961ae407-fa28-4c53-abc4-7cbed865ebc6..jpg

Ermənistan “məftil”lərdən qaçaraq Rusiyaya yardım edir – ŞƏRH

Baxış sayı: 701 dəfə baxılıb.

Ermənistan “məftil”lərdən qaçaraq Rusiyaya yardım edir – ŞƏRH

Rusiya ilə Ermənistan arasında siyasi gərginlik olsa da, İrəvan Qərbin rəsmi
Moskvaya qarşı tətbiq etdiyi sanksiyalardan yayınır.

Yəqin ki, bunun qarşılığında Rusiyadan nələrsə umur və ya Moskvanın daha
amansız diktələrindən sığortalanmaq üçün özünü ona səhnə arxasında xoş göstərir.

Ancaq beynəlxalq ticarət trafikləri izlənilir və müəyyən nəticəyə gəlinir.
Nəticənin bir hissəsini ABŞ Ermənistana xəbərdarlıq edərək açıb.

ABŞ maliyyə nazirinin birinci müavini Adevale Adeyemo Ermənistanın baş
nazirinin müavini Mqer Qriqoryanla görüşündə diqqəti Vaşinqtonun anti-Rusiya
sanksiyalarından yayınmanın qarşısını almaq üçün gördüyü tədbirlərə yönəldib.

Adeyemo həmçinin ABŞ-nin Rusiyaya qarşı sanksiyalarının və ixrac nəzarətindən
yayınmasının qarşısını almaq üçün Birləşmiş Ştatların qlobal səylərini
vurğulayıb.

Ümumiyyətlə, hər hansı ölkəyə sanksiyalar tətbiq ediləndə onların effektivliyi
məsələsi ortaya çıxır. Qərbin boşluqlarından biri Rusiyanın patronajlığı
altında olan Avrasiya İqtisadi İttifaqıdır. Qərb bu Birliyə üzv olan
dövlətlərin sanksiyalara qoşulmaq üçün münasibətini formalaşdıra bilmir.

Aİİ-yə üzvlük o deməkdir ki, bu dövlətlərin (Qazaxıstan, Belarus, Qırğızıstan,
Ermənistan) Rusiyaya ixracına heç bir maneə yoxdur.

Ancaq bu məsələdə Ermənistan kimi ikili oynayan yoxdur: bir tərəfdən, Qərbə
meyillənən oriyentasiyasını göstərir, Rusiyaya diş qıcayır, başqa yandan isə
Kremli ayaqda tutmaq üçün dəridən-qabıqdan çıxır.

Ermənistanın uzunmüddətli iqtisadi, eləcə də hərbi baxımdan Rusiyadan
asılılığı ilk baxışdan onun Rusiya üçün iqtisadi dividendlər təqdim edəcəyinə
inam verir.

Sanksiyalardan yayınma mexanizminin digər aləti İrandır. Bir sözlə, Ermənistan
həm İranın çirkli pullarının yuyulması, həm də Rusiyanın baqajını dolduran
əməliyyatların iştirakçısıdır.

Deməli, Ermənistanın mövqeyi təkcə İranın deyil, daha dərindən Rusiyanın
maraqları naminə genişlənir.

Ermənistanın addımları Rusiya-Ukrayna müharibəsində aşağıprofilli neytrallıq
nümayiş etdirmədiyinin göstəricisidir.

Bu artıq sirr deyil, məsələn, bundan əvvəl Rusiyanın Baş naziri Mixal Mişustin
demişdi:

“Biz erməni tərəfdaşlarımızla birlikdə Rusiya Federasiyasına tətbiq olunan
qeyri-qanuni sanksiyalar qarşısında əməkdaşlığımızı qorumaq üçün operativ
qərarlar qəbul edirik”.

Ermənistan Statistika Komitəsinin məlumatlarına əsasən, ölkənin ixrac və idxal
potensialında Rusiya əsas yerdə dayanır.

İki ölkə arasında 2022-ci ilin yanvar-avqust aylarında ticarət dövriyyəsi 2,6
milyard dolları ötüb.

Bu iqtisadi artım həm də Rusiyadan çıxan vətəndaşların bir qisminin
Ermənistanda məskən salması ilə əlaqədardır. Onların içərisində iqtisadi-ticari
fəaliyyətlə məşğul olanlar da var və Ermənistanın Rusiyaya yardım
kampaniyasının üsullarını formalaşdırırlar.

Ən son rəqəmlərə əsasən, Rusiyadan Ermənistana köç nəticəsində Ermənistanda
300 iri şirkət və 2 500-ə yaxın kiçik müəssisə qeydiyyatdan keçib.

Digər yandan, Ermənistan başqa ölkələrdən aldığı malların da Rusiyaya
daşınmasında maraqlıdır.

2022-ci ildə Vyetnamdan, Meksikadan, Yaponiyadan, Hindistandan və sair
ölkələrdən Ermənistana gələn malların bir qismini İrəvan Rusiyaya ixrac edib.

Aqşin Kərimov

Source link