7630d729-c0a5-4148-bc64-ea49cc8a28ef..jpg

Ərazinin sahəsi yuvarlaqlaşdırıla bilməz – ŞƏRH

Baxış sayı: 730 dəfə baxılıb.

Ərazinin sahəsi yuvarlaqlaşdırıla bilməz – ŞƏRH

Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin üçüncü
sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının
Prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri
Olaf Şoltsun qatıldığı, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı olmadan keçirilən dördtərəfli
görüşün yekunlarına dair birgə bəyanat qəbul edilib.

AZƏRTAC xəbər verir ki, Avropa Şurasının saytında dərc edilən bəyanatın
mətnində Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün dəstəklənməsi,
tanınması vurğulansa da, iki ölkənin ərazilərinin sahəsi növbəti dəfə müəyyən
qeyri-dəqiqliklə təqdim olunub.

Ermənistan ərazisinin sahəsi olduğu kimi, 29743 kvadrat kilometr deyil, 29800
kvadrat kilometr göstərilib, eyni zamanda, məlum olduğu kimi, 86692 kvadrat
kilometr sahəsi olan Azərbaycan ərazisinin sahəsi isə 86600 kvadrat kilometrə
endirilib .

Bu, ilk baxışdan “rahatlıq” məqsədi ilə yuvarlaqlaşdırma kimi yozula bilər,
lakin niyə həmin rəqəmlər Ermənistanın xeyrinə və Azərbaycanın zərərinə
olmalıdır?

Oğulları hər qarış torpaq üçün qan tökən Azərbaycan xalqı bu kvadrat
kilometrlərin, hətta metr və millimetrlərin qiymətini bilir. Buna görə də, necə
deyərlər, bizə özgənin heç nəyi lazım deyil, amma bizə aid olanı da kimsəyə
vermərik.

Əgər İrəvanda yuvarlaqlaşma ilə bağlı hay-küydən istifadə edərək hələ də işğal
altında olan Azərbaycan anklavlarını mənimsəməyə cəhd etmək fikrinə düşsələr,
Paşinyana xatırlatmaq istərdik ki, o, bu il mayın 22-də keçirilən mətbuat
konfransında Azərbaycan ərazisinin anklavları da əhatə etdiyini etiraf edib.

Buna görə də bütün hallarda delimitasiya zamanı yuvarlaqlaşdırılmış
məlumatlara deyil, millimetrə qədər dəqiqliyə əsaslanmaq lazım gələcək.

Source link