Ermənistan Azərbaycanın tarixi Zəfərindən dərs çıxarmağı bacarmalıdır –
“Kaspi”nin TƏHLİLİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xalqımızın qeyd etdiyi Zəfər tək Azərbaycanın ərazi bütövlüyünün bərpası
deyil, bütövlükdə bölgənin üzərində asılan “Domokl qılıncı”nın
neytrallaşdırılması simvoludur. Qarabağ zəfəri həm də Türk dünyasının
bütünləşməsi istiqamətində əhəmiyyətli təkandır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Türk Dövlətləri Təşkilatının
10-cu Zirvə görüşündə belə bir fikir işlədib: “Dünyada uzun illərdir sistemli
böhran yaşanır. Bu böhran qarşısında biz türk dövlətləri özündə siyasi, hərbi
və iqtisadi sferaları birləşdirən qüvvələr ittifaqı yaratmaq istəyirdik. Türk
dövlətləri arasındakı bu həmrəylik və birlik ruhu bütün sahələrdə inkişaf
etməyə başlayıb. Türk dövlətləri arasında artıq siyasi birlik var. Qarabağ bu
birliyin bütün dünyaya sübutu oldu”.
Həqiqətən də Azərbaycanın Qarabağ zəfəri Türk dünyasının bütünləşməsi
istiqamətində əhəmiyyətli təkandır. Bu qələbədən sonra sovetlərin çöküşü ilə
aktuallaşan həmrəylik nəzəri çərçivələri aşıb praktiki sima almağa başlayıb.
Türkiyə liderinin bu sözləri Azərbaycanın 2020-ci ilin Vətən müharibəsindəki
qələbəsinin sadəcə iki dövlət arasındakı savaşın nəticəsi hüdudlarından
dəfələrlə miqyaslı və tarixi əhəmiyyətli hadisə olduğunun təcəssümüdür.
Xalqımızın qeyd etdiyi Zəfər tək Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil,
bütövlükdə bölgənin üzərində asılan “Domokl qılıncı”nın neytrallaşdırılması
simvoludur.
“Kaspi”
qəzeti mövzu ilə bağlı məqalə hazırlayıb.
Yeni təhlükəsizlik düzəni
Son 30 ildə Cənubi Qafqazdakı status-kvonu xarici təsirlərin vəhdəti və
mübarizəsi kimi qiymətləndirmək olardı. Bölgədə həm regional, həm də uzaqdan
idarə olunan güclərin toqquşan maraqları və bu maraqlardan doğan
tarazlaşdırılmış sabitlik hökm sürürdü. Belə bir vəziyyət region
təmsilçilərindən başqa sanki hamıya sərf edirdi. Rusiya Ermənistan vasitəsilə
Cənubi Qafqazın hökmran geosiyasi oyunçusu idi, İran regiona yad və düşmən
ünsürlərin daxil olmasını istəmədiyindən status-kvo ilə qənaətlənirdi, Qərb isə
yaranmış sabitlikdən özünün enerji maraqları naminə komfortlu istifadə
şəraitindən məmnun idi.
Güc mərkəzlərindən fərqli olaraq, Azərbaycan və Gürcüstanın əraziləri işğalın,
Ermənistanda isə məhdud hakim klan istisna olmaqla, sıravi xalq tənəzzülün
əsirliyində idi. Azərbaycanın qələbəsi dolayı yolla orta statistik erməninin
maraqlarına cavab verir. Real rejimdə sülhün təmin olunması və müharibənin
mənəvi-psixoloji yükündən azad olma, perspektivdə isə yeni geosiyasi mənzərənin
yol açacağı iqtisadi kooperasiyanın dividendlərindən yararlanma mümkünlüyü.
Təbii ki, Ermənistan hökumətinin praqmatikliyi və ağıllı davranışı şərti ilə.
Yeni təhlükəsizlik arxitekturası bölgə təmsilçilərinə xarici təsirlərin
manipulyasiyasından qurtulmaq üçün sanballı şansdır. Ermənistanın məğlub
olmasına baxmayaraq, seçicilərin Nikol Paşinyan hökumətinə elektoral dəstəyi bu
şansın sadə xalq tərəfindən dərk edildiyinin göstəricisdir. Ermənistanda
anti-Rusiya təzahürlərinin getdikcə radikallaşması ermənilərin geosiyasi
istiqamətlərini dəyişmələrindən daha çox, son 30 ilə qarşı etdikləri qiyamdır.
Azərbaycan torpaq itirmişdisə, Ermənistan gələcəkdən məhrum olub. Biz
torpaqları 44 gün, 23 saat 50 dəqiqəyə qaytardıq, ancaq ermənilər əldən
verdikləri gələcəyə belə tezliklə qovuşa bilməyəcəklər.
