Erməni xislətini üzə çıxaran mina problemi: Qarabağ düşmən “izlərindən” necə
təmizlənir? – REPORTAJ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Müharibə sülhdür. Azadlıq köləlikdir. Cəhalət gücdür”.
Corc Oruel
Gecə saat 3-dür. Bir azdan Ağdama yola düşəcəyik. Çantamı hazırladıqdan üç-beş
dəqiqə sonra sürücüdən zəng gəlir: “Dediyiniz yerdə gözləyirəm”. Qapını yavaşca
örtüb evdən çıxıram. Payızın yazı xatırladan havasına aldandığım üçün yanımda
qalın geyim götürməmişəm. Maşına əyləşib digər iş yoldaşlarımızı götürməyə
gedirik. Budur, Qarabağa tədbirlərə getməyə vərdiş etmiş həmkarım maşına tərəf
gəlir, evdə əlinə keçən isti paltarlarının hamısını da özü ilə gətirir.
Həmkarım bu dəfə də tədbirə gedir, biz isə minalarla, daha doğrusu, minalanmış
ərazilərlə tanış olmağa. Yolboyu beynimdə qarşılaşacağım mənzərənin eskizini
cızıram. Deyəsən, istəmədən eskizlərimdə qarabağlı dostlarımın danışdıqları və
travmaları da yer alır.
Bəllidir ki, artıq ərazilərin işğaldan azad olunmasından üç il ötür, bu dövr
ərzində Qarabağ və Şərqi Zəngəzurda əsaslı bərpa və quruculuq işləri görülüb.
Ancaq hər Qarabağ deyəndə təsəvvürümdə yerlə bir edilmiş yaşayış yerləri,
rəngləri soldurulmuş mədəniyyət ocaqları, ibadət evləri, bir də qonşularımızın
əkdiyi ölüm toxumları canlanır. Ağdamın içərisinə doğru irəlilədikcə də
təsəvvürümün məni yanıltmadığını sezirəm. “Qafqazın Xirosiması”, “Ruhlar
şəhəri” adlandırılan bu yerdə gördüyüm odur ki, ermənilər heç ruhlara da
dinclik verməyiblər. Qonşularımız dirilərdən əllərini üzəndə cəhalətin verdiyi
həmin güc ilə ölülərimizin qəbirlərinə qədər giriblər. Yəni dirilərdən
“qurtarıb” bir xeyli də ölülərimizlə vuruşublar.
İşğal və savaşın izlərinə tamaşa edə-edə Sarıcalı kəndinə doğru irəliləyirik.
O kənd ki dörd bir tərəfinə, hətta evlərinin içərisinə belə minalar döşənib.
Kəndə gedən yolda bizi Minatəmizləmə Agentliyinin (ANAMA) 5 saylı təmizləmə
dəstəsinin əməliyyat rəhbəri Xaliq Zülfüqarov müşayiət edir. Yolboyu erməni
hərbçilərinin qazdıqları səngərlər, hördükləri “müdafiə divarları”, müşahidə
göyərtələri ilə tanış oluruq. Onları izləyərkən bir şeyi aşkar görürəm ki,
ermənilər 30 il ərzində dillərinə almasalar belə, Ağdamın və digər işğal
altında saxladıqları ərazilərin Azərbaycana məxsus olduğunu qəbul ediblər,
ancaq bu həqiqəti həzm edə bilməyiblər. Çünki əks təqdirdə, bu yerləri
xarabalığa yox, gülüstana çevirmiş olardılar. Biz də onları yenidən inşa etmək
məcburiyyətində qalmazdıq.
Mövcud səhnə mənə “Bir neçə yaxşı adam” (“A few good men”) filminin məşhur
“Sən həqiqətin öhdəsindən gələ bilməzsən!” ifadəsini xatırladır. Bəli,
qonşularımız ölülərimiz, dirilərimiz, hətta ruhlarımızla da vuruşublar, ancaq
həqiqətin öhdəsindən gələ bilməyiblər. Və budur, indi biz həmin həqiqətə
söykənərək Qarabağa, Şərqi Zəngəzura qayıdırıq və bu qayıdışın baş tutacağı
yerlərdən biri də ermənilərin mina tarlasına çevirdiyi Sarıcalı kəndidir. ANAMA
əməkdaşları artıq kənddə evlər olan əraziləri minalardan təmizləyiblər. Ancaq
otlaq və əkin sahələrində təmizlənmə işləri hələ də davam edir.
