Erməni politoloq: “Sərhəd delimitasiya edilməsə, region daim müharibə
təhlükəsi altında qalacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Tərəflər arasında mühüm razılaşma əldə olunub, söhbət Almatı bəyannaməsinə
növbəti istinaddan gedir. Qoy indi möhtərəm Baqrat və ümumiyyətlə bütün kilsə
xadimləri soydaşlarımıza cavab versinlər: Onlar nəyə qarşı mübarizə aparırlar?
Ermənistanda sərhəd olmaması üçün? Belə çıxır ki, bəli”.
Bunu erməni politoloq Arutyun Mkrtçyan Ermənistan mediasına müsahibəsində
deyib.
O, bildirib ki, Azərbaycanla sərhəd delimitasiya və demarkasiya edilməsə, o
zaman region daim müharibə təhlükəsi altında yaşayacaq, bu isə Ermənistan
vətəndaşlarına yaxşı heç nə verməyəcək.
“Demarkasiyaya alternativ kifayət qədər konkretdir – müharibə. Bunu öz
xalqının terroru adlandıra da bilərsiniz, qorxutma və ya qorxaq siyasət də,
ancaq reallıq budur. Demarkasiya istəmirsinizsə, deməli müharibə istəyirsiniz.
Əgər siz Azərbaycanın tabeliyində olan hər şeyin ermənilərin olmasını tələb
edərək Azərbaycana məxsus olanı Azərbaycana vermək istəmirsinizsə, o zaman siz
ən azı danışıqlarda konstruktiv iştirak etmirsiniz və Azərbaycan tərəfinə
problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verirsiniz”, – deyə
politoloq qeyd edib.
Mkrtçyan bildirib ki, Ermənistanın və Ermənistan Silahlı Qüvvələrinin hazırda
problemin hərbi yolla həllinə ehtiyacı yoxdur.