71433a18-bf89-46a5-af17-a53ff9d7a1af..jpg

Ermənilərin puluna, səsinə möhtac olanlar: Avroparlament və Fransanın qərəzi – ŞƏRH + FOTO

Baxış sayı: 612 dəfə baxılıb.

Ermənilərin puluna, səsinə möhtac olanlar: Avroparlament və Fransanın qərəzi –
ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Korrupsiya qalmaqalları ilə gündəmdə olan Avropa Parlamenti öz ampluasındadır.
İrqçi, islamofob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə ad
çıxaran qurumun ədalət tərəzisi yenə birtərəfli şəkildə əyilib. Beynəlxalq
prinsipləri arxa plana keçirən qurum lobbi maraqlarını önə çəkib. Rüşvətalma
faktları ilə imici onsuz da yerlə bir olan Avropa Parlamenti özünü daha da
hörmətsiz edib. Belə ki, onlar birtərəfli qaydada Ermənistanı, separatizmi
dəstəkləyib, Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqe tutublar.

Ərazi bütövlüyünü təmin edən, separatizmə son qoyan Azərbaycana qarşı təzyiq
və hücumlar səngimir. Avropa Parlamenti yanvarın 24-də növbəti dəfə bədnam,
qərəzli bir konfrans keçirmək təşəbbüsü ilə çıxış edib. Başqa sözlə, “Qarabağda
erməni mədəni və dini irsinin qorunması” adı altında şou keçiriləcəyi elan
olunub. Avropa Parlamentindən geri qalmayan Fransa Senatı isə yanvarın 17-də
Qarabağın erməni sakinlərinin geri qaytarılması və Azərbaycanın ittiham
edilməsini nəzərdə tutan qətnaməni müzakirəyə çıxaracaq. Qəbul ediləcək bədnam
“sənəd” Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərə tutur.

Avroparlamentarilərin həyasızlığı və erməni sevgisi o həddə çatıb ki,
Qarabağda dağıdılan, məhv edilən Azərbaycan abidələrindən bir kəlmə belə
danışılmır, əvəzində iddia edilir ki, “minillik tarixə malik erməni mədəni və
dini irsi məhv olmaq təhlükəsi altındadır”. Bu iddianı isə konfransın
təşkilatçısı, avroparlamentari Miriam Leksmann səsləndirib.

Bütün bunlar onu göstərir ki, Azərbaycana qarşı zaman-zaman qərəzli və ikili
mövqeyi ilə seçilən Avropa Parlamenti növbəti dəfə ənənəsinə sadiq qalıb.
M.Leksmann Avropada tüğyan edən islamofobiya, antisemitizm, miqrantların
hüquqlarının kütləvi və kobud surətdə pozulması və digər bu kimi köklü
problemləri bir kənara ataraq, guya Qarabağda “erməni abidələrinin məhv
edilməsini” iddia edib.

Birincisi, konfransın keçirilməsi özü qərəzli və ikili standartların
təcəssümüdür. Görəsən, bunun təşəbbüskarları ortaya hansı dağıdılan abidə,
yaxud bununla bağlı hesabat qoyacaqlar? Halbuki Qarabağda erməni separatizminə
son qoyulduqdan sonra bölgəyə gələn BMT kimi mötəbər bir qurumun missiyası heç
bir dağıntı, mənfi hal qeydə almayıb. Hətta Ermənistanın özü belə materialla
çıxış edə bilmədi. Konfransın təşəbbüskarları bölgəyə göndərilən BMT
missiyasının təqdim etdiyi məruzənin səsləndirilməsinə yəqin ki, yer
ayırmayacaqlar. Bölgədən könüllü getmiş erməni sakinlərin ərazidən zorla
köçürüldüyünün iddia edilməsi isə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi
daşıyır. Azərbaycanlılar Ermənistan və Qarabağdan qovulanda nədənsə bu mövzular
yada düşmürdü.

