46b3284b-124e-4e6e-9031-9a4efd74b9c8..jpg

Emin Sabitoğlunun xatirəsi anıldı: Nə yazıbsa, hamısını gözəl yazıb + FOTO

Baxış sayı: 504 dəfə baxılıb.

Emin Sabitoğlunun xatirəsi anıldı: Nə yazıbsa, hamısını gözəl yazıb + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

18 noyabr Emin Sabitoğlunun xatirə günü kimi yaddaşlarda həkk olunub.
Bəstəkarın sənət yoldaşlarının, dostlarının onun haqqındakı xatirələri də
yaradıcılığı qədər qiymətlidir.

Azərbaycan mahnı janrının ən nadir inciləri Emin Sabitoğlunun adı ilə
bağlıdır. Çox sayda kinofilm və teatr tamaşası üçün yazdığı yaddaqalan
melodiyalarla yaratdığı unudulmaz bədii lövhələr musiqi sənətimizi
rövnəqləndirib. Azərbaycanın mədəniyyət salnaməsi görkəmli bəstəkarın
yaradıcılığı ilə xeyli zənginləşib. Emin Sabitoğlu musiqinin əksər janrlarında
yazıb. Amma bir neçə musiqi janrı, xüsusən mahnı janrı onun yaradıcılığının
əsasını təşkil edir. Bəstəkarın ən ünlü müğənnilərin ifasında səslənən
“Şükriyyə”, “Bakı, sabahın xeyir”, “Uzaq, yaşıl ada”, “Payız gəldi”, “Aman
ayrılıq”, “Bağışla”… kimi mahnılarını sevməyən çətin tapıla… 18 noyabr Emin
Sabitoğlunun xatirə günüdür. Bəstəkarın sənət yoldaşlarının, dostlarının onun
haqqındakı xatirələri də yaradıcılığı qədər qiymətli və şirindir.

“Kaspi”

qəzeti Anım günü ilə bağlı Emin Sabitoğlunu anıb:

Yüksək nəcabət, xeyirxahlıq və səmimilik

Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru
İmruz Əfəndiyeva “Bizim atalarımız dost olublar və sonralar Eminlə Bakı Musiqi
Akademiyasında birgə çalışmışıq”, – deyə Emin Sabitoğlunu “unudulmaz və
qəlblərdə yaşayan insan kimi xatırlayır: “Atası Sabit Rəhmanın daxilində olan
yüksək nəcabət, xeyirxahlıq və səmimilik Eminə də keçmişdi. Emin
Konservatoriyanın xor-dirijorluq, mən isə musiqi nəzəriyyəsi kafedrasında
işləyirdik. Eminin güclü, yüksək səviyyəli müəllimləri olub”. E.Sabitoğlu
Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini – dahi müəllim və bəstəkar
Qara Qarayevin sinfini bitirib. Sonra təhsilini P.İ.Çaykovski adına Moskva
Dövlət Konservatoriyasında, görkəmli rus bəstəkarı Yuri Aleksandroviç Şaporinin
sinfində davam etdirib.

Muğam və aşıq musiqisinə söykənən musiqilər

İ.Əfəndiyeva Emin Sabitoğlunun mahnı yaradıcılığını yüksək dəyərləndirir:
“Qarşımda Eminin dörd məcmuəsi var: “Lirik mahnılar”, “Dərələr”, “Bakı, sabahın
xeyir!”, “Gözümdə Leylisən!” Bu mahnıların hər biri mənim üçün əziz və
doğmadır. Bu mahnıların musiqisi bizi yaşadır, həyatımızı zənginləşdirərək
işıqlı yol açır. Eminin mahnılarının üslub xüsusiyyətləri ilk növbədə milli
ənənələrimizə – muğam və aşıq musiqisinə söykənməsidir. Emin Sabitoğlu əsl
bəstəkar-novatordur. Onun qızı Ceyran xanım atası haqqında gözəl kitab yazıb.
Ceyran xanım tələbəm olub – ən istedadlı və əlaçı tələbələrimdən biri idi. O,
bizim Akademiyada uzun illər işləyib və həmkarım olub”.

