ef4dd29d-eb9c-4352-b791-08f574102ba4..jpg

Erməni terrorunun qurbanı olan korifeyimiz – FOTO

Baxış sayı: 595 dəfə baxılıb.

Erməni terrorunun qurbanı olan korifeyimiz – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Caz musiqisinə böyük həvəsi ailədən gələn musiqiçi istedadı ilə birgə hələ
uşaqlıqdan həyat yolunu müəyyən etmişdi. Ötən əsrin 60-70-cı illəri məhz
görkəmli musiqiçi, bəstəkar, Xalq artisti Rafiq Babayevin caz töhfələri ilə
səsini bütün dünyaya yayıb. O, Azərbaycan musiqi mühitinə yeni nəfəs, fərqli
baxış gətirib. Milli musiqi zəminində Qərb və Şərq musiqi ənənələrinin
sintezini yaradıb, muğam və xalq melodiyalarını caz ritmləri üstündə uğurla
təqdim edib. Rafiq Babayevin əsərləri, melodiyaları millətindən, dinindən asılı
olmayaraq, bütün insanları birləşdirib.

Təəssüf ki, novator bəstəkar 1994-cü il martın 19-da – 30 il əvvəl ermənilər
tərəfindən Bakı metrosunda törədilən terrorun qurbanı oldu. Rafiq Babayev sanki
əcəlin amansız oyununu duyubmuş kimi ölümündən bir il əvvəl çəkilən “Təhminə və
Zaur” filminin saundtreki olan “Əlvida” kompozisiyasını özü ifa etmişdi.
“Görüşdük nə çətin, ayrıldıq, ayrıldıq nə asan”, – deyə oxuyan görkəmli
bəstəkarın həyatı ömrünün ən gözəl çağında – 57 yaşında qırıldı…

31 mart Rafiq Babayevin doğum günüdür.

Bu gün əzizləri və sənət yoldaşları Rafiq Babayevi böyük hərflərlə yazılan
İNSAN və MAESTRO deyə xatırlayır, onu milli cazın korifeyi adlandırırlar.

Sənət yoldaşları R.Babayev barədə fikirlərini “Kaspi”

qəzeti ilə bölüşüblər.

“Bütün həyatını musiqiyə həsr etmişdi”

Rafiq Babayevin qızı Fərizə Babayeva atası haqqında danışır: “Atamın həyatı
asan olmayıb. Onun atası Fərzi Babayev 1937-ci ildə repressiya olunub. Nənəm
Şahbəyim 6 övladını çətinliklə böyüdüb. Sonradan bu uşaqların hamısı peşəkar
musiqiçi kimi tanınıb”. Fərizə xanım danışır ki, atası bütün günü işlədiyindən
onun və bacısının tərbiyəsi ilə anası ilə nənəsi məşğul olub: “Atam evdə də
işləyirdi. Ona görə də bizi anamla nənəm tərbiyə edirdi. Atam nənəm üçün çox
əziz idi. Ona görə də bizim yanımızda yaşayırdı. Nənəm atamın qoruyucu mələyi
idi. O, atamdan bir il sonra dünyasını dəyişdi. Atam özünün caz-instrumental
qrupu ilə tez-tez qastrollara çıxırdı. Bəzən səfərləri 2-3 ay çəkirdi. ABŞ-yə
qastrolu isə 10 ay davam etmişdi. Biz balaca idik və onun yolunu gözləyirdik”.

F.Babayeva xatırlayır ki, Rafiq Babayev təbiət etibarilə sakit və səmimi insan
olub: “Atam bütün həyatını musiqiyə həsr etmişdi. O, işdən qayıdandan sonra da
evdə işləyirdi. Demək olar ki, səhərdən axşama qədər çalışırdı. Evimizdə həmişə
sakitlik olardı. Mən heç vaxt evimizdə mübahisə, dava-dalaş görməmişdim. Atamın
səsini yüksəkdən eşitməzdim. Mən özüm ailə qurandan sonra anamdan “siz nə
vaxtsa mübahisə etmisiniz?” – deyə soruşurdum. Anam da musiqişünasdır. Bəlkə
buna görə onlar bir-birinin dilini yaxşı başa düşürdülər. Mən və bacım da nəsil
ənənəsini davam etdirdik – musiqiçi olduq”.