İkincisi, Ermənistan belə, Qarabağda hər hansı bir “etnik təmizləmə” və
sakinlərin zorla çıxarıldığını bəyan etmədiyi halda, Avropa Parlamenti, eləcə
də, Fransa Senatı müzakirə açmağa çalışır. İrəvan Qarabağın Azərbaycan torpağı
olduğunu təsdiq etdiyi halda, Qərb bu faktı israrla eşitmək, nəzərə almaq
istəmir. Qondarma və keçmiş “Artsax” kəlməsindən istifadə edir. Bu da deməyə
əsas verir ki, onu bölgədə sülh və əmin-amanlıq deyil, gərginlik, münaqişənin
yenidən alovlanması maraqlandırır.

Üçüncüsü, Avropa Parlamentinin separatizm sevgisi heç də ermənilərlə bağlı
deyil. Məsələ ondadır ki, iyunda Avropa Parlamentinə seçkilər keçiriləcək.
Deməli, onlara erməni lobbisinin maliyyəsi və səsi lazım olacaq. Konfransın
təşəbbüskarı Miriam Leksmana gəldikdə, bu xanım hər zaman anti-Azərbaycan,
anti-Türkiyə mövqeyi ilə seçilib. Slovakiyadan olan deputat dəfələrlə Avropa
Parlamentini Qarabağda erməni sakinlərə biganə yanaşmaqda ittiham edib,
Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi tələbi ilə çıxış edib. Qeyd
edək ki, Çin Xalq Respublikası Sinszyan-Uyğur muxtar vilayəti ilə bağlı Avropa
İttifaqının parlamentarilərinə, alim və siyasətçilərinə, dörd hüquqi şəxsinə
qarşı sanksiyalar tətbiq edib. Həmin bu xanım da onların sırasındadır. O, eyni
zamanda Gürcüstan hakimiyyətini də sərt tənqid etməsi ilə tanınır. Bu səbəbdən
də Tbilisidə dəfələrlə sərt tənqidlərlə üzləşib.

Bəllidir ki, Avropa Parlamentinin konfransı və Fransa Senatının toplantıları
anti-Azərbaycan, islamofob deputatların canfəşanlığı ilə baş tutur və onların
saxta məlumatlarına əsaslanır. Bu qüvvələr beynəlxalq səviyyədə tanınmış
Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın davam edən işğalının doğurduğu
ağrı-acıya, etnik təmizləməyə, Xocalı soyqırımına, 1 milyondan artıq qaçqın və
məcburi köçkünün taleyinə, şəhər və kəndlərin yerlə-yeksan edilməsinə, tarixi,
mədəni və dini irsin dağıdılmasına etinasızlıq göstəriblər.

Sözsüz ki, hər iki qərəzli tədbir yalnız erməniləri sakitləşdirmək, erməni
lobbisinin gözünə girmək üçün atılan addımdır. Bütün bunların Azərbaycana heç
bir təsiri olmayacaq.

Yekunda onu da bildirək ki, Azərbaycan Qarabağı işğaldan azad etməklə
bütövlükdə regionu sülhə yaxınlaşdırıb. Bakı və İrəvan arasında sülh
müqaviləsinin imzalanması üçün faktiki olaraq heç bir prinsipial maneə
qalmayıb. Amma görünən odur ki, Fransa və Avropa Parlamenti israrla buna qarşı
çıxır. Qəbul ediləcək hər hansı bir sənəd kağız parçasından artıq olmayacaq.
Sadəcə, özlərinin nüfuzuna xələl gətirəcək. Qərb və tərəfdarları anlamalıdırlar
ki, belə gülünc, əsassız addımlarla, heç bir önəm kəsb etməyən müzakirə və
qərarlarla Azərbaycanın iradəsinə, regiondakı proseslərə təsir edə
bilməyəcəklər.

“Report” İnformasiya Agentliyi

Source link