8cdfe0d0-604c-469a-b29d-a45f91edb65f..jpg

Erməni hərbçilərin də heyran olduqları Azərbaycan leytenantı… – Nəsibə Bədəlbəyli ilə MÜSAHİBƏ + FOTO/VİDEO

Baxış sayı: 823 dəfə baxılıb.

Erməni hərbçilərin də heyran olduqları Azərbaycan leytenantı… – Nəsibə
Bədəlbəyli ilə MÜSAHİBƏ + FOTO/VİDEO

“Hay ver mənə, cənab leytenant,

Hay ver mənə, leytenant…”

Yəqin ki, çoxumuz bu mahnıya ən azı bir dəfə qulaq asmışıq.

Bu mahnının musiqisinin, sözlərinin sehri qədər, onu oxuyanların səsi də
dinləyicinin ürəyinə yol tapıb, yaddaşlara köçüb.

Şəmistan Əlizamanlı və Nəsibə Bədəlbəylidir mahnını ilk dəfə ifa edənlər…

Şəmistan Əlizamanlı bizə hər zaman yaxın olsa da, Nəsibə xanımın üzünü
görməyib çoxu.

Bəs kimdir Nəsibə xanım, haralardadır, nə iş görür?

“Qaynarinfo” Nəsibə xanımla müsahibəni təqdim edir:

– Hamının sevə-sevə dinlədiyi mahnını ifa edən xanım səhnədə yoxdur.

– İndi Akademik Dövlət Xor Kapellasında çalışıram. Gələn il oradakı
fəaliyyətimin 30 ili tamam olacaq. Kapella ilə bərabər konsertlərimiz,
ifalarımız çox olur. Bütün dünya bəstəkarlarının əsərlərini ifa edirik.

– Necədir? İşinizdən razısınızmı?

– Çox razıyam. Xora dəvət ediləndə tələbə idim, 20 yaşım vardı,
Konservatoriyada oxuyurdum. Elə həmin vaxtdan orada qaldım, orada böyüdüm.

– “Cənab leytenant” necə yarandı? Həmin anları necə xatırlayırsınız?

– Birinci Qarabağ müharibəsi zamanıydı. Mən hələ onda Şəmistan müəllimi hərbi
diktor kimi tanıyırdım. Bir verilişdə onun “İgid əsgər” mahnısı səsləndirildi.
Mən də hələ gitarada ifa etməyi qardaşımdan təzə öyrənmişdim. Başladım bu
mahnını zümzümə etməyə.

1993-cü ildə kapellaya təzə gəlmişdim, sarayda dövlət tədbiri oldu. Aparıcısı
isə Şəmistan Əlizamanlı idi. Konsertdən sonra ona yaxınlaşıb dedim ki, “Cənab
leytenant” mahnısından çox xoşum gəlir. İstəsəniz, bir yerdə oxuya bilərik, mən
gitarada ifa edərəm. Şəmistan müəllim dedi ki, bizim duet şəklində bir mahnımız
var, bəlkə, Şahin bəylə məsləhətləşək, o mahnıya baxaq? Yığışdıq, sonra elə
alındı, “Cənab leytenant”ı oxuyası olduq. Sözlər başqa idi, dəyişdirdim mən
bəzilərini, akkordları mən tuturdum. Məşq etdik, alındı. Dedi, yazdıraq bu
mahnını. O vaxt “İlkin” studiyası var idi. Bakıda ilk studiya idi. Gəldik,
orada yazdırdıq. Dedilər, klip çəkiləcək. Amma klip gec çəkildi, ilk dəfə
ANS-də “AND” verilişində getdi.

– Nəsibə xanım, bu mahnı həm də 2-ci Qarabağ savaşının, 44 günlük müharibənin
də bir himni oldu deyə bilərik. Bu savaşla bərabər səsləndi “Cənab leytenant”.
Həmin dövrdə mahnını ifa etmək üçün sizə televiziyalardan təklif gəldimi?