Artıq təməlqoyma mərasimi keçirilmiş bu kəndin öz yerində yenidən salınması
nəzərdə tutulur. Sarıcalı kəndi ANAMA-nın 5 saylı təmizləmə dəstəsinin
əməliyyat keçirdiyi beş müxtəlif ərazidən biridir. Ağdamda buradan başqa daha
üç ərazidə sözügedən əməliyyat qrupu təmizləmə işləri həyata keçirir. Onların
minalarla savaşdığı digər bir yer isə qan yaddaşımız olan Xocalıdır.
Ümumilikdə, ANAMA bu gün Xankəndi də daxil olmaqla işğaldan azad olunmuş bütün
ərazilərdə öz fəaliyyətini icra edir.
Xaliq Zülfüqarovdan əldə etdiyimiz məlumata görə, Sarıcalı kəndi ərazisindən
çıxan minalar, əsasən, tank əleyhinə olan TM-62P2 markalı, plastik gövdəli
minalardır. Üstəlik onlar tam istifadəyə yararlı və təhlükəlidirlər. Sıradan
çıxarılmaları da çox vaxt tələb edir. Ancaq ümumilikdə minatəmizləmədə zaman
deyilən bir şey yoxdur, minaaxtaranı qətiyyən tələsdirmək olmaz. Çünki onu
tələsdirmək təhlükəsizliyi ikinci plana atmaq mənasına gəlir ki, bu, ANAMA-nın
fəaliyyətində qəbulolunmazdır.
Plastik gövdəli minaların xüsusiyyətlərindən söz açmazdan əvvəl Ermənistan
silahlı birləşmələrinin ərazidə kustar üsullarla hazırlanmış partlayıcılardan
sıx istifadə etdiyini də qeyd etmək yerinə düşər. Bu partlayıcılara nümunə kimi
Xaliq Zülfüqarov müxtəlif təyinatlı və çaplı top mərmilərinin öz gilizindən
çıxarılmasından söz açır və bildirir ki, erməni silahlıları gilizin alt
hissəsindən yerlər açaraq oraya müəyyən hissəyə qədər partlayıcı maddələr
yerləşdiriblər. Sonra isə onları kolluqlara qoyublar. Həmin sursatlar kənardan
müxtəlif üsullarla partladılırmış. Əməliyyat rəhbəri vurğulayır ki, 152 mm-lik
bir mərminin partlaması 50 metrlik məsafəyə qədər ölüm təhlükəsi yaradır və
qarşı tərəf bu kimi partlayıcılardan bir çox yerlərdə istifadə edib.
Plastik gövdəli minalar da elə həmin partlayıcılar qədər təhlükəlidir. Onların
tərkibindəki metal hissələrin az olması detektorun həmin minanı daha gec
tapmasına səbəb olur. Bu işdə təmizləmə qrupunun köməyinə həm də xüsusi təlim
keçmiş minaaxtaran itlər çatırlar. Hətta bu tip minaların tapılmasında itlərin
rolu əvəzsizdir. Minaaxtaran itlər minanın özünü tanımırlar, onlar minanı məhz
tərkibindəki partlayıcı maddənin qoxusu hesabına tapırlar. Ona görə də
minaaxtaran itlər plastik gövdəli minaların yerini rahat müəyyən edirlər. Xaliq
Zülfüqarov söyləyir ki, minaaxtaran itlərlə yanaşı, işğaldan azad olunmuş
ərazilərdə minaaxtaran siçovullar da əməliyyatlara cəlb olunurlar və elə onlar
da minaaxtaran itlərlə eyni funksiyanı icra edirlər.
Ancaq qeyd etməliyəm ki, Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS)
əsasən, təmizləmə işlərində hər bir cığır üzrə iki minaaxtaran it əməliyyata
cəlb edilir. İlk olaraq bir minaaxtaran it cığırı yoxlayır, ərazidə heç bir
minanın ötürülmədiyinə əmin olmaq üçün isə həmin yer ikinci minaaxtaran it
tərəfindən təkrar yoxlanılır. İkinci minaaxtaran itin işi başa çatdıqdan sonra
isə sahədə əminlik yoxlaması aparılır. Ən sonda tam təmizlənmiş əraziyə xarici
keyfiyyət qrupu baxış keçirir. Həmin yoxlamadan sonra sahə tam təmiz sayılır.
ANAMA əməliyyat qruplarının təhlükəsizliyi məsələsinə də çox etinayla yanaşır.
