Ermənilər atasını qətlə yetirdi, “Məşədi İbad”la məşhurlaşdı, gülərək can
verdi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayı atası ermənilər tərəfindən öldürülən, “Məşədi İbad”ı
məşhurlaşdıran, güldüyü yerdə ürəyi dayanan aktyor, Xalq artisti Əliağa Ağayevə
həsr olunub.
Əliağa Ağayev hələ iki yaşı olanda anasını itirir, beş yaşında (1918-ci il)
ermənilər Tiflisdə yaşayan azərbaycanlılara qarşı soyqırımı törədəndə qaçıb
Azərbaycana gəlirlər. Onlar eyni hadisələrin Bakıda da cərəyan etdiyini
bilmirdilər. Elə həmin il atasını ermənilər qətlə yetirir.
7-ci sinfi bitirən Əliağa gəmi təmiri zavodunda işə düzəlir, eyni vaxtda
zavodun dram dərnəyinə də yazılır. Oynadığı obrazlar zavod kollektivinin, daha
sonra Bakı camaatının diqqətini çəkir, onlarda maraq oyadır. “O olmasın, bu
olsun” filmindən sonra onu hamı tanıyırdı, amma adi ilə deyil, oynadığı obrazla
– “Məşədi İbad” kimi.
Bu obrazı oynayanda Əliağa Ağayevin qara, gur saçları var idi. Film təbii
alınsın deyə saçlarını dibindən qırxdırıb, saqqalının üstündə isə günlərlə özü
işləyib. Nəhayət, təbii göründüyünü hiss etdikdən sonra çəkilişə razılıq verib.
Deyib-gülməyi, yeyib içməyi çox xoşlayırmış. 70 yaşı ərəfəsində, 13 noyabr
1983-cü ildə dostları ilə kafedə oturub deyib-gülürmüşlər. Danışdığı lətifəyə
ətrafdakılarla birlikdə gülərkən ürək damarı partlayıb və həyatını itirib.