Əməkdar artist Dilarə Əliyeva: “Oqtay gücünü mənə verib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Oqtay Əliyevin adı ilə bağlı televiziya üçün mükafat tərtib etmək istərdim.
İl ərzində televiziyada sözün əsl mənasında fərqlənənləri, sözünü deyə
bilənləri, işini bacaranları həmin nominasiya üzrə mükafatlandırmaq istərdim.
Fərq etməz, bu İncəsənət Universitetində, İncəsənət Gimnaziyasında, akademik
sənət dərsləri öyrədən bir məktəbdə tələbələrə təqdim oluna bilər”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva verilişlərin
birində mərhum həyat yoldaşı, tanınmış prodüser Oqtay Əliyev haqda danışarkən
deyib.
Aktrisa onun gücünü özündə hiss etdiyini qeyd edib:
“Televiziya sahəsində Oqtaydan çox şey öyrənmişəm. Əgər bu gün işlər yaxşı
gedirsə, o deməkdir ki, Oqtay yaxşı müəllim olub. Mən də yaxşı tələbə olmuşam,
bu gün də öyənirəm. İnsan hətta işini bilməyəndən də nəsə öyrənir, başa düşür
ki, nəyi etmək olmaz. Oqtay gücünü də mənə verib gedib. Onda “bu alınmır”,
“olmaz”, “bilmirəm nə edim” kimi kəlmələr yox idi. Elə bir çıxılmaz məqam olur
ki, onun gücü mənə gəlir və fikirləşirəm ki, Oqtay olsaydı, vəziyyətdən belə
çıxacaqdı.
Ən güclü xarakteri insanlara dəstək olmaq idi. O zənglər ki, Oqtaya gələrdi,
kömək istəyərdilər, indi də davam edir, ünvan dəyişməyib. Mən də heç kimə yox
deyə bilmirəm, hamıya qulaq asıram, bacaranda kömək edirəm, bacarmayanda isə
ürəyim yanır ki, yardım edə bilmədim”.
Qeyd edək ki, O.Əliyev ötən il martın 22-də avtomobil qəzasında dünyasını
dəyişib. Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada
avtomobildə olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə müalicədən sonra evə
buraxılıb.