Belə ki, əgər bir sahədə ambulans, həkim dəstəyi yoxdursa, oradakı əməliyyatlar
dərhal dayandırılır. Yalnız həkim həmin əraziyə qayıtdıqdan sonra yenidən
əməliyyatlara başlanılır. Bütün əməliyyat qrupları zəruri avadanlıqlarla təchiz
edilmiş ambulansla təmin edilirlər.
Bunlarla yanaşı, ANAMA bölgəyə gözlənilmədən, icazəsiz səfər edən şəxsləri də
diqqətdə saxlayır, onların məlumatlı və ehtiyatlı olması üçün tədbirlər görür.
İşğaldan azad edilmiş ərazilərdə partlayıcı sursatların təhlükəsinə dair
maarifləndirici irimiqyaslı bilbordlar quraşdırılıb. Eyni zamanda, agentliyin
əməliyyat apardığı və təmizlədiyi ərazilərdə xüsusi işarələrdən istifadə
edilir. Bu işarələmə sistemi özünəməxsusdur. Məsələn, əgər əraziyə sancılmış
120 sm-lik taxtanın yuxarı hissəsi ağ rəngdədirsə, bu, o deməkdir ki, həmin
ərazi minadan təmizlənib və tam təhlükəsizdir. Yox, əgər yuxarı hissə qırmızı
rəngdədirsə, deməli, taxtanın arxa tərəfi minalı ərazidir. Amma ziyarətçilər
onu da bilməlidirlər ki, bu işarələmə sırf əməliyyat işarələridir.
İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsini əks etdirən üçbucaq formalı
işarələr də quraşdırılıb, lakin işarələnməmiş ərazilər də mövcuddur. ANAMA
nümayəndəsi elə bu səbəbdən əraziyə səfər edən şəxslərin nəzər yetirməli
olduqları məqamlara diqqət çəkir:
“Təmizlənmiş ərazilərdə tikinti-abadlıq işləri aparılır. Hansı ərazilər ki
təmizlənməyib, orada, ümumiyyətlə, iş getmir, hündür otlar, kollar olur və
həmin ərazilərə çox vaxt tələlər yerləşdirilmiş olur. Əgər bir ərazidə
partlayıcı maddə qalıqları və ya diqqətçəkən bir əşya görürlərsə, deməli, həmin
ərazi təhlükəlidir”.
Minalı ərazilərdə aparılan iş prosesi və ANAMA-nın iş mexanizmi barədə məlumat
əldə etdikdən sonra Xaliq Zülfüqarovun müşayiəti ilə aşkar olunmuş mina və
hərbi sursatların toplanma məntəqəsinə baş çəkirik. Minatəmizləmə əməliyyatı
zamanı ərazidəki təhlükəsizlik baxımından daşına bilən hərbi sursatların,
raket, mina, eləcə də kustar üsulla hazırlanmış partlayıcıların qalıqları
toplanaraq buraya daşınıb və burada kiçik bir təpə yaranıb.
Qeyd edək ki, mina və partlayıcı qurğular təhlükəsizlik səviyyəsinə görə
daşınabilən, qismən daşınabilən və yerində məhv edilməli olaraq kateqoriyalara
bölünür.
Bütün bunları izləyərək ANAMA-nın necə çətin və məsuliyyətli bir işin
öhdəsindən gəldiyinin şahidi oluruq. Sirr deyil ki, müharibənin 2020-ci ilin
noyabrında başa çatmasına baxmayaraq, indiyədək Ermənistan rəsmiləri minalanmış
ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir. ANAMA əməkdaşları bu
gün Ermənistan hərbi birləşmələrinin 30 il ərzində basdırdığı minaları heç bir
xəritə olmadan aşkarlayır və zərərsizləşdirirlər. Ötən üç il ərzində təxminən
109 mindən artıq mina və partlamamış hərbi sursat aşkarlanaraq
zərərsizləşdirilib. Ancaq hesablamalara görə, Azərbaycan əraziləri təxminən 1,5
milyona yaxın mina və hərbi sursatlarla çirkləndirilib.
Bu göstəriciləri və üç il ərzində Ermənistanın mina xəritələrini verməkdə
maraqlı olmadığını gördükdə beynimdə bir sual fırlanır: 30 il ərzində
torpaqları işğal altında saxlanılmasına baxmayaraq, sülh təşəbbüsü ilə çıxış
edən Azərbaycan qədər Ermənistan da sülh istəyirmi?
Müharibə artıq bitib, Qafqaz sülh istəyir və qalıcı sülh hazırda həm də həmin
mina xəritələrinin verilməsini tələb edir.
“Report” İnformasiya Agentliyi