Əmanətlər üzrə gəlirlərə vergi güzəştləri qayıdır?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Pərviz Heydərov yazır…
Banklarda yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergilərə güzəşt tətbiqi
qismən bərpa olunur. Bu ilin fevralın 1-dən 7 illik fasilədən sonra bu sahədə
bütün mövcud müvafiq güzəştlər ləğv olunmuşdu.
Söhbət, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın
1-dən 7 il müddətinə yerli banklar və xarici bankların ölkəmizdə fəaliyyət
göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik
faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi haqqında qərarın müddətinin
başa çatmasından gedir.
Sözügedən vergi güzəşti 2016-cı ilin fevralından yeddi il ərzində mövcud idi.
Cari ilin fevralın 1-dən əmanətlər üzrə gəlirlərdən 10% vergi tutulmağa
başlandı. Bu müddətədək isə əmanətlər üzrə gəlirlər tam olaraq ödənilirdi.
Əslində o zaman da banklara əmanət yerləşdirilməsi, dividend və yaxud depozit
faizləri sahəsində müsbət ab-hava hökm sürürdü.
Yəni, heç bir problem yox idi.
Problemlər və yaxud söz-söhbətlər, cari ilin fevralın 1-dən başladı. Və bu da,
banklarda yerləşdirilən əmanətlər üzrə bir növ maneəyə çevrilərək, az qala
mənfi tendensiya üçün zəmin yaratdı.
Belə ki, banklarda fiziki şəxslərin, yəni əhalinin əmanətlərinin azalması bu
il ilk dəfə olaraq məhz fevralda qeydə alındı – 0,2% səviyyəsində… Sonrakı
aylarda – martda, apreldə, mayda və iyunda isə əmanət həcmi artmaqda davam etdi.
Odur ki, sual yaranır, əmanətlərin həcminin azalması əgər, gəlirlərdən 10%
vergi tutulmasının bərpasının təsiri nəticəsində başladısa bəs, sonrakı aylarda
nəyə görə davam etmədi?
İyulda əmanətlərin azalması əvvəlki aya nisbətən 0,3%, avqustda isə 1% təşkil
edib. Yəni, temp zəifləyib.
Həmçinin, sentyabrın sonuna ev təsərrüfatlarının sahiblərinin əmanət həcmi 12
milyard 580 milyon 100 min manat təşkil edib ki, cari ilin 1 noyabr tarixinəsə
bu rəqəm 12 milyard 271 milyon 200 min manat olub.
Bu, 1 ay əvvələ görə 1,2% və ya 147 milyon 300 min manat az deməkdir.
Oktyabr ayı ərzində fiziki şəxslərin əmanətləri üzrə baş vermiş bu azalma isə
ölkənin bank sektorunda Mərkəzi Bank tərəfindən lisenziyası geri alınaraq
bağlanılan bankla əlaqədar izah edilir.
İllik müqayisədə isə fiziki şəxslərin əmanətlərinin həcmi 9% artıb.
Bir sözlə, hələ fevralda yazmışdım ki, vergi güzəştinin ləğvi əhalinin
əmanətləri banklardan geri çəkməsinə zəmin yarada bilməz. Yalnız müəyyən
psixoloji təsirlər və xof ortaya çıxara bilərdi ki, bu da keçici xarakter
daşıyacaq.
Ən azı ona görə ki, ölkədə maliyyə sarıdan vəziyyət sabitdir, manatın dəyəri
möhkəmdir, xarici valyuta ilə yığıma isə maraq yoxdur. Üstəlik, söhbət əmanətin
özündən deyil, onun il ərzində gətirdiyi dividenddən, yəni gəlir vergisindən –
cəmi 10%-dən gedir.
Bəs, problemin kökü əslində nədədir?
Əmanətlərin həcminin zəif tempdə artması, ümumiyyətlə, cari ildə
azalıb-artması başqa səbəblərlə əlaqədardır. Söhbət, fiziki şəxslərin
əmanətlərindən gedir.
Buraya ölkədə inflyasiya və istehlak qiymətlərinin davamlı olaraq bahalaşması
səbəbindən əhalinin gəlirlərinin bir hissəsini əvvəlki kimi yığıma yönəldə
bilməməsi, banklar tərəfindən depozitlər üzrə təklif olunan gəlirlilik
səviyyəsi, bankların özlərinə inam məsələsi, mövsümi amillər və sair məsələlər
daxildir.
Əmanətlərinin azalma səviyyəsi o qədər də çox deyil. Azalma il ərzində yalnız
fevral, iyul və avqust ayları ərzində və bir də qeyd etdiyim kimi oktyabrda
qeydə alınıb. İyul və avqust əhalinin xərclərinin adətən artıq xarakter
daşıdığı aylar sayılır, oktyabrda isə bir bank bağlanıb.
Söhbət ondan getməlidir ki, ölkədə vətəndaşlar tərəfindən əmanət qoyuluşu
həcmi ümumən, qənaətbəxşdir, yoxsa yox? Təkrar edirəm, gəlirlər üzrə vergi
güzəştinin ləğvindən sonra əmanət qoyuluşu əslində azalmayıb.
Lakin, vəziyyət qaneedicidirmi? – Xeyr.
Əhali banklara əmanət yerləşdirilməsində uzunmüddətli olaraq etibar etmir.
