244bd5ac-a47e-4ddc-a325-c6e1254a9ef0..jpg

Ermənilər rahatlıqla təxribat törədirlərsə, Aİ missiyası hara baxır? – ŞƏRH + FOTO

Baxış sayı: 2. 062 dəfə baxılıb.

Ermənilər rahatlıqla təxribat törədirlərsə, Aİ missiyası hara baxır? – ŞƏRH +
FOTO

“Avropa İttifaqının (Aİ) guya Ermənistan-Azərbaycan sərhədinin monitorinq
missiyası üçün göndərdiyi müşahidəçilərin fəaliyyəti ilə bağlı məlumat yoxdur.
Uzun müddətdir, Ermənistan tərəfdə yerləşmələrinə baxmayaraq, onların
fəaliyyəti uğursuz görünür”.

Bu sözləri Cixisyolu.com-a ermənilərin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan
istifadə edərək qanunsuz silah daşıması və bu təxribatın qarşısının alınması
zamanı baş verən insident haqqında danışarkən politoloq İlqar Vəlizadə deyib.
Regionda təxribatlar fonunda Aİ missiyasının fəaliyyətsizliyinə toxunan
politoloq qeyd edib ki, onlar Ermənistanın əlində vasitə rolunu oynayırlar:

“Çünki ermənilər bu missiyanın fəaliyyətindən daha çox Azərbaycana təzyiq kimi
istifadə etməyə çalışırlar. Monitorinq adı ilə bölgəyə gələn missiya
hərbiləşdirilir, humanitar xarakterdən çıxaraq, polis, jandarm kimi fəaliyyət
göstərməyə başlayır. Bu, heç də iddia edildiyi kimi sadə məsələ deyil. Ona
görə, mən düşünürəm ki, Aİ missiyasının fəaliyyəti haqqında problemlər
gələcəkdə də davam edəcək, onun işi başqa məqsədlərə hesablanıb”.

İlqar Vəlizadə düşünür ki, Qarabağda, Laçın yolu ətrafında ermənilərin
törətdiyi gərginlik süni olaraq yaradılır:

“Çünki sonra bunu Azərbaycana qarşı istifadə etmək istəyirlər. Onlar göstərmək
istəyirlər ki, guya Azərbaycan Laçın dəhlizini blokadaya alır. Növbəti
mərhələdə missiyadan, digər qurumlardan imdad diləyəcəklər. Bir çox məqamlar
qaranlıq qalır. Proses şəffaf şəkildə həyata keçirilmir, Azərbaycanla
razılaşdırılma yoxdur. Belə halda biz əmin oluruq ki, həmin Aİ missiyasının və
onun arxasında dayanan qüvvələrin planları fərqlidir.

Sabitləşdirmə niyyəti ilə Aİ missiyasının çağırıldığı iddia edilsə də,
missiyanın gəlişindən sonra sərhəddə sabitlik yaranmayıb. Qarşıya qoyulan
tələblər həll edilməmiş qalır. Delimitasiya və demarkasiya prosesləri həyata
keçirilməyib. Sual olunur, bəs missiya hansı işlərə yardım göstərir ki, heç bir
irəliləyiş, məlumat, fəaliyyət yoxdur? Töhfəsi olmayan bir təsisatın regionda
qalmasının əhəmiyyəti də yoxdur”.

Xatırladaq ki, martın 5-də, səhər saatlarında Xankəndi-Xəlfəli-Turşsu torpaq
yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların,
silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti
yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının qarşısı alınıb.

Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində
Azərbaycan Ordusunun hərbi qulluqçuları Şəhriyar Ramiz oğlu Əlibəyli və Eşqin
Cəmil oğlu Hüseynov şəhid olublar.

Aysel Aslan

Source link