cf127902-58e9-45c8-92a2-e29871432ee1..jpg

Ermənistan əbədi bədbəxtliyə doğru: Əliyev-Paşinyan görüşü olacaqmı? – TƏHLİL

Baxış sayı: 1. 078 dəfə baxılıb.

Ermənistan əbədi bədbəxtliyə doğru: Əliyev-Paşinyan görüşü olacaqmı? – TƏHLİL

Cənubi Qafqazın perspektiv xəritələrində Ermənistanın coğrafi cəhətdən dar bir
nöqtəyə yerləşdirilməsi gözlənilir. Hər halda, Ermənistan Qərbə yol alıb yüz
illərlə qidalandığı Rusiyadan qaçdıqca onun üzərindəki qara buludlar sıxlaşır.

Rusiya Ermənistanı cəza stulunda oturtmaq istəyən planın müəllifidir, lakin
əlində yüz illərdir saxladığı erməni kartını da yerə qoymaqdan çəkinmir.

Ya zəlzələdən, ya da vəlvələdən, Rusiya Ermənistanla bağlı işi “icraat”a
götürüb və İrəvanın Qərbə istiqamətlənən siyasətini əridib yox etmək üçün
məşqlər edir.

Rusiyanın həyəcan siqnalı ilə “döyüşə hazır vəziyyətə” gətirilməsini
Azərbaycan da diqqətlə izləyir.

Rusiyanın qurduğu oyunun bu hissəsində kadrlar bir qədər dəyişilir. Çünki
Azərbaycanın Ermənistan qarşısındakı tələb və şərtləri tarixi-siyasi kontekstlə
yanaşı, hərbi-siyasi və strateji məna yükünə malikdir.

Azərbaycanın şərtlər həcmi Ermənistan üçün böyük təzyiqlərdir. Azərbaycan
Ermənistanın bir daha işğal siyasətinə başlamaması üçün həmin təzyiq alətlərini
işə salmaqda haqlıdır, çünki ortaya revanşizmə qarşı öldürücü və layiqli
cavablar çıxmasa, İrəvan yenidən köhnə düşüncələrə dalaraq qisasa hazırlaşar.

Qərbə gəlincə, o, bəzi sürüşkənlikləri çıxmaq şərtilə Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşma mərhələsinə öz töhfəsini əsirgəmir. Ancaq Qərb,
Cənubi Qafqaz səhnəsində Rusiya ilə bərabər baş rol almaq üçün çox məsafə qət
etməlidir.

Qərbin hərbi-siyasi gücü olan NATO hələ istədiyi nöqtəyə çatana qədər
Türkiyənin gücündən istifadə edir.

Burada rollar qarışır, Türkiyə NATO üzvü kimi Cənubi Qafqazda əsas aktora
çevrilir, ancaq maraqlıdır ki, bu meylini Rusiya ilə birgə əməkdaşlıqla inkişaf
etdirir.

Azərbaycan isə bütün tərəflərə – həm Rusiyaya, həm NATO-ya, həm Çinə sərfəli
bir dövlətdir və bunun dozasını artırmaq üçün strateji gedişlərini
şaxələndirir. Cənubi Qafqaz teatrının digər dövləti Gürcüstan da aşağı-yuxarı
seçimini edib və üstəgəl hökumət Rusiya ilə gərginləşən münasibətlərdə maraqlı
deyil.

Ortada qalan Ermənistandır, bütün bunlar Ermənistan üçün pis xəbərlərdir.
Artıq nə erməni diasporu, nə də Ermənistana havadar olanlar bu reallıqları
köklü dəyişikliyə məruz qoya bilirlər, çünki bombanın fitili artıq alışıb.

Ermənistan diplomatiyası son bir ildə Azərbaycanla sülh sazişinin
imzalanmasını yubada bilib, belə gecikmələr region üzərindəki manipulyasiyaları
və təhlükəsizlik mühitinin zədələnməsi ehtimallarını artırır.

Ermənistanın qlobal oyunçuların regiondakı çəkişməsindən sui-istifadə edib
sülh prosesini tormozlamaq istəkləri onun bədbəxtliyini gətirir.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə
gözlənilən mümkün görüşə həmin bədbəxtlik gətirəcək tezislərlə getmək
məcburiyyəti ilə qarşı-qarşıyadır.

Azərbaycan Ordusu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə
yeni nöqtələrə nəzarəti bərpa etdikdən sonra İrəvanın, onsuz da, az olan
manipulyasiya imkanları tamamilə yoxa çıxır. Çünki bunun bir ucu sərhəddəki
müəyyən əməliyyatlara gedib çıxır, ən azından, Laçın yolunun son nöqtəsində
nəzarət postunun qoyulması halını misal çəkə bilərik.

Hələlik Azərbaycan rəsmi şəkildə Qarabağdakı son hərbi hərəkətliliyin tərifini
göstərən termin işlətməyib. Əldə edilən yeni qazanclar antiterror
əməliyyatlarının nəticəsidirmi? Zamanla detallar və nəticələr açıqlanar, lakin
bilinən budur ki, Azərbaycan məqsədləri naminə istənilən addımı atmaqda
inadkardır.

Bu inadkarlıq Rusiya ilə Azərbaycan arasında da gərginlik yaradır, hərçənd ki,
bunun sönməyən alov kimi qalacağı real görünmür.

Ermənistan özünü Rusiyanın təşəbbüsü ilə keçiriləcək görüşlərdən uzaq tutmağa
çalışır, Bakı üçün bunun o qədər də əhəmiyyəti yoxdur, təki Brüssel formatı
fayda versin.

Lakin Ermənistanın Moskva mərkəzli danışıqlardan yayınması Azərbaycan, Rusiya
və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatların icrasında
İrəvanın üzərinə düşən məsuliyyəti sual altına qoyur. Belə bir tərz
Azərbaycanla Rusiya üçün müştərək maraqlar formalaşdırır.

Maraqlı budur ki, Ermənistan Brüssel platformasından da qaçır, məqsəd
Azərbaycanın şərtlərini qəbul etməmək üçün presedent formalaşdırmaq və əlavə
vaxt qazanmaqdır.

Ancaq müzakirələrin növbəti mərhələsinin təşkili gec-tez baş tutacaq, çünki
hələ də sülhə olan ümidlər tamamilə ərşə çəkilməyib. Amma bir sual aktualdır:
bu görüş Qarabağ və sərhəddə hansısa hərbi toqquşmadan sonra olacaq, yoxsa
əvvəl?

İstənilən halda, düşünmək olar ki, Azərbaycan və Ermənistan liderlərinin
ehtimal edilən görüşünün astanasında Bakı fərqli nəticələr üçün də çalışa bilər.

Bundan sonra danışıqların növbəti raundunun keçirilməsi daha çox Ermənistanın
sərgilədiyi mövqedən asılı olaraq qalacaq.

Aqşin Kərimov

Source link