– Xeyr, gəlmədi. Məni bir dəfə Xarici Dillər Universitetinə, Polşa, Çexiya,
Latviyanın tədbirinə dəvət etmişdilər. Xarici dildə bədii bir mətn oxumaq lazım
idi. Orada aktyor kimi səsləndirdim mətni. Çıxışdan sonra gül alarkən çox
kövrəldim və fikirləşdim ki, mən səhnə üçün çox darıxmışam. Təşkilatçıya
yaxınlaşdım, dedim ki, “Cənab leytenant” mahnısını mən oxuyuram. Sizdə konsert
olsa, ifa edə bilərəm. O da dedi ki, nə yaxşı, o mənim ən sevimli mahnımdır.
Bir neçə gündən sonra zəng elədi ki, Latviyadan nəfəs alətlərində ifa etmək
üçün Milli Qvardiyanın qızları gəliblər. Onlar istəyirlər ki, “Cənab leytenant”
mahnısını bir yerdə ifa edəsiniz. Çox sevindim. Heç məşqimiz də olmadı. Bu
mahnı duet şəklində ifa olunur. Mən də Şəmistan bəyin işləri olur deyə onu
narahat etmədim. İş yoldaşım Vasif Hüseynliyə təklif etdim ki, mənimlə duet
ortağı olsun. O da qəbul etdi.

İfadan xoşları gəldiyi üçün məni yenidən bir neçə gün sonra Latviyanın 100
illiyi münasibəti ilə keçirilən tədbirə (2018-ci ildə – red.) qonaq çağırdılar.
Orada da təsadüfən Emin Musəvi ilə tanış oldum. Ona maraqlı oldu. İki gün sonra
məni radioya dəvət etdi.

– Bəs Nəsibə xanım bu 30 ildə niyə özünü gizlədib?

– Mənə “Araz” radiosundan təklif gəlmişdi. Veriliş mahnının bəstəkarı Şahin
Musaoğluya həsr olunmuşdu. Təklifi eşidəndə çox ağladım.

– Niyə ağladınız?

– Çünki 28-29 il sonra ilk dəfə yada düşüb dəvət edilmişdim. Çünki mən həmişə
köməkçi səs kimi gedirdim. Şəmistan müəllim çıxış edəndə onu tanıyırdılar.

– Bəs bu sizi incitmirdi?

– O vaxt heç bunu fikirləşmirdim. Mahnı səsləndirilən zaman deyirdilər,
Nəsibə, səsin gəlir, elə bu mənə bəs edirdi. Hətta bir dəfə maraqlı hadisə
yaşadım. Avtobusla gedirdim, radioda dedilər ki, müsabiqə elan olunur. Kim tapa
bilər, “Cənab leytenant”ı Şəmistan müəllimlə bərabər ifa edən kimdir? Mən də
sakitcə öz-özümə pıçıldadım “mən oxumuşam” deyə. Amma bu mənə təsir etdi.

– Sizcə, müharibə izlərindən başqa, bu mahnını populyar edən digər səbəb nə
idi?

– Sizə bir şey danışım. 44 günlük Vətən müharibəsi gedən zaman “YouTube”
kanalımda “Cənab leytenant” mahnısının altına “yan” soyad sonluqlu bir erməni
şərh yazmışdı rus dilində. Yazmışdı ki, siz məni blok edə bilərsiniz, amma çox
xahiş edirəm, bu yazdığımı oxuyun: “Mən Birinci Qarabağ müharibəsi veteranıyam.
Səngərdə oturmuşduq, sizin dalğanızı tutduq. Bu mahnı səslənirdi. Bilirdik ki,
düşmən sözləridir. Amma səs, musiqisi bizi tutdu. Mahnı bitən kimi hərəmiz bir
kənara çəkilib başladıq bu mahnını zümzümə eləməyə. Bilmədik bizi necə bağladı
özünə bu mahnı. İndi də qulaq asıram mahnıya, gözlərim yaşarır”.

– “Cənab leytenant” mahnısının kimə həsr olunduğunu bilirsiniz?

– Bizim ASAN Radiodakı müsahibəmizin videoçarxına bir nəfər şərh yazmışdı ki,
bu mahnı mənə həsr olunub.

– Yəni konkret kiməsə həsr olunub?

– Bəli, öz dostlarına həsr ediblər mahnını. Bir də “Şahinlər” mahnısı da şəhid
olan bir nəfərə həsr edilib.