Rafiq Babayev qastrollardan Bakıya qayıdandan sonra görkəmli müğənni Rəşid
Behbudovla tanış olub və Mahnı Teatrında çalışmağa başlayıb: “1967-ci ildə
Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri
vəzifəsinə dəvət edildi. Atamla Rəşid Behbudov teatrlaşdırılmış böyük konsert
proqramı hazırlamağa başladılar. Atam bu tamaşanın səhnəyə qoyulması üçün böyük
işlər görmüşdü. Eyni zamanda, caz musiqisi sahəsində yaradıcı işini də davam
etdirir, festivallarda iştirak edirdi. 1967-ci ildə Tallin şəhərində keçirilən
Beynəlxalq Caz Festivalında atamın ansamblı laureat oldu. Atam yaratdığı musiqi
kollektivlərində gənc və istedadlı musiqiçilərin üzə çıxması üçün əlindən
gələni əsirgəmirdi. O, daim sənət axtarışında idi”.

“Onun tutduğu yol ayrı idi”

Xalq artisti Mübariz Tağıyev xatırlayır: “Rafiq Babayevlə tanışlığım 70-ci
illərə təsadüf edir. O vaxt Qərbi Azərbaycanda işləyirdim. Tbilisidə caz
musiqisi ilə bağlı bir tədbir keçirilirdi. Biz həmin tədbirdə görüşdük. Vaqif
Mustafazadə də həmin tədbirdə iştirak edirdi. İllər keçdi, elə alındı ki, mənim
Bakıya gəlməyimin səbəbkarı da Rafiq Babayev oldu. Teleqram gəldi və mən Mahnı
Teatrına dəvət olundum. O vaxta qədər teatrın rəhbəri Rəşid Behbudovla
tanışlığım yox idi. Rəşid Behbudov dahi bir insan idi. Rafiq Babayev kimi
musiqiçilərin o teatrda çalışması həmin mühiti daha da mükəmməl edirdi. O vaxt
Mahnı Teatrı ayrıca bir akademiya idi. Rafiq teatrın musiqi rəhbəri idi. Bütün
aranjemanları birlikdə edirdik.

Münasibətimiz get-gedə yaxın dostluğa çevrildi. Onun yazdığı mahnıların
əksəriyyətini mən oxumuşam. Birlikdə qastrol səfərlərində olmuşuq. İndi onun
yeri görünür. O, təkcə böyük sənətkar deyildi, həm də böyük insan idi. Rafiq
sənətdə zirvə idi, həm də səmimi, dostcanlı insan idi. Rafiq Babayevin qoyduğu
məktəb hamımız üçün bir örnək oldu. O, bizi ayrı bir istiqamətə apardı. Biz pul
qazanmalı idik, amma onun tutduğu yol ayrı idi – peşəkar sənət yolu idi. O,
bizi bu istiqamətə apardı. Rafiq Babayevlə çalışdığım illər həyatımda ayrıca
bir səhifədir”.

“O, səviyyəni qorumağa çalışırıq”

Xalq artisti, tanınmış caz bəstəkarı Salman Qənbərov deyir ki, hər il martın
sonlarında Rafiq Babayevin xatirəsinə həsr olunan konsert proqramı təşkil
edirlər:

“Rafiq Babayevlə xüsusi tanışlığım yox idi, amma dostlarım onun ansamblında
işləyirdi. Onların konsertlərini buraxmamağa çalışırdım. Çünki o konsertlər çox
səviyyəli idi və biz çox şey öyrənirdik. Rafiq Babayevin adı həmişə
musiqiçilərin yaddaşındadır. Bizim nəslimiz, indiki gənclər onun melodiyalara
yanaşma təcrübəsindən həmişə öyrənib və bunu inkişaf etdirməyə çalışıb. Biz hər
il onun xatirəsinə həsr olunan konsertlər, yubiley gecələri keçiririk. Rafiq
Babayevin bizə yadigar qoyduğu musiqi ənənəsini olduğu kimi davam etdirməyə və
o səviyyəni aşağı salmamağa çalışırıq”.

Source link