elə gəlir ki, rol
mənə tam uyğun idi.

– Elşən müəllim, doğrusu, mən də “İtkin gəlin”dən üzü bəri çox suların
axdığını, bu barədə çox danışıldığını düşünürdüm, amma qonaq olduğunuz
proqramın video yazısının altındakı tamaşaçı rəyləri mənim fikrimi dəyişdi.
Tamaşaçı hələ də o serialın təəssüratı altındadır və sizi təkrar-təkrar o
illərə qaytarmaq istəyir.

– Məncə, əsas səbəb kitabın özünün çox populyar olması idi. Kitabı çox
sevirdilər, əldən-ələ ötürürdülər. Ona görə də tamaşaçılar eşidəndə ki, bu
roman əsasında film çəkilir, səbirsizliklə gözləməyə başladılar. Oxuduqlarını
vizual şəkildə görmək istəyirdilər. Əsərin geniş kütləyə tanış olması filmin də
uzunömürlülüyünə yardımçı oldu.

– Xeyli yaşlı və təcrübəli sənət adamlarının arasında gənc və təcrübəsiz
aktyorlar özlərini bir qədər inamsız hiss edirlər. Kollektivdə kimi özünüzə
ruhən yaxın bilirdiniz?

– Təcrübəli aktyorlarla birgə çəkilirdik. Kamal Xudaverdiyev, Lətifə Əliyeva,
Hicran Nəsirova, Zemfira Əliyeva, Zemfira Nərimanova, Rafiq Əzimov… Biz isə –
mən, Məleykə Əsədova, Kazım Həsənquliyev, İlqar Cahangir təzə-təzə
addımlarımızı atırdıq.

Təbii ki, gənclər bir-birinə daha yaxın olurlar. Biz həm də bir institutda
oxuyurduq. Amma bu filmdə ayrı-seçkilik, ögeylik olmadı. Həm yaşlı, həm də gənc
nəsil bir-biri ilə qaynayıb qarışdı. Belə olmasaydı, nəsə əldə eləmək mümkün
deyildi.

Bizdən böyük nəslin bizə həssas yanaşması ilə fərqlənən bir ab-hava gördüm.
Onlar öz köməklərini, məsləhətlərini bizdən, şəxsən məndən əsirgəmirdilər.
Kənardan onların oyununa baxmağın özü kifayət idi…

– Aktyorların adlarını çəkərkən Kamal Xudaverdiyevin üzərində durmamaq mümkün
deyil. Bu sanballı aktyorda çəkiliş prosesində nələri kəşf etdiniz?

– Onun dediyi sözün yükü vardı. Sözü elə-belə demirdi. Mən ona baxanda
anlayırdım ki, aktyor həm oyunu ilə, həm danışıq manerası ilə necə təsiredici
ola bilər. Aktyorluğun sirlərini öyrənirdim.

Bir haşiyə çıxım. 2002-ci ildə Milli Dram Teatrında “Hamlet” tamaşası
qoyulurdu, Layert rolu mənə həvalə edilmişdi. 60-cı illərdə səhnələşdirilən
“Hamlet” tamaşasında Layert rolunu Kamal Xudaverdiyev oynamışdı.

Elə oldu ki, məşq prosesində kostyum problemləri ilə üzləşdik. Kamal müəllim
problemimizin olduğunu hiss elədi. Hər gün bufetdə rastlaşırdıq. Soruşdu ki,
kostyum problemi var? Dedim ki, hə, kostyum çatışmır. Dedi, kostyumçulara de
ki, 60-cı illərdə mənim oynadığım Layert obrazının kostyumunu sənə versinlər.
Fikirləşirdim ki, Kamal müəllimin kostyumu mənə yekə olar. O, cüssəli aktyor
idi. Gördüm, yox, tamamilə mənim əynimə oturdu.

Tamaşada da Kamal müəllimin kostyumundan istifadə elədim. Bunu da özümə böyük
fəxr hesab elədim ki, Kamal müəllimin kostyumunu səhnəyə mən daşıdım. Həm də
böyük bir sənətkar gənc aktyora görün necə dəstək oldu…

– Hərçənd teatrlarda aktyorlar – xüsusilə yaşlı və gənc nəsil arasında
qısqanclıq, ədavət olduğunu deyirlər.

– Yox, yox, mən yaşlı aktyorların mənə qarşı qısqanclıq hissini görməmişəm.
Bunun əksini hiss eləmişəm. Həmişə köməklik göstərmələrini, yardımlarını
görmüşəm. Eləcə də digər aktyorların.

– Dediniz ki, sizi daha çox teleserialda oynadığınız Elməddin obrazı ilə
tanıyırlar. Halbuki teatrda çox rəngarəng, müxtəlif rollarda oynamısınız. Bu
sizi məyus etmir ki?

