Əməkdar artist Suğra Bağırzadənin doğum günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycan aktrisası və rəssamı, Azərbaycan Respublikasının Əməkdar
artisti Suğra Bağırzadənin doğum günüdür.
Cixisyolu.com xatırladır ki, Suğra Bağırzadə 10 fevral 1947-ci ildə Bakı şəhərində
anadan olub.
Orta təhsilini Bakıda 7 saylı tam orta məktəbdə alıb. Uşaq yaşlarından
incəsənətə böyük marağı olub. İlk uğuru 1959-cu ildə Moskvada keçirilən
Azərbaycan mədəniyyəti ongünlüyündə “Bolşoy Teatr”ın səhnəsində solo ifa etdiyi
“Cücələrim” mahnısı olub. Məhz Suğra Bağırzadənin ifasında və maestro Niyazinin
dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə
“Cücələrim” mahnısı “Artek” pioner düşərgəsində buraxılan “Dünyanın ən yaxşı
uşaq səsləri” musiqi valına daxil edilib.
12 yaşında istedadlı qız “Azərbaycanfilm” kinostudiyasına dublyaj aktrisası
kimi dəvət olunub. Səkkizinci sinifdə oxuyarkən rejissor Zeynəb Kazımovanın
“Yollar və küçələrlə” qısametrajlı filmində baş rolda çəkilib. 1963-cü ildə o,
Ağarza Quliyevin böyük populyarlıq əldə etmiş, o vaxtdan böyük uğur və tamaşaçı
məhəbbəti qazanan “Ulduz” filmində Yetər roluna dəvət olunub.
Suğra Bağırzadə 1970-ci ildə Azərbaycan Neft Akademiyasının
Mühəndislik-texnologiya fakültəsini bitirdikdən sonra yenidən kinostudiyaya
mühəndis kimi qayıdıb. Bununla yanaşı aktrisa kimi fəaliyyətini davam etdirib
və bir çox filmlərdə yadda qalan obrazlar yaradıb.
Onun əvvəllər güllərlə işləmək həvəsi kimi başlanan hobbisi tədricən daha bir
peşəyə keçib. Təbii güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam
şöhrətini gətirib. “Floristika” İncəsənətə Dəstək adlı ictimai birliyin
yaradıcısıdır.
Aktrisa həm də Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Kinematoqrafçılar,
MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasının, həmçinin 2004-cü
ildən Ümumdünya Floristlər Şurasının üzvüdür. Bu şuraya 27 ölkə daxildir.
Şurada nəinki Azərbaycanın, həmçinin türkdilli ölkələrin ilk və yeganə
təmsilçisidir. Şura tərəfindən “Floristika sənayesində yeni peşəkar istiqamət”
sertifikatı ilə mükafatlandırılıb. 200-dən artıq əsəri var. Bu günə qədər
Latviya, Rusiya, Fransa, Malayziya, Yeni Zelandiya, Böyük Britaniya, Xorvatiya,
Yaponiya, Çin kimi ölkələrdə Azərbaycanı təmsil edib.
Həmçinin Ümumdünya Floristlər Şurasının müxtəlif ölkələrdə keçirilən
sammitlərində əsərləri nümayiş olunub. Azərbaycan dilində ilk dəfə nəşr edilən
“Floristika” kitabının müəllifidir. 16 dekabr 2016-cı ildə mədəniyyətə verdiyi
böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqının Birləşmiş Millətlərin
İctimai Mükafat üzrə Şurası tərəfindən “Fayda, şərəf və şöhrət” ordeni ilə
təltif edilib. 1 avqust 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.