40e0a2f1-1bb2-4d82-8434-1827714a2d5b..jpg

Ermənilərin Holokost kompleksi…

Baxış sayı: 541 dəfə baxılıb.

Ermənilərin Holokost kompleksi…

Konfliktoloq Rüstəm Qaraxanlı yazır…

Ermənilərin “blokada” və “humanitar böhran” yalanlarına heç ilk gündən dünya
ölkələri inanmadılar. Ancaq Qarabağdakı “aclıq soyqırımı”nı Holokostla müqayisə
etdikdə özlərinin sevimli ifadələri ilə desək, “qırmızı xətt”i keçdilər. Əvvəl
Qarabağda ilişib qalmış “qara maliyyə”çi Ruben Vardanyan Leninqrad blokadası
ilə paralellər qurmağa cəhd etdi, gözlədiyi reaksiya gəlmədi. Sonra ABŞ-də
yaşayan milliyyətcə erməni rok ifaçısı Serj Tankyan “Holokost qurbanlarının
nəvələri genosid qurbanlarının nəvələrinin qətlinə səbəb olurlar” məzmunlu
paylaşımı ilə Yerevandakılara pas verdi. Ən böyük arzularından biri İsrailin
rəsmən “erməni genosidi”ni tanıması olan erməni siyasi isteblişmenti okeanın o
tayından gələn siqnalı dərhal tutdu. Beləcə Qarabağda yaşanan “aclığ”ın
Holokostla eyniləşdirilməsinə start verildi.

Real siyasət bucağından baxdıqda, bu, ermənilərin son illərdə yol verdikləri
ən böyük səhvlərdən biri idi və nəticəsi özünü çox gözlətmədi. Bakılı ravvin
Zamir İsayev çirkin kampaniyaya qarşı haqq səslərini ucaltmaq və etirazlarını
ifadə etmək üçün dünya yəhudilərinə müraciət etdi. Əvvəl Odessanın yəhudi dini
icmasının rəhbəri Şlamo Bakşt belə müqayisəni Holokost qurbanlarının müqəddəs
ruhuna təhqir olaraq qiymətləndirdi. Ardınca Avropanın 50 ravvini Ermənistanın
baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçatryana göndərdikləri məktubda
“siyasi fikir ayrılıqlarında işlədilən jarqonlar”ın istifadəsi zamanı
Holokostdan yararlanma hallarına qəti etirazlarını bildirdilər. Bu fonda
“Jüdisches Europa” qəzetində işıq üzü görən bu ifadələr ibrətamizdir: “İrandan
asılı olan erməni liderlər BMT-də “aclıqla genosid”dən danışırlar, sosial
şəbəkələr isə səs-küylü restoranlar, dəbdəbəli toylar, qızardılmış ət və insan
boyunda tortların şəkilləri ilə doludur”.

Ermənilərin dar ayaqda əsrlər boyu nifrət etdikləri düşmənlərinin belə
qapısına kömək dalınca getmək kimi adətləri var. Ötən yüzilliyin əvvəlində
mövcud olmuş birinci Ermənistan respublikasının daşnak liderlərinin
bolşeviklərə qarşı Türkiyədən hərbi yardım yalvarışlarına dair yüzlərlə fakt
mövcuddur. Onların yəhudilərə münasibətdə bəslədikləri kin, paxıllıq və anormal
rəqabətin tarixi isə daha dərindir.

“Niyə?” sualının ən sadə və anlaşılan cavabı budur: ermənilər bineyi-qədimdən
özlərini əlahiddə xalq, “ilk xristian dövlət”in varisləri kimi təqdim edir və
səmavi dinlərin onlara deyil, yəhudilərə və ərəblərə göndərildiyinin dərin
depressiyasını yaşayırlar. Orta əsr erməni tarixçilərinin “erməni xalqının
yaranma tarixi və mənşəyi” barədə yazdıqlarına səthi baxışdan görmək olar ki,
uydurmaları müqəddəs kitablardakı səhnələrin primitiv erməniləşdirilməsidir.
Roma Papasından daha xristian obrazında təqdimatı sevən ermənilərin müqəddəs
Qüds şəhərinə iddialarına dair xeyli ciddi tarixi mənbə mövcuddur. Bu gün
ehtiyac olanda bu tarixi küdurəti “erməni soyqırımı” – Holokost müstəvisinə
daşımaq cəhdləri də həmin milli zəmindəki paxıllıqdan irəli gəlir.

