ab186fd5-2a71-4f8f-9756-f3756566d72a..jpg

Əmanətçilər üçün əla şans – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 626 dəfə baxılıb.

Əmanətçilər üçün əla şans – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əgər vətəndaşın bankda 50 min manat depoziti varsa, səkkiz faizlik depozitlə
onun illik gəliri dörd min manat edir. Bu zaman dörd min manatdan 2400 manat
çıxılır. Vətəndaş yerdə qalan 1600 manatdan 10 faiz vergi verməlidir.

Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, Azərbaycanda vətəndaşların banka
qoyduğu əmanətlərdən gələn aylıq faiz gəlirlərinin vergidən azad olunması
prosesi həyata keçiriləcək. Xatırladaq ki, bundan öncə banklardakı əmanətlərdən
gələn aylıq faiz gəlirləri 10 faiz həcmində vergiyə cəlb edilirdi. Bu qaydadan
həm insanlar, həm mütəxəssislər narazı idi. İndi bu qaydalara dəyişiklik
edilməsi nəzərdə tutulur. Lakin burada aydın olmayan məqamlar mövcuddur…

Mövzuyla bağlı “Kaspi”

qəzetinin məqaləsini təqdim edirik.

Əsas mahiyyət gəlirlərin vergidən azad olunmasıdır

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü,
deputat Vüqar Bayramov dedi ki, Vergi Məcəlləsinə əmanətlərdən gələn faizlərlə
bağlı iki dəyişiklik edilməsi nəzərdə tutulub: “Dəyişikliklərin əsas mahiyyəti
orta əmanətə sahib vətəndaşların aylıq və illik gəlirlərinin vergidən azad
olunmasıdır. Yeni qaydaların yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Dəyişikliklərə görə, aylıq 200 manata, illik 2400 manata qədər olan faiz
gəlirləri vergidən azad ediləcək. Əgər vətəndaşın bankda 30 min manatlıq
əmanəti varsa, həmin əmanətə görə səkkiz faiz gəlir hesablanırsa, bu o deməkdir
ki, vətəndaşın illik əldə etdiyi gəlir 2400 manatdır. Bu halda vətəndaşın bütün
il ərzində faizdən qazandığı gəlir tamamilə vergidən azad olunur. Yox, əgər
vətəndaşın bankda 50 min manat depoziti varsa, vergi səkkiz faizdən
hesablanırsa, həmin vətəndaşın illik gəliri dörd min manat edir. O zaman dörd
min manatdan 2400 manat çıxılır. Vətəndaş yerdə qalan 1600 manatdan 10 faiz
vergi verməlidir. Yəni müştərinin illik 4000 manatlıq gəlirinin 160 manatı
vergiyə tutulur. İkinci dəyişiklik isə belədir ki, əgər vətəndaş 18 aylıq
əmanət yerləşdiribsə, o, əldə etdiyi gəlirdən asılı olmayaraq tamamilə vergidən
azad olunacaq”.

Banklarda əmanətlər artacaq?

Millət vəkilinin fikrincə, bu dəyişikliyin iki səbəbi var: “Hər iki yeniliyin
əsas məqsədi banklara daha çox əmanətin cəlb edilməsinə nail olmaqdır. Çünki
2023-cü ilin fevralından etibarən vergi güzəştlərinin ləğv edilməsi banklara
əmanətlərin cəlb olunmasına birbaşa təsir göstərmişdi. Digər məqsəd isə ondan
ibarətdir ki, 18 ay və daha uzun müddətli əmanətlərin sayı artsın”.

Hüquqi yox, fiziki şəxslər

Azərbaycan Banklar Assosiasiyasının eksperti, bank məsələləri üzrə mütəxəssis
Qorxmaz Ağayev bildirdi ki, qanunda ediləcək birinci dəyişikliyə görə, güzəşt
müddəti nəzərdə tutulmayıb: “Depozitlərlə bağlı olan iki dəyişiklik də yalnız
fiziki şəxslərə aiddir. Hüquqi şəxslərə şamil edilmir. Əvvəl əmanətə görə
ödənilən məbləğdən 10 faiz vergi tutulurdu. İndi edilən dəyişikliyə görə aylıq
200 manatadək, qazanc varsa, ondan heç bir vergi tutulmayacaq. 200 manatdan
yuxarı gəlirlərə isə yenə də 10 faiz vergi tətbiq olunacaq. Bu dəyişikliklə
bağlı güzəştin qüvvədə olma müddəti göstərilməyib. Yəni qanun dəyişməyənə qədər
qüvvədə qalacaq”.

Yalnız milli valyuta üçün keçərlidir

Q.Ağayevin sözlərinə görə, ikinci dəyişiklikdə isə güzəşt müddəti təyin
edilib: “Vətəndaşlar əmanətlərini 18 aydan çox müddətə qoyarlarsa, ayda 100 min
manat gəlir əldə etsələr də, heç bir vergi ödəməyəcəklər. Bu dəyişikliyin
qüvvədə olma müddəti hazırda üç ildir. Dəyişikliklər yalnız milli valyutada
qoyulan əmanətlərə aiddir. Digər valyutalarda olan əmanətlərə bu güzəştlər
tətbiq edilməyəcək”.

Daha uzunmüddətli kredit imkanı

Ekspert qeyd etdi ki, yenilik həm banklar, həm də insanlar üçün faydalıdır:
“Bu dəyişikliklərin əsas əhəmiyyəti vətəndaşların bank sisteminə inamını daha
da gücləndirərək onları pullarını daha uzun müddətə banka qoymağa təşviq
etməkdir. Vətəndaş üçün də önəmlidir ki, əlində nağd pul saxlamayacaq, banka
qoyduğu vəsaitdən uzunmüddətli gəlir əldə edəcək və heç bir vergi də
ödəməyəcək. Bank üçün isə əhəmiyyəti budur ki, əhalinin depozitləri bankın
fəaliyyətinin əsas maliyyə mənbələrindən biridir. Cəlb edilmiş depozitlər
hesabına banklar kreditləşmə fəaliyyətini daha da gücləndirəcəklər. Banklar
üçün ikinci faydası odur ki, daha uzunmüddətli kreditlər verə biləcəklər.
Vətəndaş biləcək ki, 18 ay müddətinə depozit qoysa və onu çıxarmasa tam vergi
güzəşti şamil olunacaq. Belə olan halda əmanətinə toxunmayacaq və bank da həmin
vəsait hesabına daha uzunmüddətli kreditləşmə həyata keçirəcək”.

Əmanət həm də investisiya alətidir

Q.Ağayev düşünür ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər həm də
iqtisadiyyatımızın güclənməsinə səbəb olacaq: “Əmanət həm də investisiya
alətidir. Bu halda onların investisiya aləti kimi cəlbediciliyi daha da
artacaq. İqtisadiyyat üçün də faydalı olacaq ki, vətəndaşlar vəsaitləri nağd
yox, bank hesablarında saxlayacaqlar. Beləliklə, iqtisadiyyatın
nağdsızlaşdırılması prosesi daha da sürətlənəcək”.

Source link