Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mühüm əhəmiyyət kəsb edən beynəlxalq forumların, konfransların təşkili
ölkəmizdə ənənə halını alıb. Aprelin 23-də ADA Universitetində təşkil olunan
“COP29 və Azərbaycan üçün yaşıl baxış” mövzusunda beynəlxalq forum da bu
ənənənin davamıdır.
30 ölkədən 64 beyin mərkəzi nümayəndəsinin qatıldığı tədbirdə Azərbaycan
Prezidentiİlham Əliyev bir çox məsələlərə – Cənubi Qafqazda ayırıcı xətlər
çəkmək üçün bəzi cəhdlər göstərilməsi, Azərbaycanın Naxçıvanla əlaqəsinə
Ermənistanın maneələr törətməsi, Zəngəzur dəhlizi, Cənubi Qafqaz ölkələrinin
potensialı, eləcə də COP29-un üç Cənubi Qafqaz ölkəsi arasında ən azı
məsləhətləşmələrin aparılması üçün fürsət yaradacağı və gələcək əməkdaşlıq üçün
yol açacağına toxunub.
Xatırladaq ki, 2021-ci il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə
ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra
inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirakçılar Qarabağda
beynəlxalq konfransın keçirilməsini təklif etmişdilər və dövlət başçısı da bu
təklifi müsbət qiymətləndirmişdi. Bir il sonra – 2022-ci il aprelin 28-də
Şuşada işinə başlayan və Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və
əməkdaşlıq” mövzusunda beynəlxalq konfransa 23 ölkədən gəlmiş 40 iştirakçı
qatılmışdı. Təsadüfi deyil ki, beynəlxalq konfransın iştirakçıları Şuşada
quruculuq və bərpa mövzusunda “Şuşa – dirçəlişə gedən yol”, postmünaqişə
dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri
keçiriblər. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi
Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması
imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və
rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin
normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan
yaratdı.
Beləliklə, Prezidentin dünənki beynəlxalq forumda səsləndirdiyi fikirlərin
bəzilərinə diqqət yetirək:
Birincisi, ölkə Prezidenti çıxışında bir daha bəyan etdi ki, Azərbaycan
Ermənistanla sülhə can atır. Prezident xüsusilə qeyd etdi ki, COP29-dan əvvəl
Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri
üzrə razılığa gəlmək tam real görünür. Dövlətimizin başçısı əlavə etdi ki, baza
prinsipləri üzərində razılığa gəlmək, sonra isə müddəaların təfərrüatına vaxt
sərf etmək olar. Hətta sülh sazişinin layihəsi hazır ola bilər. Bunun üçün hər
iki tərəf, sadəcə, ürəkdən çalışmalıdır.
İkincisi, beynəlxalq forum iştirakçıları vasitəsilə Azərbaycanın potensial
təhlükə yarada biləcək heç bir işə qoşulmadığı vurğulandı. Bu da mühüm bir
ismarışdır. Region və postsovet məkanına nümunə kimi göstərilən Azərbaycanın
uğurunun səbəbi də bundadır.
“Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə
qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuzun səbəbi də
bundadır”, – deyə dövlət başçısı bəyan edib.
Üçüncüsü, Prezident ölkəmizə qarşı əsassız hücum edən dövlətləri, qüvvələri də
yaddan çıxarmayıb, onların ünvanına sərt fikirlər səsləndirib. Bildirib ki, bu
gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük və cavab
tədbirləri görülür. Həmin ölkələrin, əslində, Azərbaycana qarşı soyuq
müharibəyə başladıqlarını vurğulayan dövlətimizin başçısı bildirib ki, “biz tam
eyni tədbirləri görürük və “qırmızı xət”ləri keçmirik”.
Dördüncüsü, dövlət başçısının çıxışında maraqlı məqamlardan biri də strateji
müttəfiq və qardaş ölkə Türkiyə ilə münasibətlərin sarsılmaz olduğunu bəyan
etməsidir. Prezidentin sözlərinə görə, Türkiyə ilə bizi nəinki Müttəfiqlik
Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Ən əsası,
Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm
meyarıdır.
Beynəlxalq forumda bəyan edildi ki, həm Azərbaycan, həm də Türkiyədə aydın
mövqe var: iki proses – Türkiyə ilə Ermənistan arasında yaxınlaşma və
Azərbaycan ilə Ermənistan arasında normallaşma paralel getməlidir. Bu, bizim
mövqedir və bu, həmçinin Türkiyə Prezidentinin mövqeyidir.
Beşincisi, ən önəmli məsələlərdən biri ölkəmizin çoxqütblü siyasəti davam
etdirməsi ilə bağlıdır. “Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq
hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir”, – deyən
Prezident fikrini belə əsaslandırıb: “Çünki Azərbaycan cəmiyyəti əsrlər boyu
hər iki sivilizasiyanın – Avropa və islam sivilizasiyalarının dəyərlərini böyük
dərəcədə qəbul edib”.
Beləliklə, bu gün tək regionda deyil, bütövlükdə postsovet məkanında söz
sahibi olan Azərbaycan hər keçən gün uğurlarını davam etdirir. Rəsmi Bakı
siyasi-iqtisadi imkanlarını genişləndirib, beynəlxalq arenadakı mövqelərini
möhkəmləndirib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət
siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən
qüdrətli ölkəyə – lider dövlətə çevrilib. Azərbaycanın bütün məsələlərə
strateji baxışı, yanaşması, iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox
aydın baxışı və təsəvvürü var və bu, ümumi plan çərçivəsində bundan sonra da
irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaq.
“Report” İnformasiya Agentliyi