Endirim, yoxsa fırıldaqçılıq?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Bakının irili-xırdalı bir çox ticarət mərkəzlərində müxtəlif növ
məhsullara, əsasən də geyim, ərzaq və texnoloji avadanlıqlara elə endirimlər
tətbiq edirlər ki, istər-istəməz vətəndaşların diqqətini cəlb edir.
Əslində isə…
Bu kampaniyalar daha çox 15-65 faiz arasında, hətta ondan da yüksək, yəni 90
faizə qədər yüksəlir. Bu cür kampaniyalara müxtəlif markalı geyim məhsullarında
daha çox rast gəlinir.
Ancaq məhsullarla və endirimlərlə maraqlandıqda, eləcə də satıcılarla söhbət
apardıqda, əsl mahiyyətin başqa olduğu üzə çıxır. Bir az ayıq-sayıq,
hüquqlarını bilən və savadlı vətəndaş dərhal burada başqa mətləblərin olduğunu
üzə çıxarır.
“Endirim” sözü varsa, aldadılma faktı var
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin
Bayramlı Bizim.media-ya açıqlamasında Azərbaycan endirim sisteminin çox
ustalıqla işləndiyini və tətbiq edildiyini bildirib:
“Bu gün paytaxtın hər yerində “endirim” sözünə rast gəlirik və bu da o
deməkdir ki, aldadılma faktı var. Yəni məhsulun istifadə müddəti ya başa çatıb,
ya da az qalıb. Yaxud da xüsusiyyətini itirib, yararsızdır, vaxtı keçib, xarab
olub və heç nəyə yaramır. Yaxşı mallar isə heç vaxt kampaniyaya düşmür.
İstənilən halda, qiymətləri nə qədər aşağı salsalar da, məhsul yenə də maya
dəyərindən baha satılır.
Heç bir halda isə istehsalçı və satıcı uduzmur. Dünya təcrübəsinə görə,
məhsulun üzərinə maksimum 20-25 faiz gəlir haqqı qoyulur. Bizdə isə 2-3 qat
baha qiymət tətbiq olunur, bir müddət sonra isə 50-60 faiz arasında endirim
edilir. Ancaq yenə də bu, maya qiymətindən ən azı 2 dəfə yuxarıdır”.
Müsahibimiz endirim adı ilə istehlakçıların hüquqları ilə bağlı
qanunvericiliyin tələblərinin pozulduğunu da vurğulayıb:
“Çünki bunlar həm haqsız rəqabət, həm yalançı reklam kampaniyası, həm də
marketinq hiylələridir. Bu yolla insanların psixologiyasına təsir edirlər və
özlərinə cəlb edirlər. Bu gün marketinq texnologiyaları istehsalçıların və
satıcıların mənafeyini qoruyur ki, bu da qanunvericilikdə qadağan olunub”.
Vitrin qiymətləri ilə bağlı da insanları aldadırlar
“Məhsulu vitrinə düzsələr də, qiyməti yazmırlar və hər alıcıya bir rəqəm
deyilir. Bu qayda irili-xırdalı bütün ticarət və iaşə obyektlərində eynidir. Bu
da beynəlxalq təcrübədə qəbul olunmur. Bütün məhsulların üzərində qiymətin
olması mütləqdir. Yoxdursa, deməli, ortada real fırıldaqçılıq faktı var. Bu da
tamamilə qadağan olunmalı və həmin ticarət obyektləri yüksək məbləğlərdə cərimə
olunmalıdır”.
Ekspertin fikrincə, bu gün istehlakçıların 95 faizi öz hüquqlarını bilmir:
“Vətəndaş ilk növbədə maariflənməli və öz hüquqlarını öyrənməlidir. Bir
ticarət obyektində aldadıldığını və hüquqlarının pozulduğunu görərsə, dərhal
şirkət qarşısında məsələ qaldırmalı və haqqını tələb etməlidir”.