Əmlak bazarında çaşqınlıq: Ev almaq üçün rəsmi deklarasiya tələb olunur? –
Ekspertlərtin RƏYİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Daşınmaz əmlak bazarında alıcılar üçün problemlər yaranıb. Belə ki, ev,
mənzil, bağ sahəsi və s. almaq istəyən vətəndaşlardan yazılı deklarasiya tələb
olunur. Bakı şəhərindəki bəzi notariuslar 20 000 manatdan yuxarı olan
məbləğlərə görə alıcıdan pulun mənbəyini təqdim etməsi üçün sənəd tələb edir və
vətəndaşlara bildirir ki, “Yanvarın birindən təzə qərar çıxıb, deklarasiyasız
mümkün deyil. Əlinizdə sənəd olmalıdır ki, bu pulu haradan qazanmısınız və ya
haradan əldə etmisiniz”. Nəticədə bir neçə gündür ki, daşınmaz əmlakla bağlı
bir çox alqı-satqı ləğv olunub və ya baş tutmayıb.
Səkkiz ildir daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Mülkədar Rüstəmov
Cixisyolu.com-a problemi belə izah edib:
“Əmlak satışı ilə məşğul olanlardan notarial qaydada əmlak alqı-satqısında
deklarasiya tələb olunur. Notariuslar deyirlər ki, dövlət tərəfindən şərt
qoyulub. Göstərilməlidir ki, bu pulun mənbəyi haradır – pulu kreditlə əldə
etmisən, etmisənsə, hansı sahə üzrə əldə etmisən? Ola bilər, “çirkli pul” olsun
və s.
Tutaq ki, başqa ölkədə yaşayan qardaş, ya bacı pul göndərir və vətəndaş burada
ev almaq istəyir. Bunu deklarasiya ilə göstərmək mümkün deyil. O zaman necə
olmalıdır? Aydın məsələdir ki, hər kəs rəsmi pul qazanmır. Heç kimə gizli
olmayan “qara bazar” deyilən bir şey var. Bəzi notariuslar isə məhz deklarasiya
səbəbindən alqı-satqı etmirlər. Nəticədə əmlak bazarına problem yaşanır”.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə Cixisyolu.com-a açıqlamasında bunun,
sadəcə, sorğu formasında ola biləcəyini qeyd edib:
“Sözügedən məsələ haqqında onu deyə bilərəm ki, vətəndaşdan pulun mənbəyini
göstərməklə bağlı hər hansı rəsmi sənəd tələb olunmur. Bu, sadəcə, sorğu
formasında ola bilər. Yəni vətəndaşdan vəsaiti haradan əldə etdiyi,
işləyib-işləmədiyi, gəlirinin haradan və necə formalaşması soruşulur. Hesab
edirəm ki, ciddi əhəmiyyət veriləsi bir məsələ deyil. Burada məqsəd – bu sahədə
fəaliyyət göstərən sahibkarların bəzi hallarda qiymət azaldılması cəhdlərinin
qarşısının alınması məsələsidir”.
İqtisadçı ekspert Eldəniz Əmirovun fikrincə isə, bu gün üçün belə bir tələbin
icrası mümkün deyil:
“İlk olaraq qeyd edim ki, notariuslarda daşınmaz əmlak alıcılarından pulun
mənbəyi ilə bağlı deklarasiya istənilməsi halına mən rast gəlməmişəm. Düşünürəm
ki, bu, hansısa subyektiv faktorlardan qaynaqlanan hal ola bilər. Məsələnin
ikinci tərəfinə gəldikdə isə (əgər belə bir hal varsa) bildirməliyəm ki,
iqtisadiyyatın hazırkı vəziyyəti üçün vətəndaşlardan belə bir deklarasiyanın
tələb edilməsi doğru deyil. Çünki iqtisadiyyatın tamamilə ağardılması hələ ki
mümkün olmayıb. Yəni, məsələn, deyək ki, vətəndaş neçə illər bazarda satıcı
işləməklə, rayondan meyvə-tərəvəz gətirməklə və yaxud digər topdansatış
mərkəzlərində məhsul alıb-satmaqla, hər hansı mağazada kiminsə satıcısı olmaqla
pul toplayıb, yaxud da kiminsə nənəsindən qızıllar qalıb. Bütün bu kimi hallara
görə hər hansı bir formada deklarasiya təqdim etmək praktiki olaraq mümkün
deyil.
Birmənalı olaraq rəsmi deklarasiyanın tələb edilməsi bütün gəlirlərin şəffaf
şəkildə olduğu halda mümkündür. Bu səbəbdən hazırda hər hansı deklarasiya
tələbinin məntiqi nəticəsi və məntiqi izahı yoxdur. Bəli, şifahi olaraq
vətəndaşa sual verilə bilər, müəyyən qeydlər aparıla bilər, amma rəsmi
deklarasiya tələbi bu gün üçün ağlasığan hal deyil. Gələcəkdə isə hesab edirəm,
bu olacaq. Düzdür, neçə il sonra olacağını deyə bilmərəm, amma deyə bilərəm ki,
bu o zaman mümkün olacaq ki, vətəndaşların gəlirləri birmənalı olaraq
qeydiyyata alınacaq, bütün iqtisadi fəaliyyət sahələrində iqtisadi proseslər
birmənalı olaraq rəsmiləşdiriləcək. Bildirim ki, əslində, bu, yenilik deyil. Bu
gün dünyanın aparıcı iqtisadiyyatlarında belə bir təcrübə var – vətəndaş hər
hansı məbləği təqdim edəndə pulun haradan əldə edildiyi barədə rəsmi məlumat
istənilir”.
Qeyd edək ki, “Gəlir deklarasiyası haqqında” Qanun Nazirlər Kabineti
tərəfindən təsdiqlənməyib.
Əzizə İsmayılova