d0274926-f2f5-4cf9-8214-c83854978a98..jpg

ƏMDX Füzuli rayonu üzrə bəzi məlumatları açıqladı – FOTO

Baxış sayı: 624 dəfə baxılıb.

ƏMDX Füzuli rayonu üzrə bəzi məlumatları açıqladı – FOTO

Füzulinin işğaldan azad olunmuş hissəsində 71 735 hektar çöl torpaq tədqiqatı,
19 min hektara yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri həyata keçirilib
və 33 677 hektar ərazinin elektron kadastr məlumat bazası və rəqəmsal kadastr
xəritələri hazırlanıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
(ƏMDX) məlumat yayıb.

Bildirilib ki, ƏMDX tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgəsində
torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin elektron kadastr uçotu,
eləcə də torpaqların bonitirovkası, iqtisadi qiymətləndirilməsi və s. kimi
torpaq kadastrı və yerquruluşu işləri davam etdirilir.

Bu işlərin həyata keçirilməsi bölgənin malik olduğu torpaq ehtiyatlarının
həcminin, məqsədli təyinatına uyğun tərkibinin müəyyən edilməsinə imkan verəcək.

Bu ilin may ayından etibarən Laçın, Ağdam rayonları ilə yanaşı, Füzuli
rayonunun işğaldan azad olunmuş hissəsində kadastr və yerquruluşu işləri
aparılır. İşğaldan azad edilmiş ərazilərdə aparılmış yerquruluşu işləri
çərçivəsində bu günədək Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Laçın, Füzuli və
Ağdam rayonları üzrə ümumilikdə 687 min hektara yaxın ərazidə çöl ölçmə işləri
icra olunub.

Qeyd edək ki, dağıdılmış yaşayış məntəqələrinin, kənd təsərrüfatı təyinatlı
torpaqların, meşələr və digər təyinatlı torpaqların, o cümlədən onların
hüdudları daxilində yerləşən bütün komponentlərin koordinatları Əmlak
Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən çöl ölçmə işləri zamanı
müasir cihazlarla təyin olunur. Ərazidə GPS vasitəsilə çöl ölçmə işlərini
aparmaq üçün fasiləsiz fəaliyyət göstərən AzPOS stansiyalarına istinad edilir.

Torpaq kadastrı işləri çərçivəsində, həmçinin, torpaqların iqtisadi
qiymətləndirilməsi həyata keçirilir. Bu günədək Zəngilan, Qubadlı, Kəlbəcər,
Cəbrayıl, Laçın, Ağdam və Füzuli rayonları üzrə ümumilikdə, 541 531 hektar
ərazidə çöl torpaq tədqiqatı, 490 060 hektar ərazidə çöl geobotaniki
tədqiqatlar aparılıb, torpaq və bitki nümunələri götürülərək aqrokimyəvi
analizlərin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və
Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin
laboratoriyalarına verilib.

Torpaq və geobotaniki tədqiqatların nəticələri torpaqların vahid elektron
kadastrı uçotu informasiya sisteminə daxil edilir.

İşğaldan azad olunmuş ərazilərdə torpaqların kəmiyyət və keyfiyyət
göstəriciləri ilə bağlı aparılan elektron kadastr uçotu daşınmaz əmlakın vahid
dövlət kadastrının formalaşdırılmasına, torpaqlardan istifadənin və onun
mühafizəsinin səmərəliliyinin artırılmasına, torpaq ehtiyatlarının səmərəli
idarə edilməsinə imkan verəcək.

Source link