Separatizmin süqutu
II Qarabağ müharibəsinin nəticələri və sonrakı üç il Azərbaycan ərazisində kök
salmış aqressiv separatizmin məğlub edilməsi ilə yanaşı, Qafqazın cənubundakı
siyasi, iqtisadi və ən əsası insani münasibətləri əsir götürmüş buzların
əriməsi dövrüdür. Azərbaycanda Qarabağın, Gürcüstanda isə Abxaziya və Cənubi
Osetiyanın işğalı ilə formalaşmış 30 illik düzən bərqərar olmuş qüvvələr
düzümünə söykənən de-fakto təhlükəsizlik modelinə əsaslanırdı. Bu illər
göstərdi ki, mövcud “sabitlik” onun memarları və icraçıları ilə yanaşı, sanki
bütün dünyaya sərf edirdi. Azərbaycanın Qarabağ zəfəri isə daha dayanıqlı və
ədalətli yeni reallığın yaranmasına səbəb oldu. Bu gerçəkliyin ən vacib dayağı
tək de-fakto deyil, həm də de-yure statusa malik olmasıdır. BMT TŞ-nin 27 il
icrasız qalmış 4 qətnaməsini həyata keçirməklə Azərbaycan həm beynəlxalq
hüququn təsir dairəsinin bərpasına nail oldu, həm də faktiki olaraq postsovet
məkanında mövcud olan oxşar münaqişələr üçün presedent rolunda çıxış etdi.
Şübhə yoxdur ki, Azərbaycanın qələbəsi bu konfliktlərin həllində baza modeli
olacaq. Bu tarixi gün keçmiş SSRİ məkanında separatizm paradının sonunun
başlanğıcına işarədir.
Regional rifah
Cənubi Qafqaz kimi kiçik bölgədə bir dövlətin xaricdən qidalanan aqressivliklə
digərlərini təhdid etməsi şəraitində ayrıca götürülmüş bir ölkənin iqtisadi
yüksəlişi sabitlik və təhlükəsizlik baxımından təminat tələb edir. Ərazilərinin
itkisinə baxmayaraq, sürətli iqtisadi inkişafa nail olmuş Azərbaycan üçün
erməni separatizmi və militarist ritorikalı yeni bəyanatlar uzunmüddətli
rifahın təminatı yolunda ciddi maneələrə səbəb olurdu. Eyni təhlükəni qonşu
Gürcüstan da hiss edirdi, erməni radikallarının Cavaxetiya bölgəsinə iddiaları
getdikcə daha da aşkar görüntü alırdı. Azərbaycanla Gürcüstanın müştərək
şəkildə həyata keçirdikləri transmilli iqtisadi layihələr onların Ermənistandan
sürətlə aralanmasına səbəb olsa da, “Ac qonşu hər an təhlükə mənbəyidir”
prinsipini heç kim təxirə salmamışdı. Azərbaycanın zəfəri Qafqazda elə bir
iqtisadi kooperasiya imkanı yaradıb ki, savadlı yararlanma təqdirində həm də
tənəzzüldə olan Ermənistan üçün yeni üfüqlər açılır. Zəfərimiz həm də daha
geniş anlamda bölgə üçün xarici təhdidlərdən qurtulmanı təmin edə bilər.
İqtisadiyyat siyasi və tarixi ədavəti unutdura biləcək ən güclü faktordur. Bu
gün Azərbaycan “orta güc” olaraq bütün bölgə üçün siyasi və iqtisadi lokomotiv
qismində çıxış edir. Təbii ehtiyatları, logistik imkanları, sənaye potensialı
ilə bir, aşkar demoqrafik üstünlüyü, intellektual potensialı və daxili
həmrəyliyi ilə digər tərəfdən. Biz bunu Gürcüstanla 20 ildən çox tarixi olan
əməkdaşlıqla sübuta yetirmişik. Ermənistanın dirçəlişinin yeganə yolu
Azərbaycanla sülh şəraitində yaşamaqdır. Əks halda, nə hakimiyyətlərin
dəyişməsi, nə islahatlar erməni xalqını tarix boyu izləyən mənəvi-siyasi
bataqlıdan qurtara bilməz. Müdriklər səhv etmirlər, ağıllılar digərlərinin
səhvlərindən nəticə çıxarmağı bacarırlar, axmaqlar isə öz səhvlərini daim
təkrarlayırlar. Ermənistan Azərbaycanın tarixi Zəfərindən dərs çıxarmağı
bacarmalıdır.