O qədər zarafatcıl idi ki…

Xalq artisti Flora Kərimova bəstəkarın mahnılarının ən yaxşı ifaçılarından
olub. Onun yaddaşında Emin Sabitoğlu bütün zamanların ən uğurlu və sevilən
bəstəkarıdır: “Tofiq Quliyev, Zakir Bağırov, Oqtay Kazımı kimi bəstəkarların
musiqisindən sonra estradanı bəyənmək çox çətin idi. Amma Emin o illərin
peşəkar səviyyəsini qoruyub saxlayan, hörmət qazandıran bəstəkarlardan oldu.
Eminlə Oqtay bugünkü estradanın sütunlarından biri idi”. Flora xanım bəstəkarı
zarafatcıl, yüksək yumor hissinə malik insan kimi xatırlayır: “Eminin gözəl
xasiyyəti vardı. Şəki yumoru ilə ən çətin mübahisələri yoluna qoyurdu. Bəzən
sənət aləmində kimsə bir-biri ilə dil tapmırdı, sənətçilər arasında münaqişələr
olurdu. Emin belə məsələləri yumor hissi ilə həll edirdi. Musiqi bəstəkarın
həyatıdır. Emin o qədər zarafatcıl idi ki, onun həyatdan məmnun olub-olmadığını
bilmək olmurdu. Onu oxumaq mümkün deyildi”.

Müğənni seçimində yanılmırdı

Müğənni Emin Sabitoğlunu öz yaradıcılığına hörmət edən sənətkar kimi
dəyərləndirir:

“O vaxtlar dinləyicilər təkcə musiqinin məftunu olmurdular. Onlar musiqini
yaradan müəlliflərin həyatda kim olduğunu, şəxsiyyətlərini, xasiyyətlərini də
bilirdilər. Bəstəkarları müğənninin sənəti cəlb edirdi. Mən Eminin bir çox
mahnısını oxuyurdum. Artıq onunla şəxsi dostluq münasibətim də formalaşmışdı.
Emin “Hansı səsə, hansı ürəyə malik səsə yazım”, – deyə düşünürdü. O,
müğənninin qabiliyyətini nəzərə alıb yazırdı. Hər müğənniyə ürək açıb mahnı
vermirdi. Mən Eminin orta qabiliyyətli müğənniyə üz tutduğunu görməmişəm.
Düzdür, hamı ilə eyni münasibəti vardı, amma müğənni seçiminə çox həssas
yanaşırdı. Seçimində yanılmırdı da. Çünki zövqü gözəl idi. Pianoda da gözəl ifa
edirdi. O çalanda elə bil orkestr ifa edirdi. Musiqini elə yazırdı, elə bil
muncuq düzürdü. Xalq çalarlarına hörmət edirdi. Bu, hər bəstəkarın
yaradıcılığında rast gəlinmir. Həmişə özünə deyirdim: sənin musiqində şeytan
tükü var. Onun musiqisini qəbul etməmək qəbahət idi. Bu, insanın öz zövqünə
şübhə yaradırdı. Eminin musiqisi xoşuna gəlmədisə, demək problem sənin
zövqündədir”. F.Kərimova deyir ki, Emin Sabitoğlunun elə bir musiqisi yoxdur
ki, dinləyicilər xoşlamasın: “Eminin operettalarının hər parçası bir mahnı idi.
İşbirliyimizdə Emin heç vaxt mənə “bunu belə və ya elə oxu” deməyib. O, mənim
ifama qarışmırdı. Bəzən sözləri dəyişirdim, ya musiqinin dəyişməsini
istəyirdim, heç vaxt etiraz etmirdi. Bir ifaçı kimi mənə bu ixtiyarı verirdi”.

Melodiya gözəl olanda…

“Azərbaycanda elə bir tanınmış müğənni yox idi ki, onun yazdığı mahnını
oxumasın. Gülağa Məmmədov, Anatollu Qəniyev, Akif İslamzadə, Hüseynağa Hadıyev,
Şövkət Ələkbərova, Rəşid Behbudov, Flora Kərimova…”, – deyə Xalq artisti Faiq
Sücəddinov xatırlayır: “Emin Sabitoğlu gözəl əsərlər yazıb. Nə yazıbsa,
hamısını çox gözəl yazıb. Melodiya gözəl olanda hər şey gözəl olur. Eminin bəzi
əsərlərini vaxtilə estrada orkestrində aranjeman etmişəm. Bir gün Tofiq Quliyev
dedi ki, Emin, sənə simfoniya, opera yazmaq lazım deyil. Sən o qədər gözəl
mahnılar, kino və tamaşa musiqiləri yazırsan ki, bunlar bizə bəsdir. Sənin
yaradıcılığında daha çox mahnılar eşitmək istəyirəm. Emin Sabitoğlu xoşbəxt
bəstəkar idi. Onun musiqiləri bu gün də sevilə-sevilə oxunur, instrumental
olaraq çalınır. Emin Sabitoğlunun mahnıları həmişə səslənəcək, eşidiləcək və
seviləcək”.

Source link