9995f4da-92ed-4dd8-a36f-ae02d13be075..jpg

“Ermənilər Cənubi Azərbaycanda 190 minə yaxın azərbaycanlıya qarşı soyqırımı törədiblər” – RƏY + FOTO

Baxış sayı: 971 dəfə baxılıb.

“Ermənilər Cənubi Azərbaycanda 190 minə yaxın azərbaycanlıya qarşı soyqırımı
törədiblər” – RƏY + FOTO

“1918-ci ilin yazında Azərbaycanlılara qarşı kütləvi soyqırımı törədilib.
Bununla əlaqədar monoqrafiyalar yazılıb, ayrıca kitablar işıq üzü görüb və
sənədlər, dəlillər mövcuddur. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyasının
ilk cildində də Cənubi Azərbaycanda soyqırımı məqaləsi yer alıb”.

Bu sözləri Cixisyolu.com-a ermənilər tərəfindən 1918-ci ilin mart ayında Cənubi
Azərbaycanda törədilən soyqırımı haqqında danışarkən tarix üzrə fəlsəfə doktoru
Firdovsiyyə Əhmədova deyib. O qeyd edib ki, Cənubi Azərbaycanda törədilən
qırğınlarla bağlı faktlar kifayət qədərdir:

“Tarixə “Urmu bəlası” adı ilə faciə daxil olub. Bu, Urmiyada törədilən
soyqırımıdır. 1918-ci ildə ilaxır çərşənbədə – martın 17-də 500-dən çox evi
dağıdıblar, 10 mindən çox azərbaycanlını qətlə yetiriblər. Ona görə bu tarix
“Urmu bəlası” kimi qeyd olunur. Təkcə Urmiyada deyil, Cənubi Azərbaycanın Xoy,
Maku, Salmas şəhərlərində, ətraf kəndlərdə Azərbaycan türklərinə qarşı
soyqırımı törədilib. Bu yalnız Osmanlı ordusu yardıma gəldikdən sonra qarşısı
alınıb. İyun ayında Osmanlı Ordusu Xoy şəhərinə çatıb, oradan Salmasa doğru
hərəkət etdi. Bir neçə günlük döyüşlərlə erməni ordusunu darmadağın etdilər.
Ermənilər geri çəkildikcə yenə də kəndlərə od vururdular, insanları qətlə
yetirirdilər. Məşhur qaniçən Andranik Xoy şəhərini ələ keçirmək üçün 8 min
nəfərlik hərbi qüvvə ilə Culfa yolundan hərəkət etmişdi. O, Xoyda özü ilə
gətirdiyi 10 min erməni əhalisini yerləşdirmək istəyirdi. Cənubi Azərbaycanın
bu şəhərlərini özlərinin “Böyük Ermənistan” xülyasına birləşdirmək
istəyirdilər. 1918-ci ilin iyununda ermənilər Xoyun mühasirəsinə davam edib,
Urmiyada törətdiklərini təkrarlayırdılar. Tarixi məlumatlara görə, sakinlər
ciddi müqavimət göstəriblər, hətta qadınlar da şəhərin müdafiəsinə qoşulublar.
Amma ermənilər top atəşinə məruz qoymaqla Xoyu dağıtmışdılar. Osmanlı ordusu
yaxınlaşanda isə erməniləri geri çəkdirmək mümkün olmuşdu. Ermənilər planlarını
geniş coğrafiyada həyata keçirmək üçün əllərindən gələni etmişdilər. Onların
törətdiyi soyqırımları regionun bir çox hissələrinə yayılıb, türklərə,
azərbaycanlılara qarşı yönəlmişdi. Urmiya gölündə rusların hərbi gəmilərindən
istifadə etməyi də nəzərdə tutmuşdular.

Mart soyqırımının Cənubi Azərbaycanda törədildiyinə dair dəlillər göstərir ki,
190 minə yaxın soydaşımız orada qətlə yetirilib. Azərbaycan türklərinin başına
gətirilən bu müsibətlərlə əlaqədar monoqrafiyalar, sənədlər, araşdırmalar
mövcuddur. “Böyük Ermənistan” xülyasını həyata keçirmək istəyən ermənilərin
törətdiyi faciələrin miqyası Azərbaycan, Cənubi Azərbaycan və Şərqi Anadolunu
ərazilərini əhatə etməklə, yüz minlərlə dinc insanların qətlə yetirilməsinə
gətirib çıxarmışdı”.

Aysel Aslan

Source link