– Zatən belə də olmalıdır. Teatra 200, 300, 500 nəfər gəlib baxır, gedir.
Televizora isə eyni vaxtda bütün Azərbaycan baxır. Televiziya kütləvi baxış
məkanıdır. Ələlxüsus da ovaxtkı dövr üçün. O vaxt bir-iki kanal vardı və bir
günün içində məşhur ola bilirdin.

Televiziyada tanınmaq aktyora mane olmur. Bunun həm də teatra xeyri var. Elə
aktyor olur ki, sırf onu görmək üçün tamaşaya gəlib baxırlar. Bu qanunauyğun,
təbii bir haldır.

– Adətən populyar serialdan sonra aktyorların pərəstişkar ordusu meydana
gəlir. Yəqin sizdə də elə olub.

– O vaxtlar tamaşaçı üçün aktyor daha əlçatmaz idi. İndi artıq heç kimi
təəccübləndirə bilməzsiniz. İnternet, sosial şəbəkələr var. İndi populyar olmaq
da çətin deyil. “Facebook”a, “TikTok”a çıxdın, bir günün içində populyar ola
bilərsən.

O vaxt aktyorlara münasibət bir az başqaydı. Müqəddəslik, əlçatmazlıq
məsələləri vardı. Yadıma gəlir ki, mən o vaxt yataqxanada qalırdım. O ətrafda
yaşayan insanların bir qismi xəbər tutmuşdu ki, “İtkin gəlin”də oynayan aktyor
bu yataqxanada qalır. Gəlib baxmaq istəyirdilər.

Təsəvvür edin ki, yataqxana şəraitində, çarpayımda uzanmışam. Birdən qapı
açılır, bir qrup adam içəri girir və mən də başa düşmürəm ki, onlar niyə
gəlib… Bir nəfər də bələdçilik edir: “Baxın, həmin oğlan budur”.

– Təsəvvür edirəm. Həm gülməli, həm də kədərli situasiyadır. Bəs həmin anlarda
nə edirdiniz?

– Hə, ürəkaçan situasiya deyildi… Bilmirdim, üst-başımı səliqəyə salım, yoxsa
corabımı tapıb geyinim…

– Elşən müəllim, siz özünəqapalı insan olduğunuzu deyirsiniz. Amma söhbət
zamanı heç də dediyiniz adam təsiri bağışlamırsınız.

– Bu mənim özümdən asılı olmayan xüsusiyyətdir. Elə anlar olur ki, qapalı
oluram. Mən daha çox müşahidə etməyi, qulaq asmağı sevirəm. Çox vaxt rayona
gedəndə sürücünün yanında yox, arxada otururam. Qabaqda oturmaq o deməkdir ki,
sürücü ilə söhbət etməlisən.

Yəni özümlə daha çox baş-başa qalıram, özümlə daha çox ünsiyyətdə oluram,
özümü içimdə analiz edirəm. Bu o demək deyil ki, insanlara, cəmiyyətə
qapalıyam. Elə məqam olur ki, mən saatlarla danışıram, indi sizinlə danışdığım
kimi. Bu, qarşımdakı adamın səmimi münasibətindən də asılıdır.

– Belə insanlar özlərini mühakimə etməyə meyilli olurlar. Populyarlıq sizin
özünüzə olan münasibətinizi dəyişdimi, daha çox rəğbət oyatdımı?

– Rəğbət yox, inam deyərdim. Daha çox oynamaq, daha çox sevilmək həvəsi oyatdı.

– Bəs populyarlığın fəsadları, yan təsirləri necə?

– Yox, bunun mənə mənfi təsiri olmadı. Populyarlıq məni korlaya bilmədi. Mən
heç vaxt sənətimdən sui-istifadə etməmişəm. Hətta çox vaxt aktyor olduğumu
gizlədirəm. “İtkin gəlin”in adını isə soruşulmayana qədər çəkmirəm.

Sənətim məni bir insan, bir şəxsiyyət kimi püxtələşdirdi. Mənim zövqümü,
dünyaya baxışımı formalaşdırdı.

Ona görə də mən öz sənətimə minnətdaram. Həmişə də deyirəm ki, mən öz sənətimə
heç vaxt xəyanət eləməmişəm. Heç vaxt sənətimi yarı yolda qoymamışam. Sənətim
də heç vaxt mənə xəyanət etməyib. Mən sənətə dostum kimi baxmışam.

– Siz uzun müddət iki teatrda çalışmısınız. İndi, deyəsən, tamamilə Milli
Teatra keçmisiniz. Demək, nəhayət ki, Gənc Tamaşaçılar Teatrı ilə yollarınızı
ayırdınız…

– Gənc Tamaşaçılar mənim ilk addımlarımı atdığım doğma teatrdır. Orada uzun
müddət çalışmışam, orada yetişmişəm, püxtələşmişəm. Artıq püxtələşmiş halda
“Azdrama”ya gəldim. Sonra bura da mənim üçün doğma teatra çevrildi. Beləliklə,
iki doğma teatr qazandım.

