Erməni araşdırmaçının etirafı: “İrəvan xanlığı mahallarının yerli əhalisi
türklər olub” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Əlibəylinin təqdimatında “Qərbi Azərbaycan 1828-ci ildən necə
erməniləşdirilib” adlı süjet hazırlanıb.
Cixisyolu.com xəbər verir ki, verilişdə Qərbi Azərbaycan ərazisini əhatə edən
mahalların tarixi və mədəni münasibətlər baxımından Bütöv Azərbaycandan ayrı
olmadığı, indiki Ermənistanın Azərbaycan mahalları ərazisində yaradılan süni
dövlət olduğu və erməni tədqiqatçılarının araşdırmalarında Qərbi Azərbaycanın
1828-ci ildən erməniləşdirilməsinin necə aparıldığı bildirilir.
Qeyd olunub ki, Ermənistan, Azərbaycan və Türkiyə münasibətlərinin tədqiqi ilə
məşğul olan araşdırmaçı Tatul Hakopyan doğulduğu Loru mahalının Barana rayonu
Balakənd kəndinin azərbaycanlı əhalisinin 1930-ci ildə qovulduğunu və yerinə
xaricdən gətirilən ermənilər yerləşdirildiyini təsdiqləyir.
T.Hakopyanın “Rusiyanın işğalı ərəfəsində İrəvan xanlığı” məqaləsində Qərbi
Azərbaycanın 1828-ci ildən erməniləşdirilməsinin necə aparıldığı, İrandan və
Türkiyədən gətirilən ermənilərin 15 rayondan ibarət İrəvan xanlığının və bir
neçə mahalın ümumi əhalisinin statistikasına təsiri aydın görünür: “Belə ki,
İrəvan xanlığında həmin dövrdə 115 106 nəfərin 65 234-ü erməni, 49 872-si
müsəlman olub. Qırxbulaq mahalında ümumi əhalinin sayı 3053, Zəngbasar
mahalında 8376, Gərnibasar mahalında 9680, Vedibasar mahalında 4355, Sürməli
mahalında 12 407, Dərəkənd-Parçenis mahalında 4387, Səədli mahalında 1004,
Abaran mahalında 8933, Dərəçiçək mahalında 8650, Göyça mahalında 14 254 nəfər
yaşayıb. Məhz bu ərazilərə köçürülən ermənilərin hesabına azərbaycanlılardan
say üstünlüyü yaranıb”.
Sonda vurğulanıb ki, erməni müəllif Qərbi Azərbaycan bütün mahallarını əhatə
etmir: “Çünki söhbət İrəvan xanlığından gedir. Sonrakı illərdə erməni vilayəti
və erməni dövləti yaradanda havadarları Azərbaycanın digər ərazilərini də
ermənilərə verdilər ki, xəritədə dövlətə oxşar nəsə olsun. Adı çəkilən
mahallarda verilən saylara diqqət yetirəndə Qərbi Azərbaycanın 1828-ci ildən
erməniləşdirmənin necə aparıldığı tam aydın olur. Bunu erməni araşdırmaçısı
Tatul Hakopyan da etiraf edir. Çünki bu gerçəyi mənbələr də qeyd edib və nə
qədər erməni tarixçiləri nağıllar uydursalar da bu yazılana pozu yoxdur. Belə
ki, Qərbi Azərbaycanın mahallarında minillər boyu azərbaycanlılar yaşayıb və
yalnız XX əsrdə bir neçə dəfə xüsusi qəddarlıq və zorakılıqla öz torpaqlarından
qovulublar”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: