4f6803b7-32bf-4f6e-9754-97d871f5eb05..jpg

Ermənilərin xarabalığa çevirdiyi Cəbrayıl rayonu yenidən çiçəklənməyə başlayıb – REPORTAJ + FOTO

Baxış sayı: 588 dəfə baxılıb.

Ermənilərin xarabalığa çevirdiyi Cəbrayıl rayonu yenidən çiçəklənməyə başlayıb
– REPORTAJ + FOTO

İyirmi yeddi il erməni işğalı altında olmuş Cəbrayıl rayonundan geriyə yalnız
xarabalıqlar qalıb. 2020-ci ildə Azərbaycan Ordusunun əks-hücumu ilə başlayan
44 günlük Zəfər yürüşündə qazanılan parlaq Qələbədən sonra isə digər azad
edilən ərazilər kimi, Cəbrayıl rayonu da yeni inkişaf mərhələsinə qədəm qoyub.
Şəhərin Baş planına uyğun olaraq, tikinti-quruculuq işləri geniş vüsət alıb.

AZƏRTAC-ın Cəbrayıla ezam olunan müxbiri şəhərdə aparılan quruculuq işləri ilə
bağlı qeydlərini təqdim edir.

Yolumuz Cəbrayıladır – azad olunan ərazilərlə irəliləyirik, həm də Zəfər
yolundan istiqamət almışıq Füzulidən Cəbrayıla doğru. Erməni vandalizminə məruz
qalan bu yollar dağıdılmış halda idi. Cəmi üç il keçir o şanlı günlərdən,
Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etdiyi həmin
qəhrəmanlıq salnaməsini yazdığı anlardan. İndi Qarabağa və Şərqi Zəngəzura
uzanan yolların bir hissəsi qısa müddətdə inşa olunub, digər hissələrin
tikintisi işləri davam etdirilir. Biz də elə həmin yolla Qarabağdan Şərqi
Zəngəzura, Cəbrayıla doğru irəliləyirik. Bir yanda Azərbaycan dövlətinin qısa
müddət ərzində inşa etdiyi yolları, hava limanı, elektrik stansiyalarını və
digər tikililəri görürük, digər tərəfdə isə hər yerdə ermənilərin 27 il ərzində
dağıtdığı evləri, məhv etdiyi təbiəti. Elə bu mənzərələr arasından keçərək
Cəbrayıla çatırıq.

Hazırda Cəbrayılda tikinti-quruculuq işləri sürətlə aparılır. Şəhərin Baş
planına uyğun olaraq, Cəbrayıl rayonu yeni inkişaf mərhələsinə qədəm qoyub.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı” və “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı”na
əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yerləşən yaşayış
məntəqələri layihələndirilir, şəhərlərin Baş planları hazırlanır və təsdiq
edilir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
sifarişi əsasında Böyük Britaniyanın “Chapman Taylor” şirkəti ilə Bakı Dövlət
Layihə İnstitutu tərəfindən hazırlanmış Cəbrayıl şəhərinin Baş planı iyulun
25-də Nazirlər Kabinetinin 238 nömrəli Qərarı ilə təsdiq edildi. Yeni Baş plana
əsasən, ümumi ərazisi 625 hektar olacaq müasir Cəbrayıl şəhəri əvvəlki şəhəri
və yaxınlıqdakı beş kəndi əhatə edəcək. Layihədə Çaylaqçay ətrafında şimaldan
cənuba doğru uzanan şəhərin mərkəzi hissəsində təklif olunan “yaşıl zolaq” əsas
onurğa rolunu oynayacaq.

Qeyd etmək yerinə düşər ki, rayon ərazisində bir çox tarix-memarlıq
abidələrinin, o cümlədən Xudafərin körpüsünün yerləşməsi gələcəkdə şəhərin
özünəməxsus memarlıq görünüşünün yaradılmasında xüsusi rol oynayacaq. İlkin
mərhələdə təhlükəsizlik, infrastruktur məsələləri, sosial xidmətlərin
sahələrinin yaradılması, iqtisadiyyatın yenidən qurulması və inkişafı
məsələləri həllini tapmalıdır. Bu ərazilərdə bərpa və yenidənqurma
strategiyalarının əsas məqsədi dayanıqlı iqtisadi inkişafa nail olmaqdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İşğaldan azad olunmuş ərazilərdə
layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov Baş planla bağlı
bildirib:

“Cəbrayıl şəhərinin Baş planının konsepsiyasını üç əsas amil təşkil edir.
Bunlardan biri keyfiyyətli yaşayış məntəqələrinin qurulması, ikincisi dayanıqlı
yerli iqtisadiyyatın təmin olunması, üçüncüsü isə yaşıl infrastrukturun
yaradılması ilə təbiətin inteqrasiyası”.

Şəhərdə tikinti-quruculuq işlərinin dörd faza üzrə həyata keçirilməsinin
nəzərdə tutulduğunu deyən R.Cahangirov qeyd edib ki, artıq ilk mərhələ üzrə
işlər başlayıb. Hazırda şəhərdə 960 şagird yerlik tam orta məktəbin tikintisi
sürətlə davam edir. Həmçinin, yaşayış məhəlləsinin təməli qoyulub və tikinti
işləri gedir. Məhəllədə 33 binanın inşası nəzərdə tutulub. 2026-cı ilin
sonunadək 712 mənzilin təhvil verilməsi, həmin mənzillərdə təqribən 3 800
nəfərin məskunlaşdırılması planlaşdırılır. 2040-cı ilin sonuna qədər isə
Cəbrayıl şəhərində 15 min nəfərin yaşayacağı proqnozlaşdırılır. Cəbrayılın
inkişaf mərhələsi şəhərlə yanaşı, ətraf kəndləri də əhatə edir. Şəhərlə paralel
olaraq Horovlu, Şükürbəyli kəndlərinin, həmçinin Xudafərin qəsəbəsinin
şəhərsalma əsaslandırmaları təsdiqlənib və həmin ərazilərdə də inşaat işlərinə
başlanılıb. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta
mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası
nəzərdə tutulub. Əhalinin 82 faizinin az və orta mərtəbəli çoxmənzilli
binalarda, 18 faizinin isə fərdi evlərdə yaşaması planlaşdırılıb. Yaşayış
evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və
müasir memarlıq həlləri əsas götürülüb.

Baş planların hazırlanması zamanı məskunlaşma sisteminin formalaşdırılmasında
əhalinin məşğulluğunun davamlılığı da xüsusilə nəzərə alınıb. Şəhərin məşğulluq
imkanları rayon ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar və
zəngin təbii ehtiyatlar nəzərə alınmaqla proqnozlaşdırılıb. Beləliklə, şəhərin
iqtisadi inkişafında xidmət və sənaye sektorlarının böyük rol oynayacağı, kənd
təsərrüfatı sahəsinin isə digər yaşayış məntəqələrində daha çox inkişaf edəcəyi
göstərilib. Baş planda ictimai-işgüzar zona üçün 23 hektara yaxın ərazi
ayrılıb. Burada inzibati və ofis binaları, mərkəzi meydan, mədəniyyət,
ictimai-iaşə və turizm obyektləri yerləşdiriləcək.

Qeyd olunub ki, şəhərin Baş planı hazırlanarkən nəqliyyatın planlaşdırılması
zamanı insanyönümlü şəhər və təhlükəsiz hərəkət prinsipləri əsas götürülüb.
Burada yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın
üstünlük təşkil etdiyi formada layihələndirilib. Şəhərdaxili yol profillərində
təxminən 60 kilometr uzunluğunda piyada və velosiped yollarının salınması
nəzərdə tutulub. Cəbrayıl şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 45
kilometrdən çox olacaq.

Şəhər ərazisində öz doğma torpaqlarına qayıdacaq 1 880 cəbrayıllı şagirdin
təhsil alacağı müasir üç tam və orta təhsil müəssisəsi, 960 uşaq üçün nəzərdə
tutulan dörd məktəbəqədər təhsil müəssisəsi, mərkəzi rayon xəstəxanası,
poliklinika, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman komplekslərinin inşası
planlaşdırılıb.

Cəbrayıl şəhərinin coğrafi mövqeyi və relyefi də onun yaşıllıqlara qərq olmuş
məkan kimi planlaşdırılmasına imkan verib. Baş plana əsasən, yaşıllıqların
ümumi sahəsi 110 hektar təşkil edəcək. Bununla da şəhər ərazisinin 18 faizi
yaşıl zonalardan ibarət olacaq. Əhalinin əsas istirahət zonası olaraq Çaylaqçay
ətrafında salınması təklif edilən “yaşıl zolaq” mərkəzi park kimi müxtəlif
mədəni tədbirlərin keçirilməsi üçün əhalinin açıq məkanlara çıxışını təmin
edəcək.

Qeyd edək ki, Cəbrayıl şəhəri uzun illər ərzində erməni işğalçılar tərəfindən
urbisid və ekosidə məruz qalıb, əhalisi öz doğma yurdlarından didərgin salınıb,
əraziyə külli miqdarda maddi ziyan vurulub. Nəticədə mövcud infrastruktur,
yaşayış evləri tamamilə məhv edilib və şəhərin yenidən qurulmasına ehtiyac
yaranıb. Bütün bunlar nəzərə alınaraq, dağıdılmış şəhərin yerləşdiyi ərazinin
kompleks qiymətləndirilməsi və konseptual layihələndirilməsi işləri aparılıb.

Source link