Müasir antisemitizm hərəkatından danışarkən ən çox ultrasağ, ultrasol və
müsəlman ekstremist cərəyanlardan bəhs olunur. Ancaq nədənsə yəhudilərə
nifrətin ənənəvi mənbələrindən biri olan xristian antisemitizmi barədə az
danışılır. Məşhur tarixçi Robert Vistrix bu axını “ən uzunmüddətli nifrət” kimi
qiymətləndirir. Müasir zəmanəmizdə xristian antisemitizmin ən qatı və parlaq
təzahürü erməni kilsəsidir. Ekspertlərin fikrincə, katolik kilsəsində həyata
keçirilmiş miqyaslı islahatlardan sonra xristian antisemitizminin kökü
kəsilməsə də, gərginlik xeyli azalıb. Ancaq bu qənaətə özünü ən qədimlərdən
biri hesab edən erməni kilsəsi barədə gəlmək çətindir. 2018-ci ilə “Pew”
mərkəzinin apardığı araşdırmaların nəticələri göstərib ki, erməni
respondentlərin 32%-i yəhudilərlə bir ölkədə yaşamaq istəmirlər.
Antidiffamasiya liqasının “Global 100” araşdırmasına görə, ermənilərin
əksəriyyəti antisemit stereotiplərin “düzgün olduğu” qənaətindədirlər. Erməni
apostol kilsəsinin Ermənistana və sıravi ermənilərə təsiri və təzyiqi
ölçüyəgəlməzdir. Ermənistanda kilsə milli statusa malikdir. Baxmayaraq ki,
“Vicdan azadlığı və dini təşkilatlar haqqında” qanun dövlətlə kilsəni
bir-birindən ayırır. Şərqi pravoslav kilsələri, ələlxüsus erməni apostol
kilsəsinin dini ayinlərinin mətnlərində bu günün özündə də antisemit ifadə və
fikirlər qalmaqdadır.

Ermənilərin tarixlərini bir neçə min il “qocaltmaları” onların yəhudilərlə
ədavətlərini labüd edir, çünki ortaya adi rəqabət çıxır. Bu qədim mübahisənin
ilk olaraq din meydanında baş verməsi monopoliyanın erməni apostol kilsəsinin
nəzarətinə keçməsinin başlıca səbəbidir. Ancaq Ermənistanda kilsənin tək dini
deyil, həm də siyasi institut rolunda çıxış etməsi mübarizənin milli və
geosiyasi platformaya transformasiyasına şərait yaradıb. XIX əsrin sonlarından
etibarən, xüsusilə Osmanlı ərazisində baş qaldırmış separatizm fonunda bu
qarşıdurmaya daha bir təzahür əlavə olunub: erməni terrorizmi.

Osmanlı hüdudlarında yəhudilərin ermənilər tərəfindən qanlı terrora məruz
qalmalarına dair xeyli mənbə var. İmperiyada ermənilər ticarət və sənətkarlıqda
yəhudilərlə rəqabət apardıqlarından xristian aləmi tərəfindən mütəmadi istifadə
ediliblər. 1545-ci ildə Amasyada erməni uşağın “yoxa çıxması”nı yəhudilərin
üstünə atırlar (uşaq bir neçə gündən sonra tapılır). Bir neçə yəhudi edam
olunur, digərləri isə Amasya və Tokatı tərk edirlər, yerlərini ermənilər tutur.
Osmanlı məmuru və bank işçisi İehezkelem Qabbay xəzinə oğrusu və erməni
maliyyəçilərinin lideri Katsats Aretuna qarşı mübarizə aparır və nəticədə
1826-cı ildə göndərilmiş killerlər tərəfindən öldürülür. Bundan öncə, Osmanlı
sarayına sirayət etmiş ermənilər Qabayın sürgününə nail olurlar. Bizans
imperiyasında hakimiyyətə yaxın olan ermənilər yəhudilərə divan tutublar.

Məsələn, imperator İrakli (610-642) yəhudilərə evlərindən kənarda ibadəti
qadağan edib. I Vasiliy Makedoniyalı (866-886) dövründə ermənilərin səyləri
nəticəsində 1000-dək yəhudi icması dağıdılıb. III Lev (717-741) yəhudiləri
məcburən xristianlaşdırıb. Ərəb tarixçisi Məsudinin yazdığına görə, imperator
Armanusun dövründə yəhudilər Bizansı tərk edib Xəzər xaqanlığına pənah
aparıblar. Rusiya imperiyasında yəhudi qırğınları ən çox erməni kansler
Loris-Melikovun (1881) diktaturası dövrünə təsadüf edir. Təbrizdə 4 min
nəfərədək yəhudinin qətli ermənilərin aravuranlığı səbəbindən baş verib.

İsrailin Vaşinqtonda səfiri olmuş Leni Ben Davidin yazdığına görə, I Dünya
müharibəsi zamanı yalnız erməni qatilləri tərəfindən 10 min nəfərədək yəhudi
öldürülüb. Şərqi Anadoluda törədilmiş erməni vəhşilikləri nəticəsində minlərlə
yəhudi İstanbula qaçıb. Qubada daşnakların törətdikləri yəhudi qırğınları. II
Dünya müharibəsi illərində faşist Qaregin Njdenin rəhbərlik etdiyi dəstələrin
yəhudiləri qətl etmək üzrə ixtisaslaşmaları. Yaxın Şərqdəki terrorçu qruplarda
erməni təlimatçıların söz yiyəsi olmaları… 1972-ci ildə Münhen olimpiadasında
İsrail yığması üzvlərinin qətlini həyata keçirən terrorçuların arasında əvvəl
Fələstinin Azadlığı Xalq Cəbhəsinin sıralarında ad çıxarmış Akop Akopyan da
olub. 1980-ci ildə o, ASALA-nın başına keçib. Belə misallar yüzlərlədir. Odur
ki, maraqlıdır: yəhudiləri qətlə yetirənlərin nəvələri hansı üzlə özlərini
Holokost qurbanlarının nəvələri ilə müqayisə edirlər?

Source link