Vəsaiti çox olanlar onu banka əmanət olaraq deyil, daşınmaz əmlaka yatırmağa
üstünlük verir. Niyə? Çünki daşınmaz əmlaka yatırılan vəsait banka qoyulan
depozitdən risksiz xarakter daşıyır. Banka yatırılan əmanət bankın müflis
olacağı təqdirdə bata bilir, daşınmaz əmlaka qoyulan isə yox.
Ona görə də ölkədə banklarda yerləşdirilmiş qısamüddətli əmanətlərin həcmi
uzunmüddətlidən bir neçə dəfə çox təşkil edir. Mərkəzi Bankın sədri Taleh
Kazımov da qeyd edib ki, bu narahatedici faktdır. “Bir ilədək əmanətlərin ümumi
əmanətlərdə payı 81% təşkil edir”, – deyə sədr nəzərə çatdırıb.
Mərkəzi Bankın sədri ikinci narahatlıq doğuran məqamı da vurğulayıb: “30 min
manatadək əmanəti olan əmanətçilərin sayı 73% təşkil edir. Əhali banka daha çox
30 min manatadək məbləğdə əmanətlər yerləşdirir”.
Hesab edirəm ki, problemin kökü də məhz bunda axtarılmalıdır. Belə ki, qeyd
olunan rəqəmlər əslində, banklara inam olmadığını və üstəlik gəlirliliyin də
qaneedici xarakter daşımadığını göstərir.
Şərt o deyil ki, banka qoyulan pul kütləsi və depozit bankın iflası
nəticəsində batma təhlükəsi altında olsun, – həmin vəsait dəyərini itirə və
inflyasiyaya da uğraya bilər. Belə bir şans hər zaman realdır. Buna dair ortada
heç bir sığorta mexanizmi mövcud deyil.
Birinciyə dair nəzərə çatdırım ki, ölkədə Əmanətlərin Sığortalanması Fondu
fəaliyyət göstərdiyindən bağlanan banklarda əhalinin əmanətləri batmayıb.
Söhbət, sığortalı əmanətlərdən gedir. Bu cür əmanətləri milli valyutada illik
maksimum 12%, xarici valyutada isə 2,5% dərəcəylə yerləşdirilən vəsaitlər
təşkil edir.
Eyni banka isə 100 min manatadək əmanət qoymaq olar.
Ancaq istehlak qiymətlərinin dəyişməsi, inflyasiya, devalvasiya təhlükəsi ilə
bağlı banka qoyulan istənilən vəsait risk altında sayılır. Daşınmaz əmlaka
yatırılan vəsaitsə heç bir gəlir gətirmədiyi halda da belə, yatırıldığı
vaxtdakı dəyərini qoruyub saxlayır.
Çünki daşınmaz əmlak bazarında qiymətlər heç vaxt enmir.
Odur ki, əhalinin sərbəst vəsaitlərini nəyə görə daha çox ev, torpaq, obyekt
almağa sərf etdiyi, buna üstünlük verdiyi və alternativ olaraq yüksək gəlir vəd
edən banklara yerləşdirməkdən imtina etmələrinin səbəbi aydın görünür.
Ancaq banklar bunun müqabilində sükut nümayiş etdirməli, passiv mövqe
tutmalıdırlarmı? Sərbəst vəsaitlərin axınına sadəcə tamaşa etməlidirlərmi? –
Xeyr.
Banklar əhalinin inamını qazanmaq üçün depozit cəlbini stimullaşdırmalı, bu
sahədə müvafiq addımlar atılmalı, biri-birləri arasında ciddi rəqabətə
girməlidirlər.
Bəli, məlum bahalaşma və inflyasiya ilə əlaqədar gəlirlər əvvəlki kimi sərbəst
vəsaitlərin formalaşmasına şərait yaratmır, istehlak xərcləri artıb, yığım
imkanları daralıb və sair…
Ancaq o da var ki, əmanət yerləşdirilməsi də cəlbediciliyini itirib,
vətəndaşlar bunda stimul görmürlər. Əmanətlərin Sığortalanması Fondu və banklar
isə bu sahədə heç bir yenilik tətbiq etmək niyyətində deyil.
Amma dividend üzrə vergiyə güzəşt tətbiqinin zəruri olması haqdasa geniş
danışılır. Bunun ləğvinin banklarda əmanətlərin həcminə mənfi təsir etdiyi
israrla iddia olunur və sair.
Əmanətlər üzrə gəlirlərə vergi güzəştləri qismən, yəni diferensiallaşdırılmış
şəkildə olmaqla yalnız iki formada bərpa olunacaq. Birincisi, fiziki şəxslərin
hər bir bankda milli valyutada olan əmanətləri üzrə hesablanan aylıq faiz
gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azad ediləcək.
İkincisi isə fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətləri
üzrə 18 ay və daha artıq müddətə yerləşdirilən, əmanət məbləği 18 aydan tez
ödənilmədiyi zaman hesablanan faiz gəlirləri 3 il müddətinə tam olaraq vergidən
azad ediləcək.
Sosial aspekt və stimullaşdırıcı amillər baxımından bu güzəştlər səmərəli və
bəlkə də vacibdir. Ancaq istənilən güzəşt sektorun inkişafı üçün zərərlidir və
ciddi ləngidici amil xarakteri daşıyır.