Əməkdar artist Kübra Əliyevanın doğum günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Əməkdar artist Kübra Əliyevanın doğum günüdür.
Cixisyolu.com xatırladır ki, Kübra (Kübrabəyim) Ağa qızı Əliyeva 1950-ci il yanvarın
5-də Gəncə şəhərində anadan olub.
1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun
Mədəni-maarif fakültəsini bitirib. Sumqayıt Dövlət Dram Teatrında yaratdığı
Rasimə (“Anam gəldi”, Ş.Xusainov), Gülbadam (“Elbrus evlənir”, G.Xuqayev),
Gülnisə (“Solğun çiçəklər”, C.Cabbarlı), Adilə (“Ana məhəbbəti”, Y.Məmmədov),
Pəri xala (“Sən nə üçün yaşayırsan”, İ.Qasımov və H.Seyidbəyli) obrazları ilə
məşhurlaşıb.
Kübra Əliyeva Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində
çalışarkən Gövhər xala (“Gözün aydın”, M.Əlizadə), Balı (“Qızıl toy”,
R.Heydər), Gülbadam (“Sevgilimin anası”, G.Xuqayev), Sənəm (“O olmasın, bu
olsun”, Ü.Hacıbəyli), Balaxanım (“Sonqulunun sərgüzəştləri”, R.Əhmədzadə) və s.
obrazlarını yaradıb.
Kübra Əliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. Teatrın
səhnəsində Ponsiya (“Dişi canavar”, F.Lorka), Nazilə (“Dəlilər və ağıllılar”,
İ.Əfəndiyev), Hayqanuş (“Hökmdar və qızı”, İ.Əfəndiyev), Qaraqoyunlu ana
(“Ağqoyunlular və Qaraqoyunlular”, Ə.Əmirli), Firəngiz (“Ah, Paris-Paris!..”,
Elçin), Ana (“Eloğlu”, A.Şaiq) rollarını canlandırıb.
Aktrisa “Evləri köndələn yar” (Bazarkomun arvadı), “Analar” (Zərbuta), “İtkin
gəlin” (Xədicə), “Sabiqlər” (Nazirin arvadı), “Sonuncu məhəbbət” (Ümbülnisə)
teletamaşalarında iştirak edib.
Kübra Əliyeva “Axırıncı aşırım” (tammetrajlı bədii film, 1971), “Şəbih” (film,
1971), “Evləri köndələn yar” (film, 1982), “Sonuncu məhəbbət” (film, 1985), “Bu
da bir naxışdır” (film, 1987), “Gülüş sanatoriyası” (film, 1989), “Şahid qız”
(film, 1990), “Şirbalanın məhəbbəti” (film, 1991), “İtkin gəlin” (film, 1994),
“Mənim ağ şəhərim” (film, 1994), “Canavar balası” (film, 1997), “Sabiqlər”
(film, 1999), “Sabiqlərin yeni sərgüzəştləri” (film, 2000), “Güllələnmə təxirə
salınır!..” (film, 2003), “Məhəllə” (film, 2003), “Məhəllə-2 Moskvada” (film,
2004), “Tam məxfi” (film, 2004), “Məşədi İbad-94” (film, 2005), “Evləri
göydələn yar” (film, 2010) kimi filmlərdə özünəməxsus rolları ilə sevilib.
Kübra Əliyeva 2000-ci ildə Respublikanın “Əməkdar artisti” fəxri adına layiq
görülüb. 2006-cı ildən Prezident təqaüdçüsüdür.