705db568-a74b-4d1d-ab1a-64ca4ac54bf8.jpg

Ermənistan Bərdədə törətdiyi terroru araşdırmaqla sülhə töhfə verə bilər

Baxış sayı: 174 dəfə baxılıb.

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan beynəlxalq hüquqa
hörmətsizliyini ən bariz formada nümayiş etdirdi. Belə ki, müxtəlif vaxtlarda
mülki obyektlərin, yaşayış məntəqələrinin atəşə tutulması beynəlxalq hüquq
normalarının aşkar şəkildə pozulmasıdır.

Oktyabrın 27-də Ermənistanın Bərdəyə hücumundan dörd il keçdi. Azərbaycan
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bununla bağlı özünün “X” səhifəsində
paylaşım edərək, Ermənistana məsuliyyətini xatırlatdı:

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf
kəndlərinin kaset sursatları ilə yüklənmiş “Smerç” raketləri ilə bombardman
edilməsindən dörd il ötür. Bunun nəticəsində təxminən 30 günahsız mülki şəxs
həlak olub, 100-dən çox insan ağır yaralanıb. Ermənistan Respublikası, BCM üzvü
kimi Azərbaycanın günahsız mülki əhalisinə qarşı bu və digər ağır cinayətləri
törətmiş bütün hərbi cinayətkarları ədalət məhkəməsinə vermək öhdəliyi və
hüquqi məsuliyyət daşıyır”, – o qeyd edib.

Xatırladaq ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı
birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və
ticarət obyektlərinin kompakt yerləşdiyi ərazisinə hər birinin içərisində 72
ədəd 9N235, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki
təyinatlı, 9M525 qəlpəli, böyük dağıdıcı qüvvəyə malik ballistik “claster”
tipli iki raket zərbəsinin endirilməsi nəticəsində beşi qadın olmaqla, 21 nəfər
həlak olub, səkkizi uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli
bədən xəsarətləri alıb.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur
obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evinə və 22
nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat
tərəfindən qəsdən adamöldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi
təhlükəli üsulla qəsdən adamöldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya
düşmənçilik niyyəti ilə qəsdən adamöldürmə), 100.2 (təcavüzkar müharibəni
aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın
aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü
nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki
vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288
nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı
aşkar edilib.

Artıq Cənubi Qafqazda yeni reallıq yaranıb. Bu reallıq bölgədə sülhün təmin
olunmasını, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşmasını şərtləndirir.

Bu gün Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üçün tarixi şərait
yaranıb. Tərəflər heç vaxt sülhə bu qədər yaxın olmayıblar və bunu hər iki
tərəf etiraf edir. İndi əsas məsələ qarşılıqlı etimad mühitinin yaradılmasıdır.
Bu baxımdan, rəsmi İrəvanın kifayət qədər şansı var. Məsələn, Bərdə terrorunun
araşdırılması buna nümunədir.

Məlum olduğu kimi, BCM beynəlxalq cinayətlər, insanlığa qarşı cinayətlər,
soyqırımları, müharibə cinayətləri və təcavüzkarlıq cinayətlərinə görə şəxsləri
təqib etmək səlahiyyətinə malikdir. Bu baxımdan, Ermənistan hakimiyyətinin
Bərdə terrorunu araşdırması və cinayətkarların məsuliyyətə cəlbini tələb etməsi
vacibdir. Beləliklə, Ermənistan həm də beynəlxalq hüquqa əməl etdiyini
göstərmiş olar.

Bərdə terrorunun arxasında Qarabağdakı keçmiş separatçılar, onların rəhbəri
Arayik Arutyunyan, eləcə də buna razılıq verən Ermənistan hərbi-siyasi
rəhbərliyi dayanır. Hökumətin başçısı Nikol Paşinyan isə bunu bilə-bilə
Azərbaycanda saxlanılan separatçıları hərbi əsir kimi qələmə verir, onların
qaytarılmasını tələb edir. Ermənistanın hökumət başçısı zaman-zaman bu və ya
digər formada bu məsələyə işarə vurub. Beləliklə, o, bir növ beynəlxalq
ictimaiyyət qarşısında xal qazanmağa çalışır.

Aydın məsələdir ki, keçmiş xunta rejiminin bütün nümayəndələri hərbi
cinayətkardır və müvafiq formada cəzalanmalıdırlar. Bununla bağlı beynəlxalq
hüquqda konkret maddələr, tələblər var.

Maraqlısı budur ki, Ermənistan hakimiyyəti terrorçuların qaytarılmasını tələb
etməklə bu və ya digər formada Bərdə terroruna şərik olur. Beləliklə,
qarşılıqlı etimad mühitinin yaranması və sülh sazişinin imzalanması sual altına
düşür.

İki mümkün versiya var. Əgər Bərdə terrorunu separatçı xunta rejimi Ermənistan
hakimiyyətinin xəbəri və əmri olmadan törədibsə, onda baş nazir Nikol Paşinyan
separatçıları müdafiə etməməli və onların müvafiq qaydada cəzalanmalarını tələb
etməlidir. Yox, əgər Ermənistan hakimiyyətinin bu əməldən xəbəri var idisə,
onda Azərbaycandan üzr istənilməlidir.

Bu ikisindən biri olmadıqca rəsmi İrəvanın səmimiliyi sual altında qalacaq.

Bundan başqa, Ermənistan Azərbaycana dəymiş maddi və mənəvi ziyana görə
təzminat ödəməlidir. Rəsmi Bakı hər an bu məsələni gündəmə gətirə bilər.

Beləliklə, Ermənistanın destruktiv mövqe sərgiləməsi, hansısa şərtlərlə çıxış
etməsi üçün şansı yoxdur. Belə davam edərsə, Azərbaycan daha konkret tələblər
ortaya qoya bilər. Nəticədə Ermənistan üçün daha çətin durum yarana bilər.

“Report” İnformasiya Agentliyi

Source link