Baku TV-də “COP-BAKU” media layihəsinin növbəti buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda Laçının Zabux kəndində “yaşıl enerji”nin önəmindən və
“Zabux” Kiçik Su Elektrik Stansiyasından bəhs olunub.
Gücü 2,8 meqavat olan “Zabux” KSES Həkəri çayının sağ qolu olan Zabux çayının
üzərində tikilib. Burada istehsal edilən elektrik enerjisi Zabuxla yanaşı,
Laçın rayonunun digər ərazilərini də işıqla təmin edir. Artıq qalan enerji isə
ölkənin ümumi enerji sisteminə ötürülür.
Bütün suyu Azərbaycan ərazisində formalaşan Zabux çayı bolsulu və iti axan dağ
çayıdır. Bu isə hətta azsulu mövsümlərdə də stansiyanın lazımi elektrik
istehsalını icra etməyə mane olmur.
Onu da qeyd edək ki, təkcə Zabux yox, azad olunan bütün ərazilərin işığı
“yaşıl enerji” hesabına ödənəcək. Çünki Şərqi Zəngəzur və Qarabağ iqtisadi
rayonları ölkənin enerji xəritəsində “yaşıl enerji” zonalarıdır.
“AzərEnerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev
bildirib ki, bu günə qədər 32 yerdə su elektrik stansiyaları tikilib və yenidən
qurulub:
“Sözügedən su elektrik stansiyalarının ümumi gücü 270 meqavatdır. Hazırda
Kəlbəcər, Laçın, Ağdərə və daha 6 yerdə su elektrik stansiyalarının tikintisinə
başlanılıb. Qarabağ və Şərqi Zəngəzur ərazisi Azərbaycanın ən bolsulu
ərazisidir. Demək olar ki, Azərbaycan suyunun 20-25 faizi burada formalaşır. Ən
əsası da bu çaylar ölkəmizin ərazisində formalaşır. Yəni Araz, Kür çayları kimi
başqa ölkələrin ərazisindən daxil olmur. Həmçinin burada 39 yerdə su elektrik
stansiyalarının tikilməsi mümkündür”.
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Ermənistanın Azərbaycanda keçiriləcək
COP29-da iştirak edib etməyəcəyi barədə danışarkən qeyd edib ki, Azərbaycan
prosesin əvvəlində bunun ən inklüziv COP-lardan olacağını elan edib:
“Yəni heç bir ölkəyə və ya təşkilata istisna edilməyəcək. Belə də oldu.
Dəvətlər bütün ölkələrə göndərildi. Ancaq indiyə qədər Ermənistan tərəfindən
hər hansı rəsmi reaksiya gəlməyib”.
KSES-lərin ekologiyaya töhfəsi
Ermənistan COP29-da iştirak edəcək? – Laçındakı KSES-lərin ekologiyaya töhfəsi