Amma hər iki teatra vaxt çatdırmaq olmur. Ona görə tamamilə Milli Dram
Teatrına keçdim. Buna baxmayaraq, Gənc Tamaşaçılar teatrı ilə əlaqəmi tam
üzməmişəm, bəzi tamaşalarda yenə oynayıram.

– Mehriban Ələkbərzadənin gəlişindən sonra “Azdrama”da nə kimi yeniliklər var?

– Mehriban xanımın gəlişindən sonra repertuarımıza yeni tamaşalar daxil oldu.
Xaricdən də tamaşa səhnələşdirmək üçün rejissorlar dəvət edildi. Və beləliklə,
aktyorların bir yox, bir neçə rejissorla işləmək imkanları oldu.

Anarın “Dantenin yubileyi” əsərini səhnələşdirən rejissor Ərşad Ələkbərov
Sankt-Peterburqdan dəvət olundu. Çox uğurlu tamaşa alındı.

Hazırda Mehriban xanım özü “Əsrə bərabər gün” tamaşası üzərində işləyir. Biz
də onunla birlikdə çalışırıq və düşünürəm ki, çox maraqlı tamaşa olacaq.
Şəhərdən axşama qədər məşqlərimiz gedir. Ondan sonra da planlar çox böyükdür.
Teatrın repertuarı daha da zənginləşəcək.

– Xaricdən rejissor dəvəti yerli rejissorlarda narazılıq yaratmır ki? Adətən
belə olur.

– Yox, axı, onlar kənarlaşdırılmırlar. Onlar da işləyir, xaricdən gələn
rejissorlar da. Zatən xaricdən gələn rejissorlar çox olmur. İldə 1-2 rejissor
dəvət oluna bilər. Yerli rejissorlar isə buradadırlar və daim teatrla təmasda
ola bilirlər.

– “Dantenin yubileyi”nin adını çəkdiniz. Tamaşa oynanıldı, razı qalan
tamaşaçılar da oldu, narazı qalanlar da. Daha çox sual doğuran isə səhnədəki
avtobus idi. Bu nəyə işarə idi?

– Tutalım, bir rəssam qeyri-adi bir rəsm çəkir və hər tamaşaçı o rəsmdə fərqli
şeylər görür. Ümumiyyətlə, aktyorlar qastrol insanlarıdır. Avtobus həm də buna
işarə edir. Aktyorlar elə təkər üstündə olublar. Onların evi də odur, həyatı da
odur, səhnəsi də odur. Həm də “PAZ“ avtobusunun olması Kəbirlinskinin truppaya
bir paz olaraq yapışmasına işarə edir. Buna bir çox tərəflərdən baxa bilərik.

– Fəaliyyətiniz seriallarla da əlaqəli olduğuna görə bu sahədəki problemlərlə
bağlı fikirlərinizi bilmək istərdik. Son illərdə Azərbaycan seriallarında
gözəçarpan inkişaf gedibmi?

– Təxminən on il olar ki, serial bumu başlayıb. Seriallarımız göz
qabağındadır. Çatışmayan çox şeylər var. Elə seriallar var ki, xüsusilə məişət
serialları, düşünürsən ki, müəllif bunu hansı planet haqqında yazıb? Axı burada
azərbaycanlı həyatı yoxdur. Ümumiyyətlə, həyat yoxdur burada.

Bir də seriallarda diqqəti cəlb etmək üçün çox qara-qışqırıq, çığır-bağır var.
Hamı acıqlıdır. Gülən üz yoxdur. Gülən üzlə dialoq aparan insan yoxdur.

Mən də bu vəziyyətin içindəyəm, özümü kənara çəkmirəm. Və bilirəm ki, bu
dəyişilməlidir. Mənə elə gəlir ki, son illər dəyişikliklər var. Rejissorlar
başa düşürlər ki, artıq başqa müstəviyə keçmək vaxtıdır. Uğurlu seriallar var.
Məsələn, “Əqrəb mövsümü”, “Simurq”, “İfşa” serialları.

Mən gələcəyə nikbin baxıram. İnanıram ki, bu tipli, keyfiyyətli seriallar çox
olacaq.

– Siz özünüz sonuncu dəfə nə vaxt seriala çəkilmisiniz?

– Sonuncu dəfə elə bu yaxınlarda “Əqrəb mövsümü”nə çəkildim.

– Sizcə, “Əqrəb mövsümü”nün başgicəlləndirici uğuru nə ilə bağlı idi?

