9f986bc4-62f0-493d-adfa-59f90f633d5c..jpg

Ən çox tıxacın olduğu Bakı-Sumqayıt yolu: Problemin həlli varmı? – FOTO

Baxış sayı: 698 dəfə baxılıb.

Ən çox tıxacın olduğu Bakı-Sumqayıt yolu: Problemin həlli varmı? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün ən çox tıxac probleminin hiss edildiyi istiqamətlərdən biri, bəlkə də
birincisi Bakı-Sumqayıt yoludur. Hər gün minlərlə insan bu yolda tıxacla
üzləşir. Sözügedən yolda vətəndaşların üzləşdiyi tıxac probleminin həlli
istiqamətində müəyyən tədbirlər görülüb və proses davam edir. Sumqayıtı Bakı
ilə birləşdirən sürət qatarı mövcuddur. Avtobuslar üçün yeni zolaq çəkilib.
Həmçinin yanvarın 21-dən Sumqayıtdan Bakıya – metronun “Avtovağzal”
stansiyasına ekspress avtobuslar gəlir. Lakin Sumqayıt və bu yol üzərindəki
digər yaşayış məntəqələrinin sakinlərinin tıxac problemi hələ də tam olaraq
həllinin tapmayıb. İnsanlar yollarda sıxlıq olmasından narazıdırlar. Bəs bu
problemin həlli üçün daha nələr edilə bilər?

“Kaspi”

qəzeti bu sualın cavabını ekspertlərdən öyrənməyə çalışıb.

Qatarların sayı artırılmalıdır

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Kaspi”yə açıqlamasında
bildirdi ki, bu məsələ kompleks şəkildə həll olunmalıdır: “İntensivliyi
artırmağa ehtiyac var. Bakı ilə Sumqayıt arasında dəmir yolu mövcuddur, hazırda
xətt üzrə yeddi qatar hərəkət edir. Altı qatarın da gəlməsi nəzərdə tutulub.
Həmçinin stansiyaların sayını artırmaq planlaşdırılır. Bu, indiki vəziyyətdə
müsbətə doğru dəyişiklik deməkdir. Amma qatarların sayını yenə də artırmağa
ehtiyac var”.

Nəzarət tədbirləri sərtləşdirilməlidir

R.Ağamirzəyevin fikrincə, Bakı-Sumqayıt yolunda ümumi tıxaca səbəb kütləvi
avtomobillə şəhərə daxil olmaq, həmçinin qeyri-qanuni sərnişin daşımasıdır:
“Bunun çıxış yolu daha çox sərnişin daşıyan ictimai nəqliyyat növlərinin
inkişafıdır. Fərqli nəqliyyat növləri olmalıdır. Ekspress avtobuslar yaradılıb.
Amma avtobus zolaqlarında sərt nəzarətə ehtiyac var. Bu zolağa daxil olmanın
cəzası ağırlaşdırılmalıdır”.

Ekspert bildirdi ki, son illər insanlar daha çox şəxsi nəqliyyatdan istifadə
edirlər: “Bunun da obyektiv səbəblərindən biri ictimai nəqliyyatın
keyfiyyətinin aşağı səviyyədə olmasıdır. Çeşid də azdır. Düşünürəm ki, bu
sahəyə daha çox investisiya yatırmaq lazımdır”.

Manatlıq taksilərdən imtina etmək üçün

R.Ağamirzəyev qeyd etdi ki, hələ ekspress avtobuslar yenidir: “Mövcud
qanunvericiliyə görə, avtovağzaldan avtovağzala prinsipi tətbiq olunur. Çünki
Sumqayıt ayrıca bir şəhərdir. Ona görə şəhərin digər nöqtələrinə hərəkəti
mümkün deyil. İnsanlar manatlıq taksilərə alışıb. Onları daha rahat və
təhlükəsiz olan avtobusa yönləndirmək üçün təbliğatı aparılmalıdır. Çünki
manatlıq taksilər tıxaca mənfi təsir göstərir”.

Baş planda bu nüanslar var

Müsahibimiz düşünür ki, bu məsələlər zamanla öz həllini tapacaq: “İkinci
mərhələ relsli nəqliyyat – tramvayın çəkilməsi, şəhərətrafı elektrik qatarının
şəhərdə fərqli nöqtələrdə yeni stansiyalarının açılmasıdır. Bakının yeni
təsdiqlənən Baş planında bu nüanslar var. Həmçinin daşıyıcıların vəziyyətinin
yaxşılaşdırması yönündə brutto xərc müqavilələrinə keçilməlidir. Ekspress
avtobuslarda tariflər müəyyən olunub. Amma biznes modeli dəyişməlidir. Bu da
hər kilometrə görə subsidiya ayrılması deməkdir. Bunları mərhələli şəkildə həll
etməklə bugünkü mürəkkəb vəziyyəti müsbətə doğru dəyişmək mümkündür”.