“Cənab leytenant” 1993-cü ildə yazılsa da, ona klip 1996-cı ildə çəkilib.
Klipin mənimlə çəkilən hissəsi studiyada olub. Amma qalanı həmin adamın evində
çəkilib.

– “Cənab leytenant”dan sonra Nəsibə xanım niyə görünmədi? Bu mahnı kifayət
qədər populyar idi və sizə də kifayət qədər şöhrət gətirmişdi. Bəs niyə
görünmədiniz?

– Hələ 1993-cü ilin səs yazması ilə hər dəfə mənim səsim gələndə çox adam zəng
edirdi ki, Nəsibə, səsin gəlir. Çox adam tanıyırdı. Amma bilməyən kiməsə
deyəndə ki, “Cənab leytenant”ı mən oxumuşam, adımı soruşurlar. Deyirəm,
Nəsibədir. Hə, biz sizi tanıyırıq, amma üzdən görməmişik deyirlər.

– Nəsibə xanım, belə düşünə bilərikmi ki, xorda işləmək sizin solo karyeranıza
mane oldu?

– Yox, xorda işləyərkən orada da solist idim. Əsasən, yunan mahnılarını
oxuyurdum. Bir neçə il belə oldu. Sonra da ailə qurdum, baş qarışdı, hər şey
yaddan çıxdı.

– Nəsibə xanım efirə qayıtmaq üçün yeni mahnı ifa edə bilərmi?

– Gərək elə mahnı olsun ki, “Cənab leytenant” kimi möhür vura bilsin. Amma
belə vətənpərvərlik ruhunda, şəhidlərimizə həsr olunan tədbirlərə çağırsalar,
böyük məmnuniyyətlə gedib “Cənab leytenant”ı oxuyaram.

– Sizin özünüzün tək ifa etdiyiniz mahnılar var?

– Bəli, mənim tək ifa etdiyim mahnılarım da var. Həmin mahnıların da sözü,
musiqisi mənə aiddir.

– Nəsibə xanım, soyadınız Bədəlbəylidir. Siz hamının tanıdığı
Bədəlbəylilərdənsiniz?

– Doğrusu, mən istəmirəm bunu deyim. Çünki mən soyadımla yox, öz işlərimlə
tanınmaq istəyirəm. Bəli, mən Şəmsi Bədəlbəylinin qardaşı nəvəsiyəm.

– Bəlkə, özünüz az öncə dediyiniz kimi, soyadın tilsiminə girmisiniz, ona görə
davam etməmisiniz?

– Ola bilər, bəlkə də. Amma bir az da utancaq olmuşam, çəkinmişəm. Bir az
səhnədən çəkinib-qorxurdum, amma indi yox. Xarici Dillər Universitetində çıxış
edəndə, gül alıb alqışlananda fikirləşdim ki, səhnə üçün necə darıxıbmışam,
necə istəyirəm səhnəyə geri dönüm. Elə bunu düşünəndən sonra zənglər gəldi.

Amma indi düşünürəm, zamanı gəlib. Çünki hər zaman “Cənab leytenant”
səslənəndə deyirdim, mənəm. Deyirdilər, hə, səsini eşitmişik, amma üzünü
görməmişik. Mən də pis olurdum. İndi deyirəm ki, yox, mənəm, sanki sübut etməyə
çalışıram. Hətta bəzən yazırlar ki, xanımın neçə yaşı var, yalan deyirsiniz,
oxşamır ona və s.

– Siz tanınmadığınıza görə mahnıdakı səsi öz adına çıxmaq istəyən oldumu?

– Yox, olmadı. Amma çox adam deyirdi ki, elə bilirdik, Xədicə Abbasova ifa
edib.

– Mahnı Nəsibə xanıma nə uğur gətirib soruşsaq?..

– Sevirlər bu mahnını, oxuyurlar, hətta bağçalardakı körpə uşaqlar da
oxuyurlar. Bu mənim üçün uğurdur. Bu mahnı mənim ifamda sevilibsə, çox böyük
uğurdur mənim üçün. Hətta bir neçə gün öncə şəhid gizir Fariz Həsənovun
övladının kiçik toyu idi. Oraya dəvət olundum. Getdik, çıxış etdik, çox
xoşlarına gəldi.