– Burada rejissorun öz dəsti-xətti var. Emil Quliyevin hər işi çox uğurlu
olur. Bu serialın uğuru həyat həqiqətlərinə sadə yanaşmasıdır. Obrazların
danışıq tərzi həyatidir, gerçəkdir. Biz gündəlik həyatımızda necə danışırıq?
Rus sözləri, türk sözləri də işlədirik. Bax, obrazlar o dildə danışır.

– Onda serialın yaxşı cəhəti həm də onun nöqsanına çevrilib, çünki serialdakı
danışıq tərzi Azərbaycan dilinin normalarına uyğun gəlmədiyi üçün çox tənqid
olundu.

– Mən Emil Quliyevin müsahibələrinə qulaq asdım, o dedi ki, axı həyatda biz
necə danışırıq? Rejissor həyatı necə varsa, elə göstərib. Məsələn, Emilin
filmlərinə baxanda elə bilirsən ki, gizli kamera qoyulub və insanların real
həyatını lentə alır. Elə bil ki, sənədli bir filmə baxırsan. Ona görə də bu,
tamaşaçıların marağına səbəb oldu.

– Siz bir aktyor kimi çəkiliş sirrini bir az aça bilərsiniz? Məsələn, çəkiliş
vaxtı sizdən nə tələb olunurdu? Bu çılpaq reallığa rejissor necə nail olur?

– Maksimal dərəcədə çalışırdıq ki, dialoqlar təbii alınsın. Əlbəttə, təbiilik
bayağı olmaq deyil. Bəzən elə bilirlər ki, əgər loru danışırlarsa, söyüş
işlədirlərsə, demək, təbiidirlər. Bu çox həssas məqamdır, burada çox incə
məqamlar var. Sanki sən ipin üstündəsən, hansı tərəfə getsən, uçurumdur. Ona
görə düz xətti tutmaq lazımdır.

Hər halda belə cəhdlərin, axtarışların olması yaxşıdır ki, hansısa bir nöqtəyə
gəlib çıxaq.

– Elşən müəllim, siz dublyajda da çalışırsınız. Bizim tamaşaçılar nə üçün öz
dilimizə dublyaj edilən filmləri sevmirlər, dublyaj səslərini isə ögey, saxta
səs kimi qəbul edirlər?

– Dublyajla bağlı mənim mövqeyim bir az başqadır, tamaşaçıların mövqeyindən
bir balaca fərqlənir. Düzdür, dublyajda çatışmayan cəhətlər var, amma mən hesab
etmirəm ki, bu sahə pis vəziyyətdədir. Bizim dublyajımız kifayət qədər normal
səviyyədədir, sadəcə, tamaşaçıların bu münasibəti dublyaja yox, dilimizə olan
münasibətdir. İnsanlar filmlərə rus dilində baxmağa öyrəşdikləri üçün belə
düşünürlər.

Məsələn, görürsən ki, ruslar xarici bir filmi çox başdansovdu dublyaj ediblər,
bütün filmi sadəcə bir diktor etinasız şəkildə, hissiz-həyəcansız səsləndirir.
Tamaşaçılar ona qulaq asmağa razıdır, amma bizim ürək qoyduğumuz dublyaja yox.
Onlar rus dilinə qulaq asmaq istəyirlər.

Ona görə deyirəm ki, dilə münasibət var burda. Bəli, bəzi tərcümələr o qədər
ürəkaçan olmur, dublyajın mayası tərcümədir. Amma bizim yaxşı tərcümələrlə
bağlı nümunələrimiz çoxdur. Biz istənilən xarici ölkəyə də dublyaj nümunələrini
göndərsək, onlar o tərcüməyə, o səslərə qulaq asıb deyəcəklər ki, afərin sizə.

– Əsrin yarısını yaşamısınız və bu həyatın yarıdan çoxunu teatra həsr
etmisiniz. Bu məqamdan sonra “Həyat bir teatrdır” fikri ilə razısınızmı?

– Dünya bir teatrdır, elədir ki, var

Qadınlar, kişilər aktyordurlar

Yeddi pərdəlidir burada hər əsər

Yeddi rol oynayır burada hər nəfər –

Şekspirin belə bir şeiri var… Əsl teatr elə həyatdır. Bizim oynadığımız
teatr daha təmiz, daha sevimlidir. Çünki biz səhnədə aktyorluq eləməməyə
çalışırıq. Amma həyatda hər addımbaşı bunu hiss edirik.

Dünyanın gedişi sanki bir ssenari üzərində qurulub. Sanki insanlar üzərində
bir tamaşa qurulub. Və çox təəssüf ki, bu həqiqi tamaşadır. Səhnədə aktyoru
vurursan, guya ölür, amma əslində ölməyib. Həyatdakı tamaşa isə insanların
müqəddəratını həll edir. Bax, bu çox təhlükəlidir…

Source link