Tək Bakı və Sumqayıt əhalisi deyil

R.Ağamirzəyev bildirdi ki, Bakı-Sumqayıt yolunu düzəltmək üçün şəhər
girişlərini də nizamlamaq lazımdır: “Bakı-Sumqayıt yolu, xüsusən də Xırdalana
qədər olan yol həm də şimal sərhədinə tərəf getmək üçün istifadə edilir. Ona
görə hərəkət edənlər tək Bakı, Xırdalan, Sumqayıt əhalisi deyil. Bu da
nəqliyyat axınına təsir edir. Bakıya daxil olmağa da nəzarət etmək lazımdır.
Şəhərin girişlərində parkinq nöqtələri qurulmalıdır ki, insanlar avtomobillə
gəlsə də, park edib ictimai nəqliyyata yönəlsin”.

Qəsəbələrə, kəndlərə döndükdə problemlər yaşanır

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev isə məsələnin həllini
nəzarət kameralarında görür: “Avtobus zolaqlarında kamera ilə müşahidə
edilməyən nöqtələr var, həmin kor nöqtələrdə avtomobillər zolaqlara daxil
olurlar. Qəsəbələrə, kəndlərə döndükdə problemlər yaşanır. Bunun üçün də
kameraları artırmaq və nəzarəti gücləndirmək lazımdır. Elə olmalıdır ki, polis
nəzarət etmədikdə də problem yaranmasın. Kameraların funksionallığı təmin
olunmalıdır. Hazırda qayda pozuntusu avtomatik qeydə alınmır”.

İnsanlar avtomobillə daha sürətlə gedir

Y.Mustafayev dedi ki, insanları taksilərə möhtac qoymamalıyıq: “İctimai
nəqliyyatın işini optimallaşdırmasaq, yenə də bir manatlıq taksilər öz
effektivliyini saxlayacaq. Çünki vətəndaş baxır ki, avtobusla gedəndə vaxt
itirəcək, tıxacda ilişib qalacaqsa, həmin yolu taksidə oturaraq rahat şəkildə
getməyə üstünlük verir. İnsanlar fərdi avtomobillə də, avtobusla da eyni vaxta
gedir. Hətta avtomobillə daha sürətlə gedir, çünki avtobus dayanacaqlarda
dayanır. Əgər hər iki halda tıxacda qalacaqsa, şəxsi avtomobilə üstünlük
verirlər. Buna görə də hər gün avtomobil alan insanların sayı artır”.

İnfrastruktur yaradılsa, mümkün olar

Müsahibimiz avtobusların Bakı daxilində hərəkət etməsi fikrinə də münasibət
bildirdi: “Ekspress avtobusların şəhərə daxil olması hazırda mümkün deyil. Amma
gələcəkdə 20 Yanvar, “Şamaxinka” və digər istiqamətlərdə də avtobus zolaqları
və digər infrastruktur yaradıldıqdan sonra artıq şəhərə daxil ola bilərlər.
Yaxud da avtovağzaldan insanları şəhərə aparan avtobuslar təyin edilər”.

Yeddi milyon sərnişin daşınıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Sənubər
Nəzərovanın sözlərinə görə, insanlar Bakı-Sumqayıt yolunda tıxaca düşməmək üçün
qatarla hərəkət edir və belə sərnişinlərin sayı hər il daha da artır: “Hazırda
doqquz qatarımız var. Yeni qatarlar sifariş etmişik. 10 qatar bu il
çatdırılacaq. Artıq dördü çatdırılıb. altı yeni qatar da gələcək. Test
edildikdən sonra dövriyyəyə buraxılacaq. Sərnişin sayı getdikcə artır. Keçən il
yeddi milyon sərnişin daşınıb. 2022-ci ildə 5,2 milyon idi. Deməli, sərnişinlər
xidmətdən razıdır. Çünki sərnişin tıxaca düşmədən, yolda heç bir maneə və ya
təhlükə ilə qarşılaşmadan Bakıya rahat gəlib çatır”.

Source link