– Bəs bu mahnını gənclərin ifasında dinləmisiniz?

– Bəli, olub, hətta mənə zəng edirlər ki, halallığını verirsiniz, olarmı biz
də ifa edək? Hətta sizə bir şey deyim. Mən o vaxt mahnını səsləndirəndə
leytenant yox, “leyçinant” deyirdim. Şəmistan müəllim də hər dəfə bunu mənə
irad tuturdu. Mən də deyirdim yox, belə deyəcəm. Bu mənim imzamdır. Hətta ASAN
Radioda olan müsahibəmə şərh yazdılar ki, sən himn deməkdənsə “gimn” demisən.
Amma demək istəyirəm ki, mən rusdilli olduğum üçün belə deyə bilərəm, amma bu
mənim Vətənə olan sevgimi dəyişmir. Mən özümü vətənpərvər hesab edirəm.

– Nəsibə xanım, etiraf edək ki, “Cənab leytenant” mahnısı həm də məğlub
ordunun mahnısı idi. İndi isə biz qalibik. Bu mahnını yeni aranjımanda yeni
ruhda oxumağı düşünürsünüzmü?

– Bilirsiniz, bu mənim mahnım deyil, bəstəkarın mahnısıdır. Şahin Musaoğlu
mahnının bəstəkarıdır. O, daha yaxşı bilər. Amma təklif gəlsə, təzə bir mahnını
bu mahnının davamı kimi ifa edərəm.

– Telekanallardan sizə hərbi-vətənpərvərlik mövzusunda bir verilişdə
aparıcılıq etməyə təklif gəlsə, qəbul edərdiniz?

– Bəli, edərdim.

– Nəsibə xanım, bir az işinizdən – xordan danışaq. Bilirik ki, xor dünyada ən
elit musiqilərdən sayılır. Bizdə vəziyyət necədir?

– Mən xorda böyümüşəm. Azərbaycan Himnini bizim xor ifa edib. Xatırlayıram,
əvvəl-əvvəl xora gəlmək istəmirdim. Atam orada işləyirdi. Dedilər, gəl, bax,
xoşuna gəlsə, qalarsan. Ancaq gələndən sonra ilk dəfə Türkiyəyə qastrol
səfərinə getdik. Orada tanınmış müğənnilər vardı. Çox xoşuma gəldi. Elə ondan
sonra da qaldım orada.

Biz təkcə əsərlər oxumuruq, həm də xalq mahnıları ifa edirik. Simfonik orkestr
ilə çox konsertimiz olur. Gürcü, rus, yunan mahnıları ifa edirik.

Sizə deyim ki, solo oxumaq asandır. Amma xorda oxumaq çox çətindir. Səkkiz
səsdir, amma öz melodiyanı oxumaqla bərabər, həm də digər səsləri də
dinləməlisən.

– Azərbaycanda xorun inkişafı necədir? Dinləməyə gələnlər var?

– İnkişafı çox yaxşıdır, əlbəttə, gələn var.

Mən incəsənət nümayəndələrinin ailəsində böyümüşəm. Atam tərəf Dadaşovlardır.
Muxtar Dadaşov babamın qardaşıdır. Sultan Dadaşov isə Opera və Balet Teatrının
rejissoru olub. Nənəm də Gənc Tamaşaçılar Teatrında ilk pioner qız olub. Ana
tərəfim isə Əfrasiyab, Şəmsi Bədəlbəylilər, babam Davud Bədəlbəyli olub. Mən
onun qız nəvəsiyəm. Ata tərəfim şuşalı, ana tərəfim isə bakılıdır.

– Sizin fəxri adınız varmı? Bu 30 ildə heç fəxri ad üçün müraciət etmisinizmi?

– Var, xalq sevgisi. Daha heç nə. Elə insanlar var, Xalq artistidir, ancaq
onları heç kim tanımır. O ki deyirlər e, o mahnını nə qədər sevirəm. Məni belə
tanıyıb-sevirlər, o da mənimçün ən böyük tituldur.


Source link