Əmlak bazarında “tilov effekti” – ARAŞDIRMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yanvar ayından etibarən daşınmaz əmlak bazarında yeni qaydaların tətbiqinə
başlanılıb. Əmlak ekspertləri və alqı-satqı edənlərin sözlərinə görə, 20 min
manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən yazılı
bəyannamə tələb olunur. Yəni daşınmaz əmlak alan şəxs ödədiyi vəsaitin
mənbəyini göstərməlidir. Maraqlıdır, bu qaydalar daşınmaz əmlak bazarına necə
təsir edib?
“Kaspi”
qəzetinin mövzu ilə bağlıq məqaləsini təqdim edirik:
Məntiqsiz qiymət artımı
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Kaspi” qəzetinə
açıqlamasında bildirdi ki, bazarla bağlı istənilən dəyişiklik təsirsiz ötüşmür.
Sədrin sözlərinə görə, hazırda daşınmaz əmlak bazarından təklif olunan
qiymətlər çox yüksəkdir və bu, hər ay artan templə davam edir: “Hazırda bazarda
alqı-satqı faktları o qədər də çox deyil. Buna baxmayaraq, öz əmlakını satmaq
istəyən vətəndaşlar mövcud iqtisadi durumu, əmlak qiymətlərində baş verə
biləcək dəyişiklikləri nəzərə alaraq, əmlaklarını yüksək qiymətlərlə təklif
etməkdən çəkinmirlər. Məlumdur ki, qiymət artımı hər hansı iqtisadi prosesin
nəticəsi olur. Lakin son vaxtlar bu sahədə xaotiklik müşahidə edilir. Məsələn,
bazarın müəyyən bir hissəsində qiymətlər çox yüksək həddədir, digər rayonda
qiymət stabilliyi var. Eyni zamanda, bəzi qiymət artımlarını da məntiqi
baxımdan izah etməkdə çətinlik çəkirik”.
Digər mənzil sahibləri də qiymətə baxır və…
Mütəxəssis vurğulayır ki, mənzil bazarında “tilov effekti” hökm sürür:
“Bazarda mövcud qiymətlərdən uzaq təkliflərə də rast gəlirik. Yəni bəzi mənzil
sahibləri əmlakçıların vədlərinə inanaraq öz əmlaklarını daha yüksək, real
olmayan qiymətə təklif edilər. Digər təklif edənlər də qiymətə baxır, düşünür
ki, mən niyə ucuz qiymətə satmalıyam. Bu tendensiya belə davam edir. Mən buna
“tilov” effekti deyirəm. Yəni bir şəxs bazar üçün əsas yaradır və qiymətlər
süni şəkildə qalxır. Təbii ki, bahalaşmanın tək səbəbi bunlar deyil. Amma
“tilov effekti” də xüsusi rol oynayır”.
Gəlirləri açıqlamaqdan niyə qorxmalıyıq?
Vətəndaşların ev alarkən gəlirlərini bəyan etmək məsələsinə gəldikdə isə,
mütəxəssis vurğulayır ki, bu, ölkənin təhlükəsizliyi ilə bağlı məsələdir və
tətbiqi də vacibdir: “Bu, hər bir Azərbaycan vətəndaşı və dövlət üçün çox
önəmlidir. Ölkədə əmlak alqı-satqısı üzərindən müxtəlif layihələr
gerçəkləşdirilə bilər ki, bu, ölkənin milli maraqlarına uyğun deyil. Təbii ki,
ölkənin təhlükəsizliyi üçün müəyyən tədbirlərin görülməsi vacibdir. Bu, həm də
sivil dünyanın tələbidir. Hər bir vətəndaş öz gəlir mənbələrini istənilən vaxt
açıqlamağa hazır olmalıdır. İnsanlar qazandıqları gəlirləri açıqlamaqdan niyə
qorxmalıdırlar?”.
Vətəndaşların alqı-satqı zamanı incidilməsi məsələsinə gəldikdə isə, V.Oruc
deyir ki, qeyd edildiyi kimi, burada vətəndaşların incidilməsi, sorğuya
çəkilməsi prosesi baş vermir: “Sadəcə, vətəndaşlarla gəlirlərinin haradan
gəldiyi ilə bağlı sorğular aparılır və bununla da kifayətlənirlər. Kimsə bu
hala görə daşınmaz əmlakın alqı-satqısından imtina etmir, planını dəyişmir. Bu,
sadəcə qoruyucu tədbirdir və Azərbaycanın dövlət maraqlarına cavab verən
addımdır”.
Bazarda çaşqınlıq yaradan qərar
Əmlak eksperti Mülkədar Rüstəmov isə deyir ki, yanvardan tətbiq olunan bu
qaydalar bazarda kifayət qədər çaşqınlıq yaradıb: “Müştərilərim də bununla
bağlı problem yaşadı. Əvvəlki qaydalarda mənzil satılan zaman vergi tutulurdu.
Əgər bir vətəndaş üç il ərzində satdığı ünvanda qeydiyyatda olubsa, o, vergidən
azad olunurdu. Əks halda 100 kvadratmetrlik mənzili olan vətəndaş 70
kvadratmetrin vergisini ödəyir, 30 kvadratmetrini isə dövlət güzəşt edirdi. Bu,
artıq oturuşmuş bir qayda idi və narazılıq yox idi. Amma 2024-cü ilin yanvar
ayından tətbiq olunan bəyannamə məsələsi ciddi narazılıq yaratdı”.
Əmlakçı vurğulayır ki, evini satıb ev alanlar müqavilə sənədi ilə gəlirini
rahat göstərə bilirlər, lakin xaricdə yaşayan iş adamları ilə bağlı çaşqınlıq
yaranır: “Əsasən, biznes fəaliyyəti ilə məşğul olanlar bu pulun mənbəyini
göstərməkdə çətinlik çəkirdilər. Xüsusilə, qonşu Rusiya, Türkiyədə hər hansısa
bizneslə məşğul olub, gəlirini burada yatırım etmək istəyən insanlarda
çaşqınlıq yarandı. Nəticədə bu qərar bir çox alqı-satqı prosesini ləngitdi.
Bəzi insanlar gəlirlərini bəyan etməkdən narahat olurdular. Xüsusilə, yanvar
ayında mənzil bazarında ciddi səngimə oldu. Bunun hələ tövsiyə xarakterli
olduğu deyilir. Ciddi şəkildə tətbiqi əmlak bazarına böyük zərbə vura bilər.
Çünki hazırda ciddi bahalaşma var və alıcılar onsuz da küskündürlər. İnsanlar
gəlirlərinə görə əmlak ala bilmir, ipoteka məbləğləri real deyil. Hazırda əmlak
bazarında durğunluq var. Mənzil alanların əksəriyyəti öz mənzilini satıb başqa
mənzil alanlardır, ya da çox imkanlı insanlardır. Aşağı və orta təbəqə
incikdir”.