Avropa Parlamenti Azərbaycana qarşı yeni qətnamə qəbul edib. Qətnamədə diqqəti
çəkən əsas məqam Azərbaycandan Avropa İttifaqına qaz tədarükü ilə bağlıdır.
Belə ki, parlamentin deputatları Azərbaycandan Avropaya qaz tədarükünün
dayandırılmasını tələb edirlər. Maraqlıdır ki, Avropa ölkələri Azərbaycan
qazını öz istəkləri ilə ölkəmizdən əldə edir və bunun dayandırılması ilk
növbədə Avropanın öz əleyhinədir. Lakin parlamentin, xüsusən də erməni
lobbisindən maliyyələşən deputatları sırf Azərbaycana təzyiq etmək üçün qitənin
əleyhinə olsa belə, istənilən addımı atmağa hazırdırlar.
Mövzunu Cixisyolu.com-a dəyərləndirən Milli Məclisin deputatı Azər Allahverənov
bildirib ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsinin
əsl səbəbi ölkəmizə təzyiq göstərmək və onun Aİ və Avropa ölkələri ilə bağlı
xarici siyasət kursuna təsir etmək məqsədilə həyata keçirilən böyük bir
kampaniyanın tərkib hissəsidir:
“Məlumdur ki, Avropa Parlamentində təmsil olunan deputatların müəyyən bir
hissəsi öz fəaliyyətlərini erməni lobbisinin maraqlarının təmin edilməsi
istiqamətində qurub. Çünki məhz həmin lobbinin dəstəyi nəticəsində onlar Avropa
Parlamentinə seçilir və bundan sonra onların maraqları kontekstindən çıxış
edərək Avropa İttifaqının Azərbaycanla bağlı kursuna təsir etməyə və
Azərbaycanın Cənubi Qafqazda daha gərgin müstəvidə olmasına çalışırlar. Təbii
ki, bu hadisələr fonunda da Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də digər
aspektlərdə zəiflədilməsinə səbəb olacaq bir siyasət yürütmək istəyirlər. Lakin
bu kimi cəhdlər əbəsdir”.
“Avropa Parlamentində, Aİ müstəvisində ələlxüsus Fransa kimi dövlətlər bu
səpkili qətnamələrin qəbul olunmasına səy göstərirlər. Erməni lobbisinə bağlı
olan tərəflərin başqa bir siyasəti də Fransanın yeni müstəmləkəçilik siyasətinə
bu və ya digər formada müdaxilə edən gücləri zəiflətməyə çalışmaqdır. Çünki
Azərbaycan bir çox müstəvilərdə, o cümlədən Qoşulmama Hərəkatı və digər
platformalarda beynəlxalq hüququn tələblərindən irəli gələn mövqe ortaya qoyur
ki, bu da tam bərabərhüquqlu siyasətdir və beynəlxalq hüququn fundamental
prinsiplərinin təmin olunması istiqamətində insani dəyərlərdən irəli gələn
yanaşmadır. Ölkəmizin hadisələrə bu istiqamətdə münasibət bəsləməsi də Fransa
və Avropa Parlamentinin müəyyən laylarında mənfi qarşılanır”, – deputat
vurğulayıb.
Bununla yanaşı, müsahibimiz bu yanaşmanın bütövlükdə Avropa İttifaqının
mövqeyi olmadığını hesab edir:
“Çünki Aİ-yə daxil olan Avropa Komissiyası var ki, Azərbaycanla çox sıx
münasibətdədir. İki il öncə AK sədri Ursula fon der Lyayenin Azərbaycana səfər
etməsi və enerji təhlükəsizliyi ilə bağlı saziş imzalanması da bunun sübutudur.
Bütün bu siyasət ona yönəlib ki, Ursula fon der Lyayen həmin sazişi ləğv etsin
və bununla həm də Azərbaycanın enerji təhlükəsizliyinin qarantı olduğu ölkələr
sırf Aİ-dən asılı vəziyyətə düşsünlər”.
“Bu yaxınlarda İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin
müavini, İtaliya Nazirlər Şurasında Qafqaz bölgəsinə məsul şəxs, habelə
İtaliyanın hakim İtaliya Qardaşları Partiyasının milli direktorluğunun
əlaqələndiricisi Edmondo Çirielli Avropa Parlamentində 24 oktyabr tarixində
Azərbaycana qarşı qəbul olunan qətnaməni sərt şəkildə tənqid edib. Eyni mövqeni
Macarıstan nümayiş etdirir. Digər dövlətlər də bu prosesdə yaxından iştirak
edirlər. Nəticə etibarilə Avropa İttifaqı müstəvisində elə laylar var ki,
hərəkətə gəlir və Avropanın mərkəzçi siyasətinə qarşı çıxırlar. Aİ-də isə bunu
xoşlamırlar, çünki Aİ-yə üzv olan yeddi ölkə bilavasitə Azərbaycanla enerji
təhlükəsizliyi sahəsində əməkdaşlıq edir, həmin dövlətlərin qazla təchizatı
Azərbaycanın hesabınadır. Bundan başqa, Aİ-yə üzv olmayan üç Avropa ölkəsi də
Azərbaycanın qaz təchizatından yararlanır. Bəzi hallarda isə Azərbaycan Fransa
prezidenti kimi şəxslərin şəxsi maraqlarına zidd getdiyi üçün belə bəyanatların
şahidi oluruq”, – Allahverənov vurğulayıb.
O əlavə edib ki, bütün bunlara rəğmən, Azərbaycanın nüfuzu artır:
“Ölkəmiz beynəlxalq layihələrdə iştirak edir, eyni zamanda, bərabərlik
prinsipi əsasında strateji tərəfdaşları və müttəfiqləri ilə praqmatik siyasət
yürüdür. Bu prosesin də qarşısını almaq mümkünsüzdür. Çünki Azərbaycanın irəli
sürdüyü təşəbbüslər dünya dövlətləri tərəfindən ən yüksək səviyyədə
dəstəklənir, bir çox platformalarda ölkəmizin iştirakı xüsusilə arzu edilir.
COP29-un da məhz Azərbaycanda keçirilməsi üçün 200 dövlətin müsbət qərar
verməsi ölkəmizin nüfuzunun bariz nümunəsidir”.
Mərahim Nəsib