6bab923b-feb6-46a1-b466-26a2be47db2a..jpg

Emil Mpenza: “Neftçi” karyeramın yaxşı dönəmi kimi yaddaşımda qalmayıb” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 845 dəfə baxılıb.

Emil Mpenza: “Neftçi” karyeramın yaxşı dönəmi kimi yaddaşımda qalmayıb” –
MÜSAHİBƏ + FOTO

O, karyerası ərzində Belçika, Almaniya, Qətər, İngiltərə və İsveçrədə çıxış
etsə də, ilk və yeganə ölkə çempionluğunu Azərbaycanda qazanıb.

Söhbət bir zaman “Neftçi”yə transferi ilə böyük ajiotaja səbəb olmuş Belçika
millisinin sabiq futbolçusu Emil Mpenzadan gedir.

Sabiq hücumçu karyerasına 1995-ci ildə ölkəsi Belçikanın “Kortriyk” klubunda
başlayıb. “Muskron” və “Standard”da da çıxış edən keçmiş hücumçu ardından
legioner həyatı yaşamağa başlayıb. Əvvəlcə Almaniyada “Şalke” və “Hamburq”da
oynayan Mpenza bir il Qətərin “Ər-Rayyan” klubunda çıxış etdikdən sonra
karyerasında pik həddə yüksəlib.

Onun budəfəki dayanacağı İngiltərə olub. 2007-2009-cu illərdə “Mançester Siti”
və “Plimut”un şərəfini qoruyan Belçika millisinin sabiq forvardı 2010-cu ilin
yayında İsveçrə təmsilçisi “Sion”dan “Neftçi”yə keçib.

2010/2011 mövsümündə Arif Əsədovun rəhbərliyi altında Premyer Liqada keçirdiyi
23 oyunda 6 qol vuran Mpenza üçün növbəti mövsüm uğursuz alınıb. Baş məşqçi
postuna gətirilən Böyükağa Hacıyev ona çox şans verməyib. Cəmi 8 matçda iştirak
edən belçikalı mövsümün sonunu gözləmədən Azərbaycanı tərk edib.

2013/2014 mövsümünü ölkəsinin aşağı liqa təmsilçisi “Endraxt Aalst” klubunda
keçirən ulduz futbolçu 36 yaşında karyerasını başa vurub.

Emil Mpenza “Report”a müsahibəsində “Neftçi”də keçirdiyi dönəmi xatırlayıb,
eyni zamanda “Qarabağ”ın UEFA Konfrans Liqasında “Gent”, Azərbaycan millisinin
isə AVRO-2024-ün seçmə mərhələsində Belçika önündə şanslarını dəyərləndirib.

– 2010-cu ildə “Neftçi”yə keçidiniz Azərbaycanda böyük səs-küyə səbəb olmuşdu.
Maraqlıdır, “Neftçi”yə transfer barədə qərarı qəbul etməyinizə nə səbəb olmuşdu?

– Müxtəlif ölkələrin klublarında çıxış etmişdim. Bildiyiniz kimi, zədələrlə
əlaqədar böyük futbol ölkələrində axıra qədər qala bilmədim. “Sion”da
oynayarkən “Neftçi” variantı ortaya çıxdı. Yeni ölkə, fərqli çempionat mənə
cəlbedici gəldi. Həm də yenidən forma yığıb daha güclü liqaya keçməyi
hədəfləyirdim. Halbuki “Sion”da uğurlu mövsüm keçirmişdim və qalmağımı
istəyirdilər. İsveçrə klubu ilə müqavilə davam etsə də, rəhbərliyin münasibəti
ürəyimcə deyildi. Buna görə “Neftçi”nin təklifini qəbul etdim.

– “Neftçi”də olarkən “Mançester Siti”dəki parlaq Mpenzanı izləyə bilmədik.
Azərbaycana uyğunlaşma problemi yaşadınız?

– “Neftçi”də ilk vaxtlar hər şey yaxşı idi, oynadıqca forma yığırdım. Bəzi
görüşlərdə vacib qol da vurdum. Təkcə hücumda deyil, cinahda və ikinci hücumçu
mövqeyində də oynayırdım. Zədələndikdən sonra komandada baş məşqçi dəyişikliyi
oldu. Yeni baş məşqçi nədənsə mənə əsas heyətdə şans verməməyə başladı. Halbuki
zədəmi sağaltdıqdan sonra normal qaydada məşqlərimi edirdim. Baş məşqçi isə
məni ehtiyatda saxladı. Səbəbini izah da etmədi. “Neftçi” rəhbərliyinin mənə
qarşı münasibəti çox yaxşı idi. Ancaq oynamadığım yerdə çox qala bilməzdim.

– Karyeranızın Azərbaycan dönəmi sizin üçün məyusedici alındı?

– Azərbaycanı çox bəyəndim, inkişaf edən gözəl ölkədir. Ancaq futbol
komponentləri ürəyimcə olmadı. “Neftçi” karyeramın heç də yaxşı dönəmi kimi
yaddaşımda qalmayıb. Bu barədə çox danışıb xatırlamaq istəmirəm. Amma orada baş
məşqçi dəyişikliyindən sonra, həqiqətən də, işlərim pisə doğru getdi.

– Azərbaycan çempionatının səviyyəsi də ürəyinizcə olmadı?

– Əslində, Azərbaycan çempionatında gərgin mübarizə gedirdi. “Neftçi” və
“Qarabağ” həmin vaxt da əsas rəqiblər sayılırdılar. Onlarla yanaşı, başqa 1-2
komanda da çempionluğa oynayırdı. Liqanın səviyyəsi heç də aşağı deyildi.
Məsələn, həmin vaxtkı “Neftçi” Belçika çempionatında mübarizə apara biləcək
gücdə idi. Onları Azərbaycanın “Anderlext”i hesab edirdim.

– “Neftçi”dən ayrıldıqdan sonra uzun müddət klubsuz qalmağınız nə ilə bağlı
idi?

– Həmin vaxt Çin, Qətər və Türkiyədən təkliflərim var idi. Hətta Belçikada
oynamaq variantı da yaranmışdı. Lakin bəzilərindən konkret təklif gəlmədi,
bəziləri ilə isə maddi məsələdə ortaq məxrəcə gələ bilmədik. Düzü, hələ
“Neftçi”də olarkən ailəm üçün darıxırdım. Ona görə Belçikaya qayıtmaq
istəyirdim.

– Azərbaycanı bəyəndiyinizi dediniz. Burada sizi təəccübləndirən məqamlar
hansılar idi?

– Orada insanlar çox mehriban idilər. Həmişə kömək etməyə çalışırdılar. Bəzən
şəhərdə gəzəndə yaxınlaşıb şəkil çəkdirirdilər. Rahat, təhlükəsiz gəzə
bilirdim. Bakını, yerli mentaliteti bəyənirdim. Yeganə xoşuma gəlməyən tıxaclar
idi. Hətta bəzən sürücülər qırmızı işığa da məhəl qoymurdular.

– “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Belçika
klubu “Gent” üzərində 1:0 hesablı qələbə qazandı. Həmin görüşü izləyə bildiniz?

– Bəli, matça baxdım. Açığı, “Qarabağ” məni təəccübləndirdi. Onlardan belə
performans gözləmirdim. Fikrimcə, layiqli qələbə qazandılar. Hətta deyərdim ki,
1-2 epizodda “Gent”in bəxti gətirdi.

– Fevralın 23-də Gentdə baş tutacaq cavab qarşılaşmasından nə gözləyirsiniz?

– Səfərdə uduzmasına baxmayaraq, “Gent”i favorit sayıram. Əminəm ki,
həmyerlilərim doğma azarkeşləri önündə sona qədər vuruşacaqlar. Bu dəfə
“Qarabağ”ı çox çətin oyun gözləyir.

– AVRO-2024-ün seçmə mərhələsində də Azərbaycan və Belçika yığmaları eyni
qrupda yer alıblar. Yığmamızın Belçika önündə şanslarını necə görürsünüz?

– Azərbaycan millisinin oyununa baxmadığım üçün hansı səviyyədə olduğunu deyə
bilmərəm. Amma fikrimcə, Belçika heç də pis qrupa düşməyib. Burada İsveç və
Avstriya yığmamızla mübarizə apara bilər. Belçika ilə Azərbaycan futbolunu
milli səviyyədə müqayisə etmək doğru olmaz. Düzdür, komandanız seçmə
mərhələlərdə hərdən sürpriz edə bilir. Lakin bunun millimizə qarşı baş
verməsini real saymıram. Məncə, Azərbaycan yığmasının Belçika önündə heç bir
şansı